AZ1066, İstiqlaliyyət küçəsi 19, Bakı, Azərbaycan

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının işçi qruplarında təmsil olunan qeyri-hökumət təşkilatlarının nümayəndələri və müstəqil ekspertlər ilə birlikdə Milli Fəaliyyət Planının icrası istiqamətində 2022, 2023 və 2024-cü illər ərzində görülmüş işlərin qiymətləndirilməsi məqsədilə onlayn iclas keçirilib

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının (bundan sonra – Komissiya) “Korrupsiyaya qarşı mübarizə üzrə dövlət proqramlarının monitorinqi üzrə” işçi qrupuna cəlb edilmiş qeyri-hökumət təşkilatlarının (bundan sonra – QHT) nümayəndələri və müstəqil ekspertlərin iştirakı ilə onlayn formatda növbəti iclas keçirilmişdir.

İclasda əsas məqsəd “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın (bundan sonra – MFP) icrası istiqamətində 2022, 2023 və 2024-cü illər ərzində görülmüş işlərin qiymətləndirilməsi, yeni təkliflərin dinlənilməsi və metodologiya əsasında hasilat (output) meyarlarına dair iştirakçılarla təcrübə mübadiləsinin aparılması olmuşdur.

İclas zamanı Komissiyanın katibi Təbriz Musayev tərəfindən metodologiya üzrə artıq təsdiq edilmiş meyarlar barədə iştirakçılara ətraflı məlumat verilmiş, təqdim edilən indikatorlar üzrə nümunələr paylaşılmışdır. O, vurğulamışdır ki, metodologiyanın uğurlu tətbiqi və MFP-nin monitorinqi prosesinin daha dəqiq aparılması məqsədilə QHT-lərin nümayəndələrinin və müstəqil ekspertlərin fəal iştirakı əhəmiyyətli rol oynayır.

İclas çərçivəsində bir sıra QHT rəhbərləri və müstəqil ekspertlər MFP üzrə görülmüş işlərin qiymətləndirilməsi və çatışmazlıqlar barədə çıxış etmiş, müvafiq təkliflər vermiş və həmin təkliflər qəbul olunmuşdur.

“Qadın, İnkişaf, Gələcək” İctimai Birliyinin sədri Gülşən Axundova qeydiyyat yeri olmayan vətəndaşlarla bağlı bir sıra problemləri, sosial hüquqlara çıxışda yaranan çətinlikləri diqqətə çatdırmış, Almaniya modeli əsasında müvəqqəti qeydiyyat sistemi və elektron platforma (“myResidence.az”) təklifi ilə çıxış etmişdir. Eyni zamanda, sənədsiz evlərin leqallaşdırılması üçün dörd mərhələli mexanizm (ilkin reyestr, hüquqi status, müvəqqəti qeydiyyat və çıxarışların verilməsi) təklif etmişdir.

“Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərlinin MFP-nin 1.2-ci bəndi də daxil olmaqla, bir sıra bəndləri üzrə səsləndirdiyi təkliflərinə əsasən, korrupsiya ilə mübarizə qanunvericiliyində korrupsiya hüquqpozmaları barədə məlumat verən şəxslərin stimullaşdırılmasına dair norma mövcud olmalı, bu şəxslərin konfidensiallığının təmin edilməsi üçün məlumat ötürmə sistemləri yaradılmalı və onların təşviqinə dair hüquqi normativlər hazırlanmalıdır. Belə normalar korrupsiyaya dözümsüzlük mədəniyyəti formalaşdırmalı, belə məlumat vermənin ictimai faydalılığını göstərməlidir. Məsələn, hər il bu sahə üzrə mükafat və ya nominasiya elan edilməli və vətəndaşlar buna təşviq olunmalıdır. Buna görə Metodologiyanın hasilat meyarlarına müvafiq bənd əlavə edilməsini təklif etmişdir.

Müstəqil ekspert Bayram Baxşalıyev 1.3 və 6.4-cü tədbirlər üzrə təqdim etdiyi təkliflərdə maliyyə xarakterli məlumatların doğrulanması (verifikasiya) sistemlərinin tətbiqini və dövlət qulluqçuları üçün keçirilən antikorrupsiya təlimlərinin yalnız say göstəriciləri ilə deyil, keyfiyyət indikatorları ilə də qiymətləndirilməsini vacib hesab etmişdir. O, bu təlimlərin əvvəl və sonunda sorğu əsaslı qiymətləndirilməsi və onlayn tədris platformasının (məsələn, HELP modelində) yaradılmasını da təklif etmişdir.

“Vətəndaşların əmək hüquqlarını müdafiə liqası” İctimai Birliyinin sədri Sahib Məmmədov dövlət qulluqçuları üçün praktik təlimatlar və tətbiq yönümlü bələdçilərin hazırlanmasının vacibliyini bildirmiş, bunun beynəlxalq hesabatlarda Azərbaycanın mövqeyinə müsbət təsir edə biləcəyini qeyd etmişdir. O, OECD metodologiyasına uyğun yanaşmaların tətbiq olunmasını təklif etmişdir. “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi” İctimai Birliyinin sədri Zaur İbrahimov 2.12 və 2.14-cü tədbirlər üzrə yeni hasilat meyarları təqdim etmiş və bu təkliflər qəbul olunmuşdur. Yeni meyarlar dövlət satınalmalarında idarədaxili nəzarət sistemlərinin mövcudluğu, ictimai iştirakçılığın təmin olunması, illik ictimai hesabatların hazırlanması və məlumatların konfidensiallıq çərçivəsində ictimaiyyətə açıqlanması kimi indikatorları əhatə edir.

İclas zamanı digər QHT və ekspert nümayəndələri tərəfindən də MFP-dəki tədbirlər üzrə dövlət qulluqçuları üçün etik davranış qaydaları üzrə təlimlərdə nəticə indikatorlarının tətbiqi, vətəndaş müraciətlərinin cavablandırılmasında müddətlər, konfidensiallıq və cavab keyfiyyətinə dair indikatorların formalaşdırılması, risklərin idarə olunmasına dair institusional yanaşma və idarədaxili nəzarət mexanizmlərinin gücləndirilməsi, ictimai rəy sorğularında yalnız blitz üsullar deyil, fokus qruplar və dərin müsahibələr vasitəsilə daha keyfiyyətli qiymətləndirmənin aparılması, şəffaflıq və hesabatlılıq üzrə açıq məlumat platformalarının mövcudluğu və aktivliyi, hüquqi maarifləndirmə tədbirlərinin nəticəliliyi və əhatə dairəsi üzrə nəticə indikatorlarının formalaşdırılması, elektron sistemlərin funksionallığı, istifadəçi rahatlığı və texniki uyğunluğunun qiymətləndirilməsi və s. istiqamətlərdə əhəmiyyətli texniki və metodoloji təkliflər səsləndirilmişdir.

İclasın sonunda Komissiyanın katibi Təbriz Musayev 2022, 2023 və 2024-cü illər üzrə görülən işlərin qiymətləndirilməsində, hesabatların təhlilində QHT nümayəndələrinin və müstəqil ekspertlərin aktiv iştirakının müstəsna əhəmiyyətə malik olduğunu bildirərək minnətdarlığını ifadə etmişdir. O qeyd etmişdir ki, səsləndirilmiş bütün şifahi və yazılı təkliflər təhlil ediləcək, metodologiya çərçivəsində qiymətləndirmə prosesi bundan sonra da şəffaf və inklüziv şəkildə davam etdiriləcəkdir.

Sonda T.Musayev MFP- dəyişikliklər hazırlanarkən bu gün təqdim olunan təkliflərin təməl rol oynayacağını, bu baxımdan sonralar yaranacaq təkliflərin də yazılı formada Komissiyanın Katibliyinə təqdim edilməsinin arzuolunan olduğunu bildirmiş və iclası bağlı elan etmişdir.