AZ1066, İstiqlaliyyət küçəsi 19, Bakı, Azərbaycan

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının (OECD) hesabatı ilə bağlı Məlumatı

2013-cü il sentyabr  ayının 23-25-də  Paris şəhərində OECD (İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatı)  təşkilatı tərəfindən Üçüncü Dəyərləndirmə Raundu çərçivəsində  Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində 2010-2013-cü illərdə həyata keçirilmiş tədbirləri dəyərləndirən hesabat qəbul edilmişdir.
 

2014-cü il 17 yanvar tarixində OECD təşkilatının nümayəndələri bu hesabatın ölkə ictimaiyyətinə təqdimatının həyata keçirilməsi məqsədi ilə Azərbaycana səfər etmişdir. Təqdimat media və QHT nümayəndələrinin iştirakı ilə Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə İdarəsinin binasında həyata keçirilmişdir.  Tədbirdə  dövlət qurumlarının, vətəndaş cəmiyyəti institutlarının, kütləvi informasiya vasitələrinin və Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndələri iştirak etmişdir.
 

Hesabatda Azərbaycanda  korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən siyasət ümumən təqdirəlayiq hesab edilmiş və bu sahədə əldə edilmiş nailiyyətlər qeyd edilmişdir. Azərbaycan tərəfi təşkilatın əvvəlki hesabatlarında müəyyən edilmiş 19 tövsiyənin icrası üzrə tədbirləri həyata keçirmişdir.


Komissiya xüsusilə vurğulamaq istəyir ki, Azərbaycan OECD-nin  Üçüncü Dəyərləndirmə Raundunun müvəffəqiyyətlə keçən ilk ölkə olmuşdur.


Sənəddə Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi Açıq Hökumətin təşviq edilməsinə dair və  Korrupsiyaya qarşı mübarizə üzrə Milli Fəaliyyət Planları, xüsusilə Prezidentin təşəbbüsü ilə yaradılan və artıq uğurla vətəndaşlara xidmət göstərən “ASAN-Xidmət” Mərkəzlərinin fəaliyyəti və elektron xidmətlərin əhatəsinin genişlənməsi ilə bağlı imzalanmış fərman və sərəncamlar bu sahədə mövcud siyasi iradə kimi göstərilir.


Azərbaycanda korrupsiya qarşı mübarizə ilə bağlı qanunvericiliyin beynəlxalq tələblərə cavab verməsi xüsusilə vurğulanır. Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə İdarəsinin fəaliyyətinin təmin edilməsi üzrə tədbirlər, onun modeli və ona xüsusi olaraq korrupsiya cinayətləri üzrə əməliyyat-axtarış fəaliyyəti səlahiyyətinin verilməsi yaxşı təcrübə kimi göstərilir.


Şəffaflığın təmin edilməsi ilə bağlı Dövlət Neft Fondunun  Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündə (EITI) iştirakı qeyd edilir. “Vətəndaş İştirakçılığı haqqında” Qanunun qəbul edilməsi müsbət hal kimi qeyd edilir.


Hesabatda təşkilat korrupsiyaya qarşı mübarizə və idarəçilik sahəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizə ilə bağlı dərin araşdırma və sorğuların aparılması və sair məsələlərlə bağlı tövsiyələr müəyyən etmişdir.


Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya tərəfindən bu tövsiyələrin icrasının təmin edilməsi üzrə tədbirlər həyata keçirilir və ictimaiyyətə mütəmadi məlumatlar təqdim ediləcəkdir.