Vyanada Beynəlxalq Antikorrupsiya Akademiyasının açılışı keçirilmişdir
2010-cu il sentyabrın 2-də və 3-də Avstriyanın paytaxtı Vyana şəhərində Beynəlxalq Antikorrupsiya Akademiyasının inaqurasiya mərasimi keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvü, Milli Məclisin deputatı Əli Hüseynov, Azərbaycan Respublikası Baş Prokurorunun müavini Namiq Əsgərov, Azərbaycan Respublikası Prezident Administrasiyası Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi - Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibi İnam Kərimov və Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi Kamran Əliyev iştirak etmişlər.
Birləşmiş Millətlər Təşkilatının Antikorrupsiya Akademiyası BMT-nin 31 oktyabr 2003-cü il tarixli “Korrupsiya əleyhinə Konvensiyası”nın implementasiyası cərcivəsində həmin Konvensiyaya üzv dövlətlərin 2009-cu ilin noyabr ayında Qətərin Doha şəhərində kecirilmiş 3-cü illik konfransının qərarına əsasən yaradılmışdır.
Antikorrupsiya Akademiyası korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən dövlət və qeyri dövlət qurumlarının, eləcə də özəl sektorun nümayəndələrinin ixtisaslarının artırılması, təcrübə mübadiləsi, bu sahədə elmi araşdırmaların aparılması ilə məşğul olacaqdır.
Tədbirdə BMT-nın baş katibi Ban Ki Mun cıxış edərək tədbir iştirakcılarını salamlamış, Antikorrupsiya Akademiyasının yaradılmasını alqışlamış, onun işində müvəffəqiyyətlər arzulamışdır.
Tədbirdə eləcə də bir çox nüfuzlu beynəlxalq təşkilatların və dövlətlərin nümayəndə heyətlərinin rəhbərləri çıxış edərək Akademiyanın yaradılmasının korrupsiyaya qarşı mübarizə işinə layiqli tövhələr verəcəyinə əminliklərini ifadə etmişlər.
Antikorrupsiya Akademiyasının yaradılmasına dair Memorandum 26 ölkənin nümayəndələri tərəfindən imzalanmışdır.
Tədbir zamanı mərasim iştirakçıları Akademiyanın inzibati binası ilə tanış edilmişlər.
Mərasimin növbəti günü korrupsiyaya qarşı mübarizənin aktual məsələlərinə həsr edilmiş elmi konfrans kecirilmişdir.