Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinin əməkdaşının qanunsuz hərəkətləri barədə Bakı şəhər sakininin müraciəti Baş prokuror yanında Korrupsiyaya qar
Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinin əməkdaşının qanunsuz hərəkətləri barədə Bakı şəhər sakininin müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılmışdır.
Müəyyən edilmişdir ki, xidmətin Xəzər rayon idarəsinin sürücü-müfəttişi kimi rəsmiləşdirilmiş, faktiki olaraq Xəzər rayonunun Türkan qəsəbəsi üzrə həqiqi hərbi xidmətə çağırılmış vətəndaşların sənədlərinin qəbulunu və bununla bağlı vəzifəli şəxsin digər səlahiyyətlərini həyata keçirən Abdullayev Vaqif Köçəri oğlu Bakı şəhər sakininin yaxın qohumunun çəkisi və boyunun aşağı olmasına görə hərbi xidmətə yararsız olması ilə əlaqədar təkrar müayinədən keçirilməsi və dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlılıq haqqında hərbi biletin verilməsi müqabilində sonuncudan 600 manat məbləğində rüşvət tələb etmişdir.
İdarənin əməkdaşları tərəfindən 30 yanvar 2013-cü il tarixdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində Vaqif Abdullayev xidməti otağında həmin pulu rüşvət kimi alarkən cinayət başında yaxalanmışdır.
V.Abdullayevin xidməti otağına keçirilmiş baxış zamanı rüşvət kimi aldığı 600 manat məbləğində pul, ayrı-ayrı vətəndaşların adına olan şəxsi işlər və şikayətçinin qohumuna məxsus hərbi bilet maddi sübut kimi hal şahidlərinin iştirakı ilə aşkar edilərək götürülmüşdür.
Fakta görə Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanmışdır. Vaqif Abdullayev təqsirləndirilən şəxs qisimdə cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda qeyd edilən cinayət işləri üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla, cinayətin digər iştirakçılarının müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.