“Transparency International” təşkilatının 2009-cu il üçün Korrupsiyanı Qavrama İndeksinin təqdimatı ilə bağlı “Şəffaflıq Azərbaycan” ictimai birliyi mətbuat üçün məlumat təqdim etmişdir.
“Transparency International” təşkilatının Azərbaycandakı milli bölməsi olaraq “Şəffaflıq Azərbaycan” İB olaraq 2009-cu il üçün Korrupsiya Qavrama İndeksini təqdim etməkdən məmnunluq duyuruq. Bu il Azərbaycan 180 ölkə arasında 2.3 balla 143-cü sırada yer alıb. Xallar 10 bal (çox yaxşı), 0 bal (çox korrupsiyalaşmış) nisbətibətində müəyyən edilir. Bu il Azərbaycanın göstəricisi ötən illərlə müqayisədə əhəmiyyətli sayıla biləcək dərəcədə irəliləyib.Milli bölmə olaraq Azərbaycanın son iki ildə əldə etdiyi xallar bizi narahat etməyə bilməzdi. Azərbaycan 2007-ci ildə 2.1 xalla 180 ölkə arasında 150-ci sırada, 2008-ci ildə isə 1.9 balla 180 ölkə arasında 158-cu sırada yer almışdı. Bu isə korrupsiyaya qarşı mübarizə istiqamətində qəbul edilən qanunların icrası zamanı qarşıya çıxan problemlərlə izah olunurdu. Həmçinin indeksdə göstəricilərin dəyişməsi, müəyyən vaxt alır. Buda onunla bağlıdır ki, edilən dəyişikliklərin real həyatda işlək vəziyyətini dəyərləndirə bilmək üçün müəyyən vaxta ehtiyac var. .
Diqqətəlayiq haldır ki, bu il Azərbaycanın göstəricisi yüksəlib. Bunu hökumətin biznes mühitinin inkişafı məqsədi ilə götürdüyü bir sıra öhdəliklərin nəticəsi olaraq göstərmək olar. Ölkə həmçinin Dünya Bankı tərəfindən keçirilən Doing Business tədqiqatının nəticələrinə görə 2007-2008-ci illər üçün 10 ən yaxşı islahatçı ölkə sırasında qeyd olunub. .
İndeksdəki göstəricinin bir qədər yaxşılaşmasına təsir göstərə biləcək faktorlardan biri də, vətəndaşların korrupsiya ilə mübarizədə daha fəal iştirak etməsidir. Bu, son beş ildə “Şəffaflıq Azərbaycan” Korrupsiya Qarşı Mübarizə İB tərəfindən ölkə ərazisində 5 mərkəzdə həyata keçirilən “İctimai Maraqların Müdafiəsi və Hüquqi Məsləhət Mərkəzləri” layihəsinin işinin nəticəsi kimi də dəyərləndirilə bilər. Layihənin fəaliyyətə başladığı 2005-ci ilin iyul ayından bu günədək mərkəzlərimizə 21.450 vətəndaş müraciət edib, onlardan 2.960-ı yazılı şəkildə müxtəlif sahələrlə bağlı şikayət ərizələri təqdim ediblər. Həmin ərizələrin 68%-dan çoxu təşkilatın dövlət orqanlar ilə əməkdaşlığı nəticəsində müsbət həll olunub. .
Bununla yanaşı, hökumət “Şəffaflıq Azərbaycan” təşkilatının da daxil olduğu korrupsiyaya qarşi mübarizə üzrə QHT-lərin məlumatlandırma və maarifləndirmə şəbəkəsi vasitəsi ilə vətəndaş cəmiyyəti ilə açıq dialoqlar qurur. Yeni yaradılmış QHT-lərə Dövlət Dəstəyi Şurası, Hökumət və QHT-lər arasında əməkdaşlığı sürətləndirir. Bunlar bu istiqamətdə atılmış müsbət addımlar kimi qəbul edilir. .
Hökumətin vətəndaş cəmiyyəti və beynəlxalq təşkilatlar ilə birgə qəbul etdiyi və hal-hazırda həyata keçirdiyi 2007-2011-ci illər üçün “Şəffaflığın Artırılması və Korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya” 2004-2006-cı illər üçün “Korrupsiyaya qarşı Mübarizə üzrə Dövlət Proqramın”- dan daha da effektivdir. .
“Şəffaflıq Azərbaycan” İB həm də məhkəmə qərarların icraatında, dövlət xidmətinə qəbulunda, pensiyaların hesablanmasında və müraciətlərin baxılma mexanizmində müsbət dəyişikləri müşahidə edir, xüsusi ilə Təhsil Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriyinin və Sosial Müdafiə Fondunun fəaliyyətində bu irəliləyişlər hiss edilir. Həmçinin, işgüzar şəxslər ilə birbaşa çalışan dövlət orqanları biznes aparılması dəyərinin aşağı salınmasında və sadələşdirməsində peşəkar yanaşmanı nümayiş etdirirlər. .
Lakin bu o demək deyil ki, korrupsiya Azərbaycan üçün böyük problem yaratmır və gələcəkdə korrupsiyaya qarşı mübarizədə dövlət tərəfindən ciddi cəhdlərin görülməsi vacib sayılmır. Korrupsiya hələ də cəmiyyət üçün problemlərdən biri hesab edilir və hökumət korrupsiyaya qarşı mübarizə məqsədi ilə qəbul edilmiş qanunların icrasını yaxşılaşdırmaq istiqamətində əməli addımlar atmalı, qanunların işlək vəziyyətdə olmasından əmin olmalıdır. Korrupsiya faktı ilə bağlı şikayətlə müraciət etmək istəyən şəxslər özlərini heç də tam təhlükəsiz hesab etmirlər və bu halın aradan qaldırılması, insanların özlərini daha təhlükəsiz hiss edə bilmələri üçün qanunvericilik bazası yaradılmalıdır. Bütün bunlarla yanaşı, büdcə vəsaitlərinin xərclənməsi, dövlət satınalmalarının həyata keçirilməsi zamanı şəffaflığın təmin edilməsi vacibdir. Bundan əlavə istehlakçıların hüquqlarının qorunması əhəmiyyət kəsb edir, xüsusən burada kommunal xidmətlər sahəsində (qaz, işıq və su kimi) təbii monopoliya tərəfindən göstərilən xidmətlərdən istifadə edən istehlakçıların maraqları nəzərə alınmalıdır. Əsas məqsəd vətəndaşların bu dəyişiklikləri gündəlik həyatlarında hiss etmələrini təmin etməkdir. .
Belə bir şəraitdə, dövlət idarəetmə sisteminin və qanunların icrası vəziyyətinin düzgün qiymətləndirilməsi üçün hərtərəfli tədqiqat tələb olunur. “Transparency Interanational” təşkilatı belə bir metodologiya – “National Integrity Systems Study” (“Dövlət Davranış Etikasının Əsasları” tədqiqatı) formalaşdırıb və korrupsiyanın yaranma səbəblərini və mənbələrini düzgün başa düşmək, və lazımı tədbirləri görmək üçün bu tədqiqat dövlətə kömək edir. Bu tədqiqatın nəticələri nəinki korrupsiyanın əlamətləri ilə, o cümlədən səbəbləri ilə də məşğul olmağa imkan yaradır. .
Korrupsiya qarşı mübarizədə dövlət öz siyasi iradəsini ifadə edir və biz inanırıq ki, daha yaxşı nəticələr əldə edilməsi dövlətin vətəndaş cəmiyyəti, işgüzar icma və vətəndaşlar ilə birgə səyləri nəticəsində mümkün olacaq. .
Media və İctimaiyyətlə Əlaəqələr “Şəffaflıq Azərbaycan”