Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Katibliyinin ƏSASNAMƏSİ
Azərbaycan Respublikasının
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının
02 may 2005-ci il tarixli Qərarı ilə təsdiq edilmişdir.
Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Katibliyinin
ƏSASNAMƏSİ
I. Ümumi müddəalar
1. Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının (bundan sonra - Komissiya) Katibliyi Azərbaycan Respublikasının 2005-ci il 3 may tarixli 906-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamə”nin 15-ci maddəsinə uyğun olaraq yaradılmışdır.
2. Komissiyanın Katibliyi (bundan sonra Katiblik) Komissiyanın daimi fəaliyyət göstərən orqanıdır.
3. Katiblik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını və digər normativ hüquqi aktlarını, Komissiyanın Əsasnaməsini və qərarlarını rəhbər tutur.
4. Katiblik öz işini Komissiyanın sədri və üzvləri ilə qarşılıqlı əlaqədə qurur və Katibliyin fəaliyyəti barədə mütəmadi olaraq onları məlumatlandırır.
II. Katibliyin hüquq və vəzifələri
5. Katibliyin əsas vəzifələri aşağıdakılardır:
5.1. Komissiyanın iclaslarının keçirilməsi ilə bağlı təşkilati məsələləri həll etmək;
5.2. Komissiyanın müzakirəsinə çıxarılacaq məsələlər üzrə sənədləri hazırlamaq, kargüzarlıq və digər təşkilati işlərin aparılması üzrə fəaliyyəti həyata keçirmək;
5.3. Komissiyanın iclaslarının gündəliyini hazırlamaq;
5.4. Komissiyanın iclaslarının gündəliyi, tarixi və keçiriləcəyi yer haqqında məlumatları Komissiya üzvlərinə çatdırmaq;
5.5. Komissiyanın səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə Komissiyanın müzakirəsinə çıxarılmaq üçün təkliflər hazırlamaq;
5.6. Komissiya üzvlərinin korrupsiyaya qarşı mübarizə sahəsində təklif və rəylərini qəbul etmək, bu təklif və rəylər üzrə araşdırmalar aparmaq və onları Komissiyanın müzakirəsinə təqdim etmək;
5.7. Komissiyanın iclaslarında müzakirə olunan məsələlərə dair Komissiya üzvlərindən daxil olan rəyləri toplamaq, təhlil etmək və ümumiləşdirmək;
5.8. Komissiyanın səlahiyyətlərinə aid məsələlər üzrə qəbul edilmiş dövlət proqramları ilə bağlı aidiyyəti qurumlardan təqdim olunmuş məlumatları təhlil etmək, ümumiləşdirmək və Komissiyanın müzakirəsinə təqdim etmək;
5.9. Komissiyanın illik məruzəsinin tərtib edilməsi üçün Komissiya üzvlərindən məlumatları qəbul etmək, onları ümumiləşdirmək və məruzə layihəsini hazırlamaq;
5.10. Maliyyə xarakterli məlumatların qəbul edilməsi işini təşkil etmək;
5.11. Korrupsiya ilə bağlı daxil olmuş ərizə və digər məlumatların qeydiyyata alınmasını təşkil etmək, bu məlumatları toplamaq, təhlil etmək və ümumiləşdirmək;
5.12. Dövlət orqanlarının (qurumlarının) və qeyri-hökumət təşkilatlarının nümayəndələrini Komissiyanın iclaslarına dəvət edilməsini təşkil etmək;
5.13. Komissiya tərkibində yaradılmış işçi qruplarının işini təşkil etmək, bu işçi qrupların tərkibini müəyyən etmək və onların fəaliyyətini əlaqələndirmək;
5.14. Komissiyanın müzakirəsinə çıxarılacaq məsələlər üzrə zəruri sənədlərin layihələrini hazırlamaq və Komissiya üzvlərinə təqdim etmək;
5.15. Komissiyanın iclaslarını protokollaşdırmaq, iclasın yekun sənədlərinin və qərarlarının layihələrini hazırlamaq və Komissiyanın sədrinə t?qdim etmək;
5.16. Komissiyanın fəaliyyəti və onun iclaslarında qəbul olunmuş qərarlar haqqında dövlət orqanlarının və ictimaiyyətin məlumatlandırılması işini təşkil etmək;
5.17. Komissiyanın səlahiyyətlərinə aid məsələlər üzrə Komissiya tərəfindən ona tapşırılmış digər vəzifələri yerinə yetirmək.
6. Öz vəzifələrinin yerinə yetirilməsi üçün Katiblik aşağıdakı hüquqlara malikdir:
6.1. Komissiyanın səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə dövlət və yerli özünüidarə orqanlarından zəruri məlumatların və materialların alınması üçün Komissiya adından müraciət etmək;
6.2. Korrupsiyaya qarşı mübarizə sahəsində görülən işlərin vəziyyətini təhlil etmək;
6.3. Korrupsiyaya qarşı mübarizənin səmərəliliyinin artırılması, həmçinin korrupsiyaya qarşı mübarizə sahəsində müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün məsələləri öyrənmək;
6.4. Komissiyanın müəyyən etdiyi əsaslarla korrupsiya ilə bağlı ictimai rəyi öyrənmək və korrupsiyaya qarşı mübarizə sahəsində maarifləndirmənin həyata keçirilməsi üçün tədbirlər görmək;
6.5. Komissiyanın müəyyən etdiyi əsaslarla qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri və özəl sektorun nümayəndələri, müstəqil ekspertlər ilə əməkdaşlıq etmək və zərurət olduqda onları müəyyən işlərin görülməsinə cəlb etmək;
6.6. Komissiyanın müəyyən etdiyi əsaslarla korrupsiyaya qarşı mübarizənin təşkili və səmərəliliyinin artırılması üçün beynəlxalq əməkdaşlığın həyata keçirilməsində iştirak etmək;
6.7. korrupsiyaya qarşı mübarizə haqqında qanunvericiliyi öyrənmək və qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı Komissiyaya təkliflər təqdim etmək;
7. Katiblik Komissiya tərəfindən ona verilən digər hüquqları da həyata keçirir.
III. Katibliyin fəaliyyətinin təşkili
8. Katiblik Katibdən və 3 nəfər işçidən ibarət tərkibdə təşkil edilir.
9. Katibliyin rəhbəri Komissiyanın qərarı ilə, digər işçiləri isə Komissiyanın sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.
10. Komissiyanın Katibi:
10.1. Katibliyin işini təşkil edir və onun fəaliyyətinə rəhbərlik edir, Katibliyin vəzifələrinin yerinə yetirilməsinə görə fərdi məsuliyyət daşıyır;
10.2. Katibliyin fəaliyyəti barədə Komissiya qarşında hesabat verir;
10.3. Komissiyanın işinin təşkili ilə əlaqədar Komissiya sədrinin tapşırıqlarını icra edir;
10.4. Katibliyin işçiləri arasında vəzifə bölgüsü aparır;
10.5. Komissiyanın razılığı ilə Komissiya adından çıxış edir və Komissiyanı təmsil edir;
10.6. Komissiyanın işinin təşkili və fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar Komissiya üzvlərinə müraciət edir;
10.7. Korrupsiya ilə bağlı ərizə və şikayətlərə baxılması üçün zəruri təşkilati tədbirlər görür;
10.8. Komissiya tərkibində yaradılmış işçi qrupların fəaliyyətinə nəzarət edir və onların işinin əlaqələndirilməsini təmin edir;
10.9. Katibliyin işçilərinin və işçi qrupların birgə fəaliyyətini təmin edir;
10.10. İşçilər tərəfindən qanunçuluğa, xidməti intizama və məxfilik rejiminə riayət olunmasına nəzarət edir;
10.11. Katiblikdə vəzifələrə təyinatlarla əlaqədar Komissiyaya təqdimat verir;
10.12. İşçilərin həvəsləndirilməsi və ya onların intizam məsuliyyətinə cəlb edilməsi barədə Komissiyanın sədrinə müraciət edir;
10.13. İşçilərin məzuniyyət məsələləri və onların ezamiyyətə göndərilməsi barədə Komissiyanın sədrinə müraciət edir;
10.14. Vətəndaşların qəbulu işini təşkil edir;
10.15. Komissiyanın ona həvalə etdiyi digər səlahiyyətləri həyata keçirir.
11. Katib olmadıqda onun vəzifələrini müvəqqəti olaraq Komisissiyanın sədri tərəfindən təyin edilmiş Katibliyin işçilərindən biri icra edir