AZ1066, İstiqlaliyyət küçəsi 19, Bakı, Azərbaycan

Kürdəmir Qaz istismar sahəsinin əməkdaşının qanunsuz əməlləri ifşa edilmişdir

     Kürdəmir Qaz istismar sahəsinin baş mühəndisinin qanunsuz hərəkətləri barədə Baş Prokurorluğa daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılmışdır.

      Sahənin baş mühəndisi Orxan Məmmədovun öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq şöbə rəisi Qabil Əliyevdən 2013-cü ilin yanvar-fevral aylarında təbii qazdan istifadəyə görə əhalidən toplanan ödəniş pullarından 1.440 manat, Kürdəmir rayon sakini Güləhməd Ovçiyevdən işə qəbul etdirmək adı ilə 400 manat, xidmət rəisi Yavər Abbasovdan  dələduzluq yolu ilə 300 manat məbləğində pulu ələ keçirməsi, həmçinin sahə nəzarətçisi Telman Eyyubovu işdən çıxaracağı ilə hədələməklə 1.000 manat pul tələb etməsi, lakin sonuncu pulu vermədiyi üçün onu işdən çıxarmasında şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 178.2.3-cü (dələduzluq yolu ilə özgə əmlakını külli miqdarda ələ keçirmə) maddələri ilə cinayət işi başlanmışdır.

      Hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində iş üzrə istintaq davam etdirilir.