"Xəzərə mənzərə" MTK-nın vəzifəli şəxsləri vergidən yayınmaq məqsədilə vəzifə saxtakarlığı etmişlər
"Xəzərə mənzərə" Mənzil Tikinti Kooperativinin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Xətai rayon məhkəməsinin 14 mart 2012-ci il tarixli xüsusi qərardadı əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırma aparılmışdır.
Müəyyən edilmişdir ki, MTK-nın vəzifəli şəxsləri öz qulluq səlahiyyətlərindən sui-istifadə edərək vergidən yayınmaq məqsədilə Bakı şəhəri, N.Tusi küçəsi, 14 saylı ünvanda inşa edilmiş yaşayış binasında Bakı şəhər sakini İmanova Gülbəniz Sahib qızına 10 fevral 2008-ci il tarixli müqavilə ilə 17 min 94 ABŞ dollarına satılmış mənzili, sonuncunun ərizəsi əsasında Bakı şəhər sakini Ağayeva Liana Hüseynağa qızının adına rəsmiləşdirilməsi üçün 8 dekabr 2005-ci il tarixə saxta müqavilə tərtib edib vətəndaşa təqdim etməklə vəzifə saxtakarlığı etmişlər.
Fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanmışdır. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.