Komissiyanın nümayəndə heyəti Beynəlxalq Valyuta Fondunun Qazaxıstan Respublikasında keçirilən seminarında iştirak ediblər
Beynəlxalq Valyuta Fondunun (bundan sonra - BVF) Qafqaz, Mərkəzi Asiya və Monqolustan üzrə Bacarıqların İnkişafı Regional Mərkəzi (bundan sonra – “CCAMTAC”) ilə BVF-nin Hüquq departamentinin birgə əməkdaşlığı çərçivəsində 2024-cü il 20-25 oktyabr tarixlərində Qazaxıstan Respublikasının Almatı şəhərində “Makro-kritik korrupsiya ilə mübarizə” mövzusunda seminar keçirilmiş və seminarda Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının (bundan sonra – Komissiya) katibi Təbriz Musayev və Komissiyanın Katibliyinin məsləhətçisi Bayram Orucov iştirak etmişlər.
Seminarda CCAMTAC-a üzv olan ölkələrdən Azərbaycan, Gürcüstan, Monqolustan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Ermənistan respublikalarının nümayəndələri iştirak etmiş, Türmənistan Respublikası isə təmsil olunmamışdır.
Azərbaycan Respublikasının nümayəndə heyəti Komissiyanın adı keçən əməkdaşları və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Daxili nəzarət şöbəsinin Xidməti araşdırma sektorunun müdiri İmamlı İsrayıl İsmayıl oğlu tərkibində təmsil olunmuşdur.
Tədbirdə əsasən korrupsiyaya qarşı mübarizəyə strateji yanaşma, korrupsiyaya qarşı mübarizə alətlərini tənzimləyən hüquqi aktlar və institusional qurumların fəaliyyət qaydaları müzakirə edilmişdir.
BVF-nin Hüquq departamentinin mütəxəssislərinin təqdimatlarında korrupsiyaya qarşı mübarizənin təşkili zamanı strateji yanaşmanın tətbiqi, mübarizə sahəsinin prioritetləşməsinin zəruriliyi, korrupsiyaya qarşı mübarizədə zəruri olan institutlar, onların təşkili və fəaliyyətinin əsasları, korrupsiyaya qarşı mübarizə tədbirlərini tənzimləyən zəruri hüquqi aktlar və onların tətbiqi mövzularına toxunulmuşdur.
Bundan başqa, seminar çərçivəsində korrupsiyanın qarşısının alınması sahəsində uğurlu təcrübələr də nəzərdən keçrilmişdir.
Belə ki, Azərbaycan Respublikasını təmsil edən nümayəndə heyəti tərəfindən tədbir iştirakçılarına korrupsiyanın qarşısının alınması sahəsində uğurla tətbiq olunan ASAN Xidmət modeli barədə məlumat verilmiş, bu modelin bir sıra xarici ölkələrə ixrac edildiyi diqqətə çatdırılmışdır.
Eyni zamanda, seminar çərçivəsində ölkəmizdə korrupsiyaya qarşı mübarizə, o cümlədən məhkəmə hakimiyyətinin müstəqilliyinin artırılması istiqamətlərində qanunvericiliyə edilmiş dəyişikliklər barədə tədbir iştirakçıları məlumatlandırılmışdır.
Komissiyanın Katibliyi seminar çərçivəsində əldə olunmuş biliklərin öz fəaliyyətində tətbiqi üçün zəruri tədbirləri görəcəkdir.