AZ1066, İstiqlaliyyət küçəsi 19, Bakı, Azərbaycan

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası və Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq ölkəmiz bir sıra nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üçün Antikorrupsiya Şəbəkəsi ilə səmərəli əməkdaşlığını uğurla davam etdirir.

 

Fevralın 20-də Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Şərqi Avropa və Mərkəzi Asiya üçün Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planının IV Monitorinq Raundu çərçivəsində ölkəmiz üzrə qəbul edilmiş hesabat təqdim edilmişdir. Təqdimatda OECD-nin rəsmiləri xanım Tatyana Xvanska və xanım Rusudan Mikelidze, eləcə də Azərbaycan Respublikasının dövlət orqanlarının, qeyri-hökümət təşkilatlarının və kütləvi-informasiya vasitələrin nümayəndələri iştirak etmişdir.

 

OECD-nin Şərqi Avropa və Mərkəzi Asiya üçün Antikorrupsiya Şəbəkəsinin Azərbaycan Respublikası üzrə milli koordinatoru - Azərbaycan Respublikası Baş prokurorunun müavini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev tədbiri giriş sözü ilə açaraq bildirmişdir ki, ölkəmizdə korrupsiyaya qarşı mübarizə dövlət siyasətinin prioritet istiqamətlərindən biridir və bu məqsədlə Azərbaycan Respublikası 2003-cü ildən OECD ilə təşkilatın Şərqi Avropa və Mərkəzi Asiya üçün Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planı çərçivəsində əməkdaşlıq edir. Bildirilmişdir ki, İstanbul Fəaliyyət Planı Şəbəkəyə üzv ölkələrdə mərhələli şəkildə antikorrupsiya islahatlarının həyata keçirilməsini və nəticələrinin qiymətləndirilməsini nəzərdə tutur və indiyədək respublikamız üç monitorinq mərhələsini uğurla tamamlayaraq uyğunluq hesabatı əldə etmişdir. Bununla yanaşı, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları indiyədək qeyd edilən təşkilatın xətti ilə dörd ölkənin dəyərləndirmə mərhələlərində ekspert qismində çıxış etmiş, daha iki ölkə üzrə isə dəyərləndirmələrdə əməkdaşların ekspert qismində iştirakı nəzərdə tutulur.

 

Vurğulanmışdır ki, ötən ilin iyun ayında OECD-nin geniş tərkibli ekspert qrupunun ölkəmizə səfəri baş tutmuş, səfər çərçivəsində bir sıra dövlət qurumlarının, eləcə də vətəndaş cəmiyyəti institutlarının nümayəndələri ilə görüşlər və müzakirələr aparılmış, nəticədə Azərbaycan Respublikası üzrə müvafiq hesabat hazırlanaraq ötən ilin sentyabrında Parisdə keçirilmiş müzakirələr nəticəsində qəbul edilmişdir. Həmçinin bildirilmişdir ki, əvvəlki mərhələlərdə ölkəmiz üzrə tövsiyələrin böyük əksəriyyətinin uğurla icra edilməsi nəticəsində Azərbaycan Respublikası Gürcüstanla yanaşı III Monitorinq Raundunu uğurla tamamlayaraq IV Monitorinq mərhələsinə ilk keçən iki ölkədən biri olmuş və hazırkı hesabatda korrupsiyaya qarşı qabaqlayıcı tədbirlərin həyata keçirilməsində “ASAN” xidmət mərkəzlərinin mühüm rol oynaması və ixtisaslaşmış cinayət təqibi orqanı kimi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyəti geniş işıqlandırılaraq hər iki qurum region ölkələri üçün nümunəvi model kimi təqdim edilmişdir.

 

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasının katibi Kamal Cəfərov çıxış edərək bildirmişdir ki, ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən geniş miqyaslı islahatlar, beynəlxalq standartlara cavab verən institusional və qanunvericilik tədbirləri, o cümlədən vətəndaş cəmiyyəti institutları ilə səmərəli əməkdaşlıq, eləcə də aparılan maarifləndirmə tədbirləri hazırkı hesabatda öz əksini tapmışdır.

 

Tədbirdə OECD-nin rəsmiləri xanım Tatyana Xvanska və xanım Rusudan Mikelidze çıxış edərək hesabatı təqdim etmişlər. Azərbaycan Respublikası ilə səmərəli əməkdaşlıqdan məmnunluqlarını ifadə edən qonaqlar həyata keçirilən geniş miqyaslı və sistemli hüquqi, institusional və inzibati islahatlar nəticəsində Azərbaycan Respublikasında beynəlxalq standartlara cavab verən antikorrupsiya qanunvericiliyinin formalaşdırılması, korrupsiyanın qarşısının alınması və bu sahədə cinayət təqibinin həyata keçirilməsi, eləcə də dövlət qulluğunda və məhkəmə hakimiyyəti sistemində şəffaflığın artması, informasiya əldə edilməsi, təhsil, gömrük və sahibkarlıq fəaliyyətinin tənzimlənməsi sahələrində əhəmiyyətli uğurlar əldə edilməsini müsbət iş təcrübəsi kimi xüsusi vurğulamışlar.

 

Bildirilmişdir ki, hazırkı IV Monitorinq Raundu üzrə hesabatda antikorrupsiya siyasəti, korrupsiyanın qarşısının alınmasına yönəlmiş qabaqlayıcı tədbirlər və korrupsiyaya görə cinayət məsuliyyəti, dövlət qulluğunda şəffaflıq, biznesdə dürüstlük istiqamətlərində ölkəmizdə həyata keçirilən islahatların möhkəmləndirilməsi və əməkdaşlığın gücləndirilməsinə istiqamətlənmiş 31 yeni tövsiyə, o cümlədən təhsil sahəsində 11 yeni tövsiyə öz əksini tapmışdır. Həmin tövsiyələrin əksəriyyəti Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illəri əhatə edən növbəti Milli Fəaliyyət Planının müddəaları ilə uyğunluq təşkil edir və 2019-cu ilədək bu tövsiyələr üzrə bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

 

Daha sonra dövlət qurumlarının və qeyri-hökümət təşkilatlarının nümayəndələri çıxışlar etmiş, kütləvi informasiya vasitələrinin sualları cavablandırılmışdır.

 

Sonda əminlik ifadə edilmişdir ki, dövlət başçısının siyasi iradəsinə uyğun olaraq Azərbaycan Respublikası bundan sonra da korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq təşəbbüslərə öz töhvəsini verərək əməkdaşlığını gücləndirəcəkdir.