Komissiyanın fəaliyyəti
KOMİSSİYANIN ƏSAS VƏZİFƏLƏRİ
Komissiyanın həyata keçirdiyi əsas vəzifələr aşağıdakılardır:
- korrupsiyaya qarşı mübarizə sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək, bu sahədə dövlət orqanlarının və digər qurumların fəaliyyətini əlaqələndirmək;
- korrupsiyaya qarşı mübarizənin vəziyyətini və səmərəliliyini təhlil etmək;
- korrupsiyaya qarşı mübarizə üzrə dövlət proqramlarının icrasına nəzarəti həyata keçirmək;
- “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində nəzərdə tutulan maliyyə xarakterli məlumatları qəbul etmək;
- “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində nəzərdə tutulan maliyyə xarakterli məlumatların təqdim edilməsinə nəzarəti həyata keçirmək;
- korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatları toplamaq, təhlil etmək, ümumiləşdirmək və müvafiq dövlət orqanlarına və digər qurumlara təkliflər vermək, habelə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə məlumat verən şəxsin konfidensiallığını təmin etmək;
- korrupsiyaya qarşı mübarizə sahəsində dövlət orqanları və digər qurumlarla əməkdaşlıq etmək;
- cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək, bu sahədə dövlət proqramlarının icrasına nəzarəti həyata keçirmək.
- Komissiya qanunvericiliyə müvafiq olaraq digər vəzifələri yerinə yetirir.
KOMİSSİYANIN ƏSAS HÜQUQLARI
Öz vəzifələrini yerinə yetirmək məqsədilə Komissiya aşağıdakı hüquqları həyata keçirir:
- korrupsiyaya qarşı mübarizə haqqında qanunvericiliyin icra vəziyyətini öyrənir və ümumiləşdirir, bu barədə hüquq mühafizə və digər dövlət orqanları və qurumlarının rəhbərlərinin məlumatlarını və hesabatlarını dinləyir;
- dövlət və yerli özünüidarə orqanlarından, qurumlardan zəruri məlumatları və materialları alır, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarının alınması ilə bağlı əsaslandırılmış yazılı sorğular verir;
- korrupsiyaya qarşı mübarizə üzrə dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi barədə müvafiq dövlət orqanları və qurumlarından məlumatları alır və görülən işlərin vəziyyətini təhlil edir;
- korrupsiyaya qarşı mübarizənin səmərəliliyinin artırılması, həmçinin korrupsiyaya qarşı mübarizə sahəsində müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün təklif və tövsiyələr hazırlayır, onların həyata keçirilməsi üçün tədbirlər görür;
- korrupsiya ilə bağlı ictimai rəyin öyrənilməsi və korrupsiyaya qarşı mübarizə sahəsində maarifləndirmənin həyata keçirilməsi üçün tədbirlər görür;
- qeyri-hökumət təşkilatları, media subyektləri və özəl sektorun nümayəndələri, müstəqil ekspertlər ilə əməkdaşlıq edir və zərurət olduqda onları müəyyən işlərin görülməsinə cəlb edir;
- korrupsiyaya qarşı mübarizənin təşkili və səmərəliliyinin artırılması üçün beynəlxalq əməkdaşlığın həyata keçirilməsində iştirak edir;
- daxil olan korrupsiya ilə əlaqədar hüquqpozmalar haqqında müraciətlərin ümumiləşdirilməsini həyata keçirir, habelə onun nəticələrinə əsasən fəaliyyətinə dair daha çox şikayətlərin daxil olduğu dövlət və ya bələdiyyə orqanlarının, habelə dövlət müəssisələrinin və qurumlarının fəaliyyətinin yoxlanılmasını dövlət orqanlarına, qurumlarına və ya auditor təşkilatlarına həvalə edir və cinayət əlaməti olan hüquqpozmalar aşkar edildikdə yoxlama materiallarını Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərir;
- korrupsiyaya qarşı mübarizə haqqında qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflər verir.
- korrupsiyaya qarşı mübarizə məsələləri ilə əlaqədar proqramların və layihələrin hazırlanması və həyata keçirilməsi üçün qeyri-hökumət təşkilatlarına maliyyə yardımı göstərir;
- cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində qanunvericiliyin icra vəziyyətini öyrənir və ümumiləşdirir, bu barədə hüquq mühafizə və digər dövlət orqanları və qurumlarının rəhbərlərinin məlumatlarını dinləyir, bu sahədə dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi barədə müvafiq dövlət orqanları və qurumlarından məlumatları alır və təhlil edir, nöqsanların aradan qaldırılması üçün təklif və tövsiyələr hazırlayır, onların həyata keçirilməsi üçün tədbirlər görür, qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflər verir, beynəlxalq əməkdaşlığın həyata keçirilməsində iştirak edir.
- Komissiya qanunvericiliyə müvafiq olaraq digər hüquqları həyata keçirir.