AZ1066, İstiqlaliyyət küçəsi 19, Bakı, Azərbaycan

Şamaxıda “Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə: nailiyyətlər və perspektivlər” mövzusunda konfrans keçirilmişdir

AzərTAc xəbər verir ki, tədbirdə Prezident Administrasiyasının, Milli Məclisin, Vergilər Nazirliyinin, Respublika Baş Prokurorluğunun, qeyri-hökumət təşkilatlarının, beynəlxalq təşkilatların nümayəndələri iştirak etmişlər. Tədbiri açan vergilər naziri Fazil Məmmədov ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərdən danışmışdır. Bildirmişdir ki, hazırda Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində müasir tələblərə cavab verən normativ hüquqi baza yaradılmış və əksər dövlət qurumları öz əməkdaşlarının davranış qaydaları və kodekslərini təsdiq etmişlər. Azərbaycan korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq təşkilatlarla da sıx əlaqə saxlayır və bir çox konvensiya və beynəlxalq sənədlərə imza atmışdır. Nazir diqqətə çatdırmışdır ki, korrupsiyaya qarşı mübarizə Vergilər Nazirliyinin də daim diqqət mərkəzindədir. Vergi ödəyicilərinə xidmət strukturları tərəfindən vergi ödəyicilərinin məlumatlandırılması sahəsində fəal iş aparılır. Vergi ödəyiciləri onları narahat edən məsələlərlə bağlı 195 nömrəli telefon xidməti vasitəsilə sutkada 24 saat ərzində məlumat ala bilirlər. Ötən il bu telefon məlumat xidməti MDB məkanında müvafiq qurumlar arasında ilk dəfə “Austrian Standards plus” təşkilatının təmsilçisi olan Beynəlxalq Sertifikatlaşdırma və Sorğu Mərkəzləri İnstitutu tərəfindən xüsusi keyfiyyət standartına layiq görülmüşdür. F.Məmmədov bildirmişdir ki, elektron auditin tətbiqi vergi ödəyicinin ofisinə getmədən məsafədən nəzarət imkanları yaradacaqdır. Bu da vətəndaş-məmur təmaslarının azalmasına və nəticədə neqativ halların yaranma ehtimalının azalmasına xidmət edəcəkdir. İnsan resurslarının inkişafı, savadlı və peşəkar kadrların hazırlanması Vergilər Nazirliyinin fəaliyyətinin prioritet sahələrindəndir. Bu gün imzalanacaq Anlaşma Memorandumu korrupsiya hallarına qarşı mübarizəni daha da gücləndirmək üçün qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi sahəsində yeni mərhələnin başlanğıcını qoyacaqdır.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov ölkəmizdə korrupsiya ilə mübarizə sahəsində görülmüş işlərlə bağlı ətraflı məlumat vermişdir. Bildirmişdir ki, korrupsiya ilə bağlı Anlaşma Memorandumunun imzalanması əməkdaşlıq əlaqələrimizi keyfiyyətcə yeni səviyyəyə qaldıracaqdır. Bu əməkdaşlıq ölkəmizin korrupsiyaya qarşı mübarizə sahəsində səylərini gücləndirəcək, dövlət qulluqçularının bilik və bacarıqlarının artmasına, tədrisin səviyyəsinin yüksəlməsinə və birgə layihələrin icra edilməsinə təkan verəcəkdir. Fuad Ələsgərov Vergilər Nazirliyinin Şamaxıda yerləşən Tədris Mərkəzində hər cür şəraitin yaradıldığını söyləmiş, bunu yüksək qiymətləndirmişdir. Beynəlxalq Antikorrupsiya Akademiyasının fəaliyyətinə toxunan Fuad Ələsgərov qeyd etmişdir ki, qurumun əsas fəaliyyət istiqamətlərindən birini də BMT-nin korrupsiya əleyhinə Konvensiyasının icrasına dəstək təşkil edir. Azərbaycan həmin Konvensiyaya qoşulan ilk dövlətlərdən biridir və bu istiqamətdə bütün zəruri islahatlar həyata keçirilir. BAA ilə əməkdaşlığımız ölkəmizdə bu istiqamətdə həyata keçirilən tədbirlərin səmərəsinin və icra keyfiyyətinin artırılmasına töhfə verə bilər. Fuad Ələsgərov qeyd etmişdir ki, Azərbaycan siyasi-iqtisadi baxımdan dinamik inkişaf edən müasir ölkədir. Bu tempin saxlanılması istiqamətində tədbirlər ardıcıl şəkildə davam etdirilir. Ölkəmizin inkişafını sürətləndirən amillərdən biri də korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən məqsədyönlü, qətiyyətli siyasətdir. Əgər bu sahədə həyata keçirilən tədbirlərin ardıcıllığına nəzər yetirsək, biz Azərbaycanın seçdiyi strategiyanın uğurlu olmasının şahidi olarıq. Strategiya həm də ona görə uğurlu olmuşdur ki, onun hazırlanması prosesində ən yaxşı təcrübələrdən istifadə edilmişdir. Hazırda ölkəmizdə 43 dövlət orqanı əhaliyə elektron xidmətlər göstərir. F.Ələsgərov Azərbaycanın korrupsiya ilə mübarizə sahəsində beynəlxalq təşkilatlar ilə əməkdaşlıq etdiyini və onların tövsiyələrini nəzərə aldığını da diqqətə çatdırmışdır.

Beynəlxalq Antikorrupsiya Akademiyasının Beynəlxalq Məşvərət Şurasının rəhbəri Martin Kreutner Azərbaycanda keçirilən konfransın əhəmiyyəti barədə danışmış, korrupsiyanın cəmiyyətin inkişafına mane olduğunu, ciddi sosial-iqtisadi, mənəvi-hüquqi problemlər və vətəndaşlarda dövlət orqanlarına inamsızlıq yaratdığını bildirmişdir. O, korrupsiyanın qarşısının alınmasında profilaktiki tədbirlərin mühüm rol oynadığını, qeyri-hökumət təşkilatlarının, ictimaiyyətin korrupsiya ilə mübarizə üzrə fəaliyyətlərinin səmərəliliyinin yüksəldilməsində də çox vacib olduğunu qeyd etmişdir. Martin Kreutner təmsil etdiyi qurumun fəaliyyəti barədə də danışmış və qeyd etmişdir ki, Anlaşma Memorandumunu imzalamaqdan məmnunam. Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində görülən işləri yüksək qiymətləndirirəm və əməkdaşlıqda maraqlıyam.

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev bildirmişdir ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində müasir qanunvericilik bazası yaradılmış, dövlət idarəçiliyində şəffaflıq təmin edilmiş və ədalətli məhkəmə sistemi yaradılmışdır. Azərbaycanda üçpilləli məhkəmə sistemi mövcuddur və çox səmərəli fəaliyyət göstərir. Korrupsiyaya qarşı mübarizəni şərtləndirən ən əsas amillərdən biri də ixtisaslaşdırılmış antikorrupsiya qurumlarının yaradılmasıdır. Azərbaycanda iki ixtisaslaşdırılmış antikorrupsiya qurumu mövcuddur. Təmsil etdiyi qurumun fəaliyyəti barədə danışan K.Əliyev diqqətə çatdırmışdır ki, 2011-ci ildə idarənin fəaliyyəti yenidən təkmilləşdirilmişdir. İdarənin fəaliyyəti təkmilləşdirilən zaman çox mühüm olan beynəlxalq təcrübə nəzərə alınmışdır. Hazırda idarənin tərkibində 145 nəfər əməkdaş fəaliyyət göstərir. 2011-ci ildə idarənin fəaliyyət istiqamətləri, funksiyaları əvvəlki illərlə müqayisədə daha da genişləndirilmişdir. K.Əliyev vurğulamışdır ki, 2011-ci ildə idarənin tərkibində “qaynar xətt” əlaqə mərkəzi yaradılmışdır və bu da ona imkan yaratmışdır ki, vətəndaşlar 24 saat ərzində istənilən mobil telefonlardan və digər telefonlardan pulsuz olaraq idarədə fəaliyyət göstərən “161 qaynar xətt” əlaqə mərkəzinə zəng edərək konkret korrupsiya halları barədə məlumat vermək imkanına malikdirlər. Ötən il 3 mindən çox belə müraciət daxil olmuş və bu müraciətlər əsasında qanunvericilikdə nəzərdə tutulmuş çox ciddi tədbirlər həyata keçirilmişdir. Yalnız bu müddət ərzində 27 cinayət işi başlanmışdır. Həmin zənglər əsasında 17 əməliyyat tədbiri həyata keçirilmiş, cinayəti törədən vəzifəli şəxslər cinayət başında yaxalanmışlar. Həmin o işlərdən bir çoxu üzrə artıq məhkəmə hökmləri də mövcuddur. Əgər korrupsiya hüquqpozmaları varsa, onları doğuran səbəb və şərait barədə müvafiq dövlət qurumlarına təqdimatların göndərilməsi təmin edilmiş və həmçinin elə şikayət ərizələri olmuşdur ki, onlar da müvafiq dövlət qurumlarının özlərinə göndərilmişdir.

Təhsil nazirinin müavini Qulu Novruzov, Korrupsiyaya qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin əlaqələndiricisi Əliməmməd Nuriyev, Vergilər Nazirliyinin nümayəndəsi Aysu Məmmədova, Milli Məclisin deputatları Əli Hüseynli, Bəxtiyar Əliyev və Azay Quliyev çıxış edərək konfransın əhəmiyyətindən danışmışlar. Natiqlər ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərdən bəhs etmiş, bu sahədə fəaliyyəti yüksək qiymətləndirmişlər.

Daha sonra Beynəlxalq Antikorrupsiya Akademiyası ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyi arasında Anlaşma Memorandumu imzalanmışdır. Memorandum korrupsiyaya qarşı mübarizəni və antikorrupsiya tədbirlərini birgə təşviq etmək sahəsində əməkdaşlığı inkişaf etdirmək məqsədi daşıyır.

Sənədi vergilər naziri Fazil Məmmədov və BAA-nın Beynəlxalq Məşvərət Şurasının rəhbəri Martin Kreutner imzalamışlar. Sonda Martin Kreutner jurnalistlərin suallarını cavablandırmışdır.