Milli korrupsiya risklərinin xəritələşdirilməsi üzrə Avropa Şurasının metodologiyasına dair seminarın 2-ci sessiyası keçirilib.
2025-ci il 20 iyun tarixində Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının (bundan sonra – Komissiya) Katibliyi və Avropa Şurasının birgə təşkilatçılığı ilə “Milli korrupsiya risklərinin xəritələşdirilməsi üzrə Avropa Şurasının metodologiyası”na dair seminarın 2-ci sessiyası keçirilib.
Tədbir Avropa İttifaqı və Avropa Şurasının “Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq Proqramı III (PGG III)” çərçivəsində həyata keçirilən “Azərbaycanda iqtisadi cinayətlərin qarşısının alınması və onunla mübarizə” layihəsi üzrə təşkil olunmuşdur.
Xatırladaq ki, seminarın birinci sessiyası 2025-ci il 13 iyun tarixində keçirilmiş və burada “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 2025-ci il 7 mart tarixli 150-VIIQD nömrəli Qanundan irəli gələn yeni tələblər kontekstində korrupsiya risklərinin qiymətləndirilməsi, məlumatların toplanması və təhlili, eləcə də beynəlxalq metodologiyaların tətbiqi üzrə ilkin təqdimatlar aparılmışdır. Həmçinin həmin sessiyada korrupsiya risklərinin idarə olunmasında beynəlxalq təcrübənin və şəffaf idarəetmə prinsiplərinin əhəmiyyətinə dair müzakirələr keçirilmişdir.
İkinci sessiya Avropa Şurasının eksperti Valts Kalnins tərəfindən aparılmış və əsas diqqət Avropa Şurasının milli korrupsiya risklərinin xəritələşdirilməsi metodologiyasının praktik tətbiqi üzrə tövsiyələrə yönəldilmişdir. Tədbirdə qiymətləndirmə prosesinin mərhələləri, maraqlı tərəflərin rolu və vəzifələri, Komissiyanın Korrupsiya risklərinin qiymətləndirilməsi üzrə işçi qrupunun bu prosesdə iştirak mexanizmləri, eləcə də məlumatların toplanması və təhlili üsulları barədə ətraflı məlumat təqdim olunub.
Ekspert tərəfindən məlumatların toplanması üçün istifadə oluna biləcək institusional və digər mənbələr, sorğu və anket alətləri, ekspert rəyləri, media hesabatları kimi məlumat resurslarından səmərəli istifadə yolları, toplanmış məlumatların qiymətləndirilməsi meyarları və risklərin azaldılması tədbirləri üzrə nümunələr izah edilib.
Tədbir zamanı metodologiyanın digər ölkələrdə tətbiqi zamanı qarşılaşılan çətinliklər və öyrənilmiş dərslər, habelə yaxşı təcrübələrin yerli kontekstə uyğunlaşdırılması məsələləri üzrə interaktiv müzakirələr aparılıb.
Seminarda Komissiyanın Korrupsiya risklərinin qiymətləndirilməsi üzrə işçi qrupunun üzvləri, dövlət orqanlarının və aidiyyəti qurumların nümayəndələri iştirak ediblər. Tədbir onlayn formatda və sinxron tərcümə ilə təşkil olunaraq, iştirakçılara Avropa Şurasının ekspertləri ilə birbaşa fikir mübadiləsi aparmaq imkanı yaradıb.
İştirakçılar qeyd ediblər ki, seminar korrupsiya risklərinin sistemli şəkildə qiymətləndirilməsi, məlumatların elmi əsaslarla təhlili və risklərin azaldılması tədbirlərinin planlaşdırılması üzrə institusional potensialın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.