AZ1066, İstiqlaliyyət küçəsi 19, Bakı, Azərbaycan

Milli korrupsiya risklərinin xəritələşdirilməsi üzrə Avropa Şurasının metodologiyasına dair seminarın ilk sessiyası keçirilib

2025-ci il 13 iyun tarixində Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının (bundan sonra – Komissiya) Katibliyi və Avropa Şurasının birgə təşkilatçılığı ilə “Milli korrupsiya risklərinin xəritələşdirilməsi üzrə Avropa Şurasının metodologiyası”na dair seminarın ilk sessiyası keçirilib.
 
Tədbir Avropa İttifaqı və Avropa Şurasının “Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq Proqramı III (PGG III)” çərçivəsində həyata keçirilən “Azərbaycanda iqtisadi cinayətlərin qarşısının alınması və onunla mübarizə” layihəsi üzrə təşkil olunmuşdur.
 
Məlum olduğu kimi, “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 7 mart tarixli 150-VIIQD nömrəli Qanununa əsasən, orqanlar (qurumlar) tərəfindən korrupsiya riskləri, həmin risklərə uyğun olaraq müəyyən edilən hədəflər, eləcə də risklərin qiymətləndirilməsinin nəticələri və bununla əlaqədar cari il üçün müəyyən edilən tədbirlər, həmçinin əvvəlki il üzrə müəyyən edilmiş tədbirlərə dair görülmüş işlər barədə məlumatlar hər il iyunun 1-dək Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına təqdim edilməlidir. Qeyd olunan qanunvericilik dəyişikliyinin və Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli 3199 nömrəli Sərəncamının icrası məqsədilə, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən korrupsiya risklərinin qiymətləndirilməsi üzrə müvafiq qaydaların hazırlanması istiqamətində işlər aparılır.
 
Bu kontekstdə sinxron tərcümə təmin olunmaqla keçirilən seminarın məqsədi beynəlxalq metodologiya əsasında korrupsiya risklərinin müəyyən edilməsi, məlumatların toplanması və təhlili, qiymətləndirmə indikatorları və risklərin azaldılması tədbirləri üzrə qabaqcıl təcrübənin öyrənilməsi, həmçinin bu istiqamətdə milli potensialın gücləndirilməsi olmuşdur.
 
Tədbirin açılış mərasimində Avropa Şurasının İqtisadi Cinayətlər və Əməkdaşlıq Şöbəsinin rəhbəri Yevgeni Yevgeniyev, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin beynəlxalq yardım və əməkdaşlıq üzrə məsul şəxsi Məryəm Hacı-İsmayılova və Komissiyanın Katibliyinin rəhbəri Təbriz Musayev çıxış etmişlər.
 
Çıxışlarda korrupsiya risklərinin effektiv idarə olunmasının dövlət orqanlarında şəffaflıq və hesabatlılığın artırılmasında, eləcə də korrupsiyaya qarşı mübarizədə institusional yanaşmaların təkmilləşdirilməsində mühüm rol oynadığı vurğulanmışdır.
 
Seminar Avropa Şurasının eksperti Valts Kalnins tərəfindən aparılmış, o, Avropa Şurasının Milli Korrupsiya Risklərinin Xəritələşdirilməsi Metodologiyası barədə təqdimatla çıxış etmişdir. Seminar zamanı beynəlxalq metodologiyaya əsaslanaraq korrupsiya risklərinin müəyyən edilməsi, məlumatların toplanması qaydası, təhlili, sorğuların və digər alətlərin tətbiqi, qiymətləndirmə indikatorları, risklərin azaldılması tədbirləri, beynəlxalq təcrübəyə əsaslanan nümunələr və metodologiyanın müxtəlif ölkələrdə tətbiqindən irəli gələn müsbət təcrübələr iştirakçılarla paylaşılıb.
 
Seminarda Komissiyanın Korrupsiya risklərinin qiymətləndirilməsi üzrə işçi qrupunun üzvləri və həmin üzvlərin təmsil olunduğu orqanlarda (qurumlarda) risklərin qiymətləndirilməsi ilə əlaqəli sahədə fəaliyyət göstərən əməkdaşlar iştirak ediblər.
 
İştirakçılar seminarın dövlət orqanlarında korrupsiya risklərinin sistemli şəkildə qiymətləndirilməsi üçün vahid yanaşmanın formalaşmasına, beynəlxalq təcrübənin tətbiqinə və şəffaf idarəetmənin daha da gücləndirilməsinə mühüm töhfə verəcəyini vurğulayıblar. Sonda, seminarın davamı kimi nəzərdə tutulan ikinci sessiyanın cari ayın 20 iyun tarixində keçiriləcəyi və bu barədə əlavə informasiyanın təqdim olunacağı barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.