AZ1066, İstiqlaliyyət küçəsi 19, Bakı, Azərbaycan

Qərar №1, 10 avqust 2024-cü il

 

AZƏRBAYCAN RESPUBLİKASININ KORRUPSİYAYA QARŞI MÜBARİZƏ ÜZRƏ KOMİSSİYASININ

Q Ə R A R I

 

Bakı şəhəri, “10” avqust 2024-cü il                                                                                     № 1

 

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası Azərbaycan Respublikasının 2005-ci il 3 may tarixli 906-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamə”nin 5-ci, 9-cu, 10-cu və 15-ci maddələrini rəhbər tutaraq, 2024-cü il avqustun 10-da keçirilmiş iclasında müzakirə edilmiş məsələlər üzrə aşağıdakıları qərara alır:

  1. Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası (bundan sonra – Komissiya) sədrinin korrupsiyaya qarşı mübarizənin vəziyyəti və qarşıda duran vəzifələr barədə çıxışı nəzərə alınsın və çıxışda nəzərdə tutulan müddəaların yerinə yetirilməsi üçün zəruri tədbirlər görülsün.
  2. Dövlət mülkiyyətində olan torpaq sahələri ilə bağlı münasibətlərin tənzimlənməsi zamanı yol verilən korrupsiya hüquqpozmaları barədə məruzə nəzərə alınsın və bu sahədə şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması ilə bağlı zəruri tədbirlər görülsün.
  3. Korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatların tövsiyələri ilə bağlı görülmüş işlər qənaətbəxş hesab edilsin və Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupunun (GRECO) tövsiyələrinin icrası istiqamətində tədbirlər davam etdirilsin.
  4. Aidiyyəti dövlət orqanlarına tövsiyə edilsin ki, 2024-cü il sentyabrın 1-dək GRECO-nun tövsiyələrinin icrası ilə bağlı görülmüş işlərə dair məlumatı Komissiyanın Katibliyinə təqdim etsinlər.
  5. “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi məqsədəmüvafiq hesab edilsin.
  6. Komissiyanın 2024-cü ilin II yarımilinə dair iş planı təsdiq edilsin (əlavə olunur).
  7. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Təbriz Elşən oğlu Musayev Komissiyanın katibi təyin edilsin.
  8. Komissiyanın katibi Təbriz Elşən oğlu Musayev GRECO-da Azərbaycan Respublikasını təmsil edəcək nümayəndə heyətinin tərkibinə əlavə edilsin və bu barədə həmin təşkilata məlumat göndərilsin.
  9. Komissiyanın katibi Təbriz Elşən oğlu Musayev və Komissiyanın Katibliyinin məsləhətçisi Bayram Tofiq oğlu Orucov İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planı çərçivəsində keçirilən tədbirlərdə Azərbaycan Respublikasını təmsil edəcək nümayəndə heyətinin tərkibinə əlavə edilsinlər və bu barədə həmin təşkilata məlumat göndərilsin.
  10. BMT-nin Korrupsiya əleyhinə Konvensiyasının Tətbiqinin Təftişi Mexanizminin ikinci dövrəsində iştirakla əlaqədar olaraq Azərbaycan Respublikası üzrə hökumət ekspertlərinin siyahısı təsdiq edilsin, Komissiyanın katibi Təbriz Elşən oğlu Musayev əlaqələndirici şəxs təyin olunsun və bu barədə həmin təşkilata məlumat göndərilsin (siyahı əlavə olunur).
  11. Korrupsiya risklərinin qiymətləndirilməsi və Korrupsiyaya qarşı mübarizə üzrə dövlət proqramlarının monitorinqi üzrə işçi qruplar yaradılsın.
  12. Komissiyanın 2024-cü il 10 avqust tarixli iclası ilə bağlı mətbuatda məlumat dərc edilsin.
  13. Komissiyanın Katibliyi bu Qərardan irəli gələn məsələləri həll etsin.
  14. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının
Korrupsiyaya qarşı mübarizə
üzrə Komissiyasının Sədri                                                                  

Samir Nuriyev