AZ1066, İstiqlaliyyət küçəsi 19, Bakı, Azərbaycan

2016-cı ildə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlər barədə məlumat  

Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə dövlət siyasətinin prioritet istiqamətidir və ölkəmizin antikorrupsiya təcrübəsi öz innovativ xarakteri ilə seçilir. 2016-cı ildə korrupsiyaya qarşı səmərəli mübarizə üçün beynəlxalq standartlara cavab verən institusional və qanunvericilik tədbirləri davam etdirilmiş və geniş miqyaslı islahatlar həyata keçirilmişdir.

 

 

2016-cı il ölkəmiz üçün geniş miqyaslı iqtisadi islahatlar ili olmuşdur. Gömrük və vergi sahələrində şəffaflığın artırılması və investisiya mühitinin yaxşılaşdırılması məqsədilə ölkə iqtisadiyyatını stimullaşdıran islahatlar həyata keçirilmişdir. Gömrük rəsmiləşdirilməsinin daha şəffaf və çevik həyata keçirilməsi məqsədilə “Yaşıl dəhliz” sisteminin fəaliyyəti təmin edilmiş, gömrük rəsmiləşdirilməsi zamanı tələb olunan sənədlərin sayı azaldılmış və proseduralar sadələşdirilmişdir. Vergi ödəyiciləri ilə vergi orqanları arasında şəffaflığın və qarşılıqlı etimadın daha da artırılması, vergi nəzarətinin keyfiyyətinin təkmilləşdirilməsi və sahibkarlara əlverişli şəraitin yaradılması istiqamətlərində bir sıra tədbirlər görülmüşdür.

 

 

Müasir iqtisadi çağırışlara uyğun olaraq, iqtisadi inkişafımızın keyfiyyətcə yeni mərhələsinin formalaşdırılması, ölkə iqtisadiyatının şaxələndirilməsi və həyata keçirilən iqtisadi islahatların davamlılığını təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə iqtisadiyyatın əsas sektorları üzrə 12 strateji yol xəritəsi təsdiq edilmişdir. Qeyd edilən geniş miqyaslı islahatlar ölkəmiz üçün yeni perspektivlər və imkanlar yaratmışdır. Mövcud qlobal iqtisadi böhrana baxmayaraq, 2016-cı ilin yekunlarına əsasən ölkəmizdə qeyri-neft sənayesi inkişaf etmiş və bütün sosial proqramlar tam icra olunmuşdur. 

 

 

Həyata keçirilən islahatlar nəticəsində Azərbaycan 2016-ci ildə Dünya İqtisadi Forumunun rəqabət qabiliyyəti indeksinə əsasən 2015-ci ilin nəticələri ilə müqayisədə 3 pillə irəliləyərək 138 ölkə arasında 37-cı yerə, “Doing Business” 2017-cı il hesabatında isə “Biznesə başlama” meyarı üzrə 190 ölkə arasında 5-ci yerə layiq görülmüşdür.

 

 

2016-cı ildə Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya tərəfindən “Açıq hökumətin təşviqi və korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üzrə Milli Fəaliyyət Planları”nın yekun qiymətləndirilməsi həyata keçirilmişdir. Müəyyən edilmişdir ki, Korrupsiyaya qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı dövlət orqanları tərəfindən 86 faiz, Açıq hökumətin təşviqi üzrə Milli Fəaliyyət Planı isə 82 faiz icra olunmuşdur. 

 

 

Hesabat dövründə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin dövlət müdafiəsi və bələdiyyə qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsi müvafiq qanunvericilik aktları ilə təmin edilmişdir. Müəllimlərin işə qəbulunun mərkəzləşdirilmiş və şəffaf əsaslarla həyata keçirilməsi və vakant müəllim yerləri barədə məlumatların Təhsil Nazirliyinin rəsmi internet səhifəsində dərc edilməsi təmin edilmişdir. Müəllimlərin əmək haqları artırılmış və sosial təminatları gücləndirilmişdir.  Dövlət orqanları tərəfindən informasiyanın əldə edilməsinin asanlaşdırılması, dövlət orqanlarının fəaliyyətləri barədə ictimaiyyətə müntəzəm məlumat verilməsi və elektron xidmətlərin təkmilləşdirilməsi istiqamətində tədbirlər tam icra edilmişdir.

 

 

Korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən sistemli institusional islahatar çərçivəsində “ASAN xidmət” mərkəzlərinin əhatəsi və fəaliyyət istiqamətləri genişləndirilmiş, 13 milyondan çox şəxs “ASAN xidmət” mərkəzlərinə müraciət etmiş və vətəndaş məmnunluğu əmsalı 98 faizə yaxın olmuşdur. Eyni zamanda “ASAN xidmət” standartlarının bütün dövlət xidmətlərində tətbiqi məqsədilə “ASAN xidmət” indeksi yaradılmışdır. Açıq hökumət prinsiplərinin tətbiqinin genişləndirilməsində dövlət orqanları və vətəndaş cəmiyyəti institutlarının səylərinin və fəaliyyətlərinin əlaqələndirilməsi məqsədilə Açıq Hökumət Platforması yaradılmış və fəaliyyəti üçün zəruri dəstək təmin edilmişdir.

 

 

Milli Fəaliyyət Planlarının icra vəziyyəti bu sahədə ixtisaslaşan qeyri-hökumət təşkilatları, o cümlədən “Beynəlxalq Şəffaflıq” təşkilatının Azərbaycan nümayəndəliyi və “Konstitusiya Araşdırmalar Fondu” tərəfindən mütəmadi olaraq qiymətləndirilmiş və Korrupsiyaya qarşı mübarizə üzrə Milli Fəaliyyət Planının yekun icra vəziyyəti 83 faiz müəyyən edilmişdir. Vətəndaş cəmiyyəti institutları tərəfindən həyata keçirilən müstəqil monitorinqlərin nəticəsinin yüksək olması Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərin effektivliyini bir daha təsdiq edir.

 

 

Ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində olan müsbət dinamika beynəlxalq anti-korrupsiya reytinqlərində də öz əksini tapmışdır. Belə ki, “Beynəlxalq Şəffaflıq” təşkilatı tərəfindən hazırlanan sonuncu “Korrupsiya Qavrama İndeksi”ndə Azərbaycanın mövqeyi ötən illə müqayisədə 7 pillə irəliləmişdir. “Beynəlxalq Şəffaflıq” təşkilatının digər ənənəvi hesabatı olan və nəticələri vətəndaşların mövqeyini əks etdirən “2016-cı il Qlobal Korrupsiya Barometri” isə ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində ciddi irəliləyişlərin olmasını və korrupsiyanın səviyyəsinin azalmasını göstərmişdir. Hesabatın nəticələri göstərir ki, Azərbaycanda respondentlərin 79 faizi korrupsiyanı cəmiyyətimizin üzləşdiyi əsas problemlərdən hesab etmir. Ölkəmizin göstəricisi Avropa İttifaqı (68 faiz) və postsovet ölkələri (66 faiz) ilə müqayisədə daha yaxşıdır. Eyni zamanda həyata keçirilən antikorrupsiya islahatları Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupu (GRECO), İqtisadi İnkişaf və Əməkdaşlıq (OECD) təşkilatının Antikorrupsiya Şəbəkəsi və BMT-nin müvafiq alt qurumları tərəfindən yüksək qiymətləndirilmişdir.

 

 

Açıq hökumətin təşviqi və korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 aprel tarixli Sərəncamı ilə Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illəri əhatə edən növbəti Milli Fəaliyyət Planı qəbul edilmişdir. Yeni Milli Fəaliyyət Planının qəbulu və nəzərdə tutulan tədbirlərin əhatəsi Azərbaycanda açıq hökumət prinsiplərinin genişlənməsi və korrupsiyanın qarşısının alınması üzrə mövcüd güclü siyasi iradənin növbəti göstəricisidir.

 

 

2016-cı ildə şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə tədbirlər uğurla həyata keçirilmiş və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması təmin edilmişdir. Bu tədbirlər eyni zamanda iqtisadi sahədə aparılan islahatları tamamlamış və dayanıqlı iqtisadi inkişaf üçün yeni imkanlar yaratmışdır.