AZ1066, İstiqlaliyyət küçəsi 19, Bakı, Azərbaycan

Yeni www.RUSUM.az internet səhifəsi istifadəçilərə təqdim edilmişdir.

http://rusum.az internet səhifəsi Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın dəstəyi ilə korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış “Prodemos” və “Antikorrupsiya Araşdırmalar Mərkəzi” qeyri-hökumət təşkilatlarının birgə təşəbbüsü və əməyi nəticəsində hazırlanaraq istifadəçilərə təqdim edilmişdir. Bu sayt dövlət qurumları tərəfindən göstərilən xidmətlərə görə ödənilən rüsumlar və tariflər barədə məlumatları vətəndaşlara təmin etmək məqsədi daşıyır. Portal bütün rüsumlar və tariflər barədə ilk vahid informasiya mənbəyidir. “Rusum.az” istifadəçiləri bu portal vasitəsilə hər bir dövlət orqanı tərəfindən tələb edilən qanuni rüsumun məbləği barədə daha asan məlumat ala biləcəklər. Bununla yanaşı xidmətlərə görə tələb olunan ərizə və anket formaları da saytda yerləşdirilib. Vətəndaşlar saytdan istifadə etməklə tələb edilən ərizə və anketləri çap edə və aidiyyəti üzrə dövlət qurumlarına təqdim edə bilər. Portal vətəndaşların dövlət orqanlarına müraciət etməsi üçün əlaqə ünvanlarını, telefonları və elektron poçt əlaqələrini də təqdim edib. “Rusum.az” həmçinin daha çox istifadə edilən sahələrdə müxtəlif kalkulyatorları da təqdim edib. Belə ki, vətəndaşlar səhifədəki pensiya, avtomobillər üçün texniki baxış və gömrük rəsmiləşdirməsi kalkulyatorlarından istifadə etməklə qanunla müəyyən edilmiş ödənişlərin məbləği barədə məlumat əldə edə bilərlər. İnternet səhifənin yaradılmasında məqsəd şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizəyə töhfə verməkdir.