 (3)_26-05-2025_11-35-39.png)
Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının işçi qruplarında təmsil olunan qeyri-hökumət təşkilatlarının nümayəndələri və müstəqil ekspertlər ilə birlikdə Milli Fəaliyyət Planının qiymətləndirilməsi üçün hazırlanan metodologiyanın müzakirəsi keçirilib
Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının (bundan sonra – Komissiya) işçi qrupuna cəlb olunmuş qeyri-hökumət təşkilatlarının (bundan sonra – QHT) nümayəndələri və müstəqil ekspertlərlə birlikdə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üzrə Milli Fəaliyyət Planı”nın (bundan sonra – MFP) monitorinqi və qiymətləndirilməsi üzrə hazırlanan yeni metodologiyanın müzakirəsinə həsr olunmuş onlayn iclas keçirilmişdir.
İclasın keçirilməsində məqsəd korrupsiyaya qarşı mübarizə üzrə dövlət proqramlarının icra vəziyyətinin yalnız formal-statistik hesabatlarla deyil, real və təsirli nəticələrlə qiymətləndirilməsinə imkan verən indikator əsaslı metodologiyanın təqdimatı, bu çərçivənin praktiki tətbiqi imkanlarının şərhi və vətəndaş cəmiyyəti nümayəndələrinin peşəkar təkliflərinin dinlənilməsi olmuşdur.
Komissiyanın katibi Təbriz Musayev açılış nitqində vurğulayıb ki, yeni metodoloji yanaşma beynəlxalq təcrübədə qəbul olunmuş “dəyişiklik nəzəriyyəsi”nə əsaslanır və dövlət proqramlarının dəyər zənciri üzrə qiymətləndirilməsini nəzərdə tutur. Bu zəncir beş əsas mərhələdən ibarətdir:
- Qatqı (input): istifadə olunan resurslar – maliyyə vəsaiti, insan kapitalı, texniki imkanlar və s.;
- Fəaliyyət (activity): tədbirin həyata keçirilməsi üçün görülən konkret işlər;
- Hasilat (output): fəaliyyət nəticəsində əldə olunan ölçülə bilən nəticələr (məsələn, keçirilmiş təlimlərin sayı);
- Nəticə (outcome): yaxın və orta müddətli dəyişikliklər (məsələn, bilik və bacarıqlarda artım);
- Təsir (impact): uzunmüddətli dəyişikliklər (məsələn, korrupsiya hallarının azalması).
Təqdimatda qeyd edilib ki, yeni qiymətləndirmə modeli dövlət proqramlarının həyata keçirilməsində nəticəyönümlü və hesabatlı idarəetmənin tətbiqini təşviq edir. Eyni zamanda, bu yanaşma sadəcə tədbirin baş verməsi faktı ilə kifayətlənmir, həmin tədbirin effektivliyini və ictimai faydasını dəyərləndirir. T.Musayev əlavə edib ki, hazırkı müzakirələr daha çox hasilat indikatoruna fokuslanacaq və nəticə etibarilə gələcəkdə isə, daha dərin və təsiredici qiymətləndirmə mərhələləri – “nəticə” və “təsir” indikatorlarının da tətbiqi mümkün olacaq.
İclasda çıxış edən “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası” İctimai Birliyinin sədri və Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov metodologiyanın nəzəri əsaslarını ümumilikdə mütərəqqi və faydalı hesab etməklə yanaşı, onun tətbiqi mexanizmlərinin daha da təkmilləşdirilməsi ilə bağlı sistemli təkliflər irəli sürmüşdür. O, xüsusilə tədbirlər planında nəzərdə tutulan sorğuların keçirilməsi üçün vahid, elmi əsaslara söykənən metodologiyanın hazırlanmasını vacib saymış, bu sahədə vahid standartların tətbiqinin etibarlı nəticələrə nail olmaq üçün mühüm olduğunu qeyd etmişdir. Sahib Məmmədov qiymətləndirmə prosesində yalnız kəmiyyət deyil, keyfiyyət göstəricilərinin də nəzərə alınmasını, ictimai rəy sorğuları ilə yanaşı fokus qruplar, dərinləşdirilmiş müsahibələr və digər metodlarla daha obyektiv nəticələrin əldə olunmasını tövsiyə etmişdir. O, eyni zamanda tədqiqatların, xüsusilə sorğuların yalnız ixtisaslaşmış qurumlar tərəfindən həyata keçirilməli olduğunu, dövlət orqanlarının isə bu prosesdə sifarişçi funksiyası daşımalı olduğunu vurğulamışdır. Sorğuların dizaynı, keçirilməsi, nəticələrin statistik və deskriptiv təhlili, yekun hesabatların hazırlanması müstəqil və peşəkar təşkilatlara həvalə edilməli, onlayn və elektron poçt vasitəsilə həyata keçirilən sorğular isə yalnız sürətli “blitz sorğular” üçün istifadə olunmalı və əsas qiymətləndirmə vasitəsi kimi götürülməməlidir. Sahib Məmmədov həmçinin Dövlət Nəzarəti İnformasiya Sisteminin (DNİS) funksionallığının artırılması və məlumatların analizə yararlı formada daxil edilməsi zərurətinə toxunmuş, tədbirlərin əsas icraçı qurumla razılaşdırılmadan əvvəl layihələndirilməsinin düzgün yanaşma olmadığını bildirmişdir. O, tədbirlərin əsas icraçısı ilə yanaşı digər icraçıların dairəsinin yalnız aidiyyəti olan qurumlarla məhdudlaşdırılmasının və dövlət proqramlarının layihələndirilməsi mərhələsində vətəndaş cəmiyyəti nümayəndələri və müstəqil ekspertlərin də prosesə cəlb edilməsinin vacibliyini xüsusi vurğulamışdır.
İclas zamanı müxtəlif qeyri-hökumət təşkilatlarının nümayəndələri və müstəqil ekspertlər də metodoloji çərçivəyə dair öz fikir və təkliflərini bölüşmüşlər. Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin sədri Ramil İskəndərli isə metodologiyanın yalnız qəbulu ilə deyil, onların real tətbiqi, institusional səviyyədə mənimsənilməsi və icra vəziyyəti ilə də ölçülməsinin zəruriliyini bildirmişdir. “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzinin sədri Zaur İbrahimov dövlət proqramlarının sosial-iqtisadi təsirlərini əhatə edən indikatorların tətbiqinin vacibliyini önə çəkmiş, bu indikatorların beynəlxalq qiymətləndirmə modellərində effektiv nəticələr verdiyini qeyd etmişdir. “Konstitusiya” Araşdırmalar Fondunun sədri Əliməmməd Nuriyev korrupsiyaya qarşı mübarizə tədbirlərinin qiymətləndirilməsində normativ və hüquqi əsasların xüsusi yer tutduğunu vurğulamış, bu istiqamətdə beynəlxalq təcrübədə mövcud olan yanaşmalardan söz açmışdır. “Qadın, İnkişaf, Gələcək” İctimai Birliyinin sədri Gülşən Axundova, o cümlədən müstəqil ekspertlər Həbib Cəfərov, İsrayıl İmamlı, Bayram Baxşalıyev və Fuad Kələşli isə qiymətləndirmə nəticələrinin ictimaiyyətə açıqlanmasının, hesabatların əsaslandırılmış şəkildə təqdim edilməsinin və məlumatların açıq bazalar şəklində paylaşılmasının zəruriliyini vurğulamış, bu yanaşmanın şəffaflığın və ictimai etimadın gücləndirilməsində əhəmiyyətli rol oynayacağını qeyd etmişlər.
Bu metodologiya təkcə texniki deyil, həm də insan yönümlü, inklüziv və hüquqa əsaslanan bir yanaşma ilə hazırlanır və nəticəyönümlü idarəetmənin formalaşmasında vətəndaş cəmiyyəti ilə tərəfdaşlıq modelinin vacibliyini bir daha göstərir.
İclasın sonunda çıxış edən Komissiyanın katibi Təbriz Musayev bütün təkliflərin yazılı şəkildə də təqdim olunmasını təşviq edərək, bu qeydlərin və təcrübələrin həm cari MFP-in qiymətləndirilməsində, həm də gələcək dövlət proqramlarında səmərəli nəticə verəcəyini bildirmişdir.
Bu metodologiya təsdiq olunduqdan sonra, növbəti mərhələlərdə Komissiyanın Katibliyi qiymətləndirmə prosesini geniş ekspertiza və iştirakçılıq əsasında davam etdirmək, indikatorların tətbiq sahəsini genişləndirmək və effektiv idarəetməyə keçidi sürətləndirmək niyyətindədir.