AZ1066, İstiqlaliyyət küçəsi 19, Bakı, Azərbaycan

Uzun müddət saxta sənədlər tərtib etməklə Bakı şəhəri və respublikanın digər regionlarından olan vətəndaşlara vizalar almaqla xarici ölkələrə səfərlər təşkil edən, habelə digər qanunsuz fəali

Uzun müddət saxta sənədlər tərtib etməklə Bakı şəhəri və respublikanın digər regionlarından olan vətəndaşlara vizalar almaqla xarici ölkələrə səfərlər təşkil edən, habelə digər qanunsuz fəaliyyətlə məşğul olan cinayətkar dəstə ifşa edilmişdir. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə daxil olmuş müraciət üzrə həyata keçirilmiş təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində cinayətkar dəstənin üzvlərindən olan Bakı şəhərində yerləşən "Euro Azia Az" Məhdud Məsuliyyətli Cəmiyyətin icraçı direktoru Yusifov İlqar Kərim oğlu turizm şirkətinə müraciət etmiş Bakı şəhər sakini Abbasov Natiq Abbas oğluna saxta sənədlər əsasında "Şengen" vizasının əldə edilməsini təşkil edəcəyi vədi ilə sonuncudan 3.0 min manat pulu xidməti otağında rüşvət kimi alarkən cinayət başında yaxalanmışdır. Fakta görə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanmışdır. Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri zamanı müəyyən edilmişdir ki, fəaliyyət göstərdiyi müddət ərzində cinayətkar dəstə tərəfindən bir sıra vətəndaşlara rüşvət müqabilində dövlət və özəl müəssisələrdə işləmələri və yüksək əməkhaqqı almaları barədə saxta arayışlar, saxta mehmanxana və təyyarə bilet bronları, həmçinin böyük məbləğdə pul vəsaitlərini təsdiq edən müxtəlif saxta bank arayışların hazırlanmaqla Avropa ölkələrinə səfər etmək məqsədi ilə vizaların alınması təşkil edilmişdir. "Euro-Azia-Az" MMC-nin Bakı şəhərində müxtəlif ünvanlarda yerləşən ofislərinə və İ.Yusifova məxsus mənzilə keçirilmiş baxış zamanı şirkətin xəzinəsinə mədaxil olunmamış külli miqdarda pul, vətəndaşlara məxsus ümumvətəndaş pasportları, müxtəlif dövlət və özəl təşkilatlara məxsus imzalı və möhürlü boş blanklar, habelə istintaq üçün əhəmiyyət kəsb edən digər sənədlər aşkar edilərək götürülmüşdür. İstintaqla həmçinin müəyyən edilmişdir ki, İ.Yusifovun mənzilində aşkar edilərək götürülmüş müxtəlif şəxslərə məxsus çoxsaylı ümumvətəndaş pasportlarının sahiblərindən 19-u ölkə hüdudlarını tərk edərək Avropa ölkələrinə getmiş, saxta sənədlər əsasında Azərbaycan Respublikasını tərk edərək Avropa dövlətlərində məskunlaşmış vətəndaşlardan 3 nəfəri isə deportasiya edilmişdir. İ.Yusifov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Hazırda cinayətkar dəstənin digər üzvlərinin müəyyən edilməsi və dəstə tərəfindən törədilmiş digər cinayətlərin açılması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.