
Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya tərəfindən elan edilən qrant müsabiqələrinin nəticələri
Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası (bundan sonra – Komissiya) tərəfindən elan edilən 2024-cü il üzrə I və II qrant müsabiqələrinin qalibləri müəyyən olunub. Müsabiqə çərçivəsində müvafiq olaraq “Hüquq mühafizə orqanlarında dürüstlük və maraqların toqquşmasının idarə edilməsi: beynəlxalq təcrübələr və praktik yanaşmalar” və “Ali təhsil müəssisələrinin kitabxanalarında korrupsiyaya qarşı mübarizə üzrə ədəbiyyatın zənginləşdirilməsi” mövzularında layihələr elan edilmişdir.
Birinci qrant müsabiqəsində “ProDemos” ictimai birliyi qalib seçilmişdir. “ProDemos” ictimai birliyi tərəfindən təqdim olunan layihəyə əsasən, 200-dən çox hüquq mühafizə orqanları əməkdaşlarının etik davranış, korrupsiyanın qarşısının alınması və maraqların idarə edilməsi mövzularında beynəlxalq təcrübələr və praktik yanaşmalar tətbiq edilməklə maarifləndirilməsi, o cümlədən real vəziyyət və keyslər üzərində işləyərək qərar qəbul etmə bacarıqlarının inkişaf etdirilməsi nəzərdə tutulur.
İkinci qrant müsabiqəsində “Avropa Hüquqşünas Tələbələr Assosiasiyası – Bakı” ictimai birliyi qalib seçilmişdir. Qeyd olunan ictimai birlik tərəfindən təqdim olunan layihəyə əsasən, Qarabağ Universitetinin kitabxanasında hüquq sahəsi, o cümlədən korrupsiyaya qarşı mübarizə ilə bağlı ədəbiyyat bazasının təkmilləşdirilməsi və elmi-tədqiqat resurslarının artırılması məqsədilə müvafiq işlərin görülməsi planlaşdırılır.