 (1)_12-05-2025_18-00-27_26-05-2025_14-43-14.png)
Korrupsiyaya qarşı mübarizə üzrə dövlət proqramlarının monitorinqi üzrə işçi qrupunun iclası keçirilib
Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının (bundan sonra – Komissiya) “Korrupsiyaya qarşı mübarizə üzrə dövlət proqramlarının monitorinqi üzrə” işçi qrupunun onlayn formatda iclası keçirilmişdir. İclasda Komissiyanın Katibliyinin əməkdaşları və işçi qrupun 14 üzvü iştirak etmişdir. Tədbir korrupsiyaya qarşı mübarizə üzrə dövlət proqramlarının effektiv icrasının qiymətləndirilməsi məqsədilə metodoloji çərçivənin müəyyənləşdirilməsinə həsr olunmuşdur.
İclası açan Komissiyanın katibi Təbriz Musayev tədbir iştirakçılarını salamlamış, işçi qrupun fəaliyyət istiqamətləri və qarşıda duran əsas vəzifələr barədə məlumat vermişdir. O, xüsusilə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üzrə Milli Fəaliyyət Planı”nın (MFP) 2024-cü il üzrə monitorinqinin əhəmiyyətini vurğulamış, bu qiymətləndirmənin yalnız forma baxımından deyil, məzmun və nəticəyönümlü yanaşma əsasında aparılmasının vacibliyini qeyd etmişdir.
İclas çərçivəsində təqdim olunmuş qiymətləndirmə metodologiyası iştirakçılar tərəfindən mütərəqqi və praktik yanaşma kimi dəyərləndirilmişdir. Təbriz Musayev beş mərhələdən ibarət olan metodoloji çərçivə – “qatqı” (input), “fəaliyyət” (activity), “hasilat” (output), “nəticə” (outcome) və “təsir” (impact) meyarları və onların hər biri üzrə tətbiq olunacaq indikatorlar haqqında ətraflı təqdimatla çıxış etmişdir.
Tədbir zamanı işçi qrupun bir sıra üzvləri çıxış etmiş və təkliflərini səsləndirmişdir. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin Məlumatların qəbulu və qiymətləndirmə sektorunun baş məsləhətçisi Azər Bayramov, Azərbaycan Respublikasının Milli Məclisi Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin İnsan hüquqları üzrə qanunvericilik sektorunun müdiri Sarvan Sadiqov, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Daxili nəzarət və audit şöbəsinin İcra və əmək intizamına nəzarət sektorunun müdiri Ruslan Cavadov, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Daxili nəzarət şöbəsinin Daxili audit sektorunun müdiri Ruslan Qaralov və “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi” İctimai Birliyinin sədri Zaur İbrahimov öz çıxışlarında qiymətləndirmənin əhatə dairəsi, indikatorların spesifikliyi, vətəndaşlar üçün əlçatanlıq məsələləri və praktiki nəticələrin ölçülməsi ilə bağlı vacib məqamları gündəmə gətirmişlər.
İclasın sonunda Komissiyanın katibi Təbriz Musayev birgə əməkdaşlığın və metodoloji yanaşmanın əhəmiyyətini bir daha vurğulamış, işçi qrupun fəaliyyətinin nəticəyönümlü və sistemli əsaslarla davam etdiriləcəyini bildirmiş, göstərilmiş maraq və fəallığa görə bütün iştirakçılara təşəkkür etmişdir.