AZ1066, İstiqlaliyyət küçəsi 19, Bakı, Azərbaycan

Azərbaycanlı məzunlara Beynəlxalq Antikorrupsiya Akademiyasının diplomları təqdim olunmuşdur

Dekabrın 9-da - Beynəlxalq Korrupsiyaya Qarşı Mübarizə Günündə Beynəlxalq Antikorrupsiya Akademiyasının Avstriyada yerləşən mənzil qərargahında magistr proqramını başa vurmuş məzunların növbəti buraxılış mərasimi keçirilmişdir.  Akademiya korrupsiyaya qarşı mübarizə üzrə biliklərin artırılması və peşəkarların təkmilləşdirilməsi sahəsində dünyada ilk təhsil ocağı olmaqla, həmçinin beynəlxalq təşkilat statusunda fəaliyyət göstərir.

 

Mərasimdə BMT-nin Narkotiklər və Cinayətkarlıq Ofisinin, digər beynəlxalq təşkilatların, diplomatik nümayəndəliklərin təmsilçiləri, Avstriya hökumətinin yüksək vəzifəli şəxsləri iştirak etmişdir.

 

Dünyanın 17 ölkəsindən olan 26 tələbə arasında 5 azərbaycanlı - Milli Məclisin Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Vüqar Məmmədov, Xarici İşlər Nazirliyinin əməkdaşı Süleyman Rüstəmov, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının əməkdaşı Məftun Abbasov, eləcə də proqramı fərqlənmə ilə bitirmiş Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibi Kamal Cəfərov  və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin böyük prokuroru Elnur Musayev Akademiyanının magistr proqramının məzunu olublar.

 

Buraxılış mərasimində bütün məzunlar adından maqistr qrupunun rəhbəri Elnur Musayev internet vasitəsilə dünyaya yayımlanan çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə korrupsiyaya qarşı mübarizə sahəsində ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları, institusional və cinayət təqibi tədbirləri haqqında ətraflı məlumat vermiş, eyni zamanda dünya ictimaiyyətinin Akademiyanın inkişafına dəstək verməsi barədə müraciət etmişdir.

 

Akademiyanı bitirən məzunlara “Korrupsiyaya qarşı mübarizə üzrə mütəxəssis” adı verilməklə diplomlar təqdim olunmuşur.

 

Bundan başqa, dekabrın 5-də Çirkli Pulların Yuyulmasına Qarşı Mübarizə üzrə Sertifikatlaşdırılmış Ekspertlər Assosiasiyasının müvafiq imtahanını uğurla keçmiş Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibi Kamal Cəfərov çirkli pulların yuyulmasına qarşı mübarizə üzrə ekspert sertifikatına layiq görülmüşdür.

 

Azərbaycan Respublikası bundan sonra da korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış ekspertlərin hazırlanması istiqamətində səylərini davam etdirəcəkdir.