AZ1066, İstiqlaliyyət küçəsi 19, Bakı, Azərbaycan

Korrupsiyaya qarşı mübarizənin daha da gücləndirilməsi istiqamətində ən qəti tədbirlərin görülməsi təmin olunur

Prokurorluq orqanları tərəfindən korrupsiya cinayətlərinin təhlükəli təzahürlərindən olan rüşvətxorluğa qarşı kəsərli mübarizə tədbirləri davam etdirilərək son günlər bu kateqoriyadan olan cinayət faktlarının aşkar edilməsi istiqamətində bir sıra əməliyyat-istintaq tədbirləri həyata keçirilmişdir.

Belə ki, 2-ci qrup əlil Talıb Fərəcovun təkrar müəyinədən keçərək əlillik dərəcəsinin təyin olunması üçün ondan rüşvət tələb edilməsi barədə 3 oktyabr 2011-ci il tarixdə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin "161-Qaynar xətt" əlaqə mərkəzinə etdiyi müraciəti üzrə təxirəsalınmaz tədbirlər həyata keçirilmiş, cinayət törətmiş şəxs ifşa olunaraq məsuliyyətə cəlb edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11 saylı Tibbi Sosial-Ekspert Komissiyasının sədri Vahid Gülmalıyev təkrar komissiyadan keçmək üçün müraciət edən Talıb Fərəcovdan 2-ci qrup əlillik dərəcəsinin təyin olunmasından ötrü 500 manat məbləğində rüşvət tələb etmiş, sonuncu bir gün sonra 400 manat düzəldə biləcəyini bildirdikdən sonra bu barədə onunla razılaşmışdır. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində 5 oktyabr 2011-ci il tarixdə Vahid Gülmalıyev 11 saylı Tibbi Sosial Ekspert Komissiyasının fəaliyyət göstərdiyi binada Talıb Fərəcovdan 400 manat məbləğində rüşvət alarkən cinayət başında yaxalanmışdır. Faktla bağlı Cinayət Məcəlləsinin 311.1.1-ci maddəsi ilə cinayət işi başlanmış, Vahid Gülmalıyevə həmin maddə ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Bundan başqa Bərdə rayonunun Vəliuşaqlı kəndində məskunlaşmış Laçın rayonundan məcburi köçkün Əhəd Süleymanov 4 oktyabr 2011-ci il tarixdə Korrupsiyaya qarşı mübarizə idarəsinin "161-Qaynar xətt" əlaqə mərkəzinə müraciət edərək arvadı Zəhra Əhmədovanın orta məktəbə müəllim təyin edilməsi üçün Laçın rayon Təhsil Şöbəsinin kadr işləri üzrə məsləhətçisi vəzifəsində işləyən Aqil Cabbarovun ondan 1.500 manat rüşvət tələb etdiyini və tələb olunan rüşvətin müqabilində 1.000 manat pul verəcəyi barədə onunla razılaşdığını bildirmişdir. Aqil Cabbarov 6 oktyabr 2011-ci il tarixdə Ağcabədi rayonu Taxtakörpü qəsəbəsində yerləşən Laçın rayonu Təhsil Şöbəsindəki xidməti otağında Ə.Süleymanovdan 1.000 manat rüşvət alarkən Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları tərəfindən cinayət başında tutulmuşdur. Baxış keçirilərkən şikayətçinin prokurorluq orqanına müraciəti üzrə protokolla rəsmiləşdirilmiş seriya və nömrələri ilə eynilik təşkil edən cəmi 1.000 manat olan 100 manatlıq pul əskinazları A.Cabbarovun xidməti otağında aşkar edilərək hal şahidlərinin iştirakı ilə götürülərək rəsmiləşdirilmişdir. Toplanmış material üzrə başlanmış cinayət işi üzrə Aqil Cabbarov Cinayət Məcəlləsinin rüşvət almaya görə məsuliyyət nəzərdə tutan 311.1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Hazırda qeyd edilən cinayət işləri üzrə ibtidai istintaq davam etdirilir. Göstərilənlərlə yanaşı, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində mövcud olan problemlərin aradan qaldırılması, xidməti, icra və əmək intizamını pozan, prokurorluq işçisi adına ləkə gətirən hərəkətlərə yol verən əməkdaşlar barəsində daxil olan hər bir müraciət üzrə prinsipial araşdırmalar aparılmaqla təxirəsalınmaz qətiyyətli tədbirlər həyata keçirilir.

Belə ki, Bakı şəhər sakini Tatyana Moiseyevanın əri Eldəniz Əliyevin şübhəli şəxs qismində tutulduğu cinayət işi üzrə istintaq dövründə onun azadlığa buraxılması üçün alınmış pulun geri qaytarılmaması ilə bağlı müraciəti əsasında aparılmış xidməti araşdırma zamanı müəyyən olunmuşdur ki, İlqar Məmmədovun qəsdən öldürülməsi faktı ilə əlaqədar başlanmış cinayət işi üzrə Gəncə şəhər prokurorluğunun sabiq müstəntiqi İqbal Tağıyev şübhəli şəxs qismində tutulmuş Eldəniz Əliyevin 23.0 min ABŞ dolları müqabilində cinayət məsuliyyətindən azad edilməsi məqsədi ilə Daşkəsən rayon prokurorunun köməkçisi Cavanşir Nəsibov və həmin rayon sakini Elnur Əmrahovun vasitəçiliyi ilə atası Bayram Əliyevlə sövdələşib 23.0 min ABŞ dolları məbləğində pulu aldıqdan sonra Eldəniz Əliyevi cinayətdə iştirak etməsinin təsdiqini tapmaması əsası ilə azad etmişdir. Lakin mərhum İlqar Məmmədovun qohumları şikayət edərək Eldəniz Əliyevin azadlığa buraxılmasına etirazlarını bildirmiş və həmin səbəbə görə İqbal Tağıyev aldığı 23.0 min ABŞ dolları məbləğində pulu Cavanşir Nəsibovun vasitəsi ilə Bayram Əliyevə qaytarmışdır. Yalnız bundan sonra Eldəniz Əliyev cinayət məsuliyyətinə cəlb edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.4-cü maddələri ilə ittiham elan olunmuş və barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin istintaqının tam, hərtərəfli və obyektiv aparılmasının təmin edilməsi məqsədi ilə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin Kriminalistika şöbəsinin prokuroru İqbal Tağıyev və Daşkəsən rayon prokurorunun böyük köməkçisi Cavanşir Nəsibov cinayət işinin istintaqı müddətində yekun qərarı qəbul edilənədək Baş prokurorun 23 sentyabr 2011-ci il tarixli əmri ilə tutduqları vəzifədən kənarlaşdırılmış və barələrində toplanmış material üzrə Cinayət Məcəlləsinin 178.3.2 və 308.1-ci maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən istintaq edilən cinayət işlərinin nəticəsinə dair, habelə idarənin "Qaynar xətt" əlaqə mərkəzinə daxil olan müraciətlər üzrə görülmüş tədbirlər barədə ictimaiyyətə mütəmadi olaraq məlumatların verilməsi təmin ediləcəkdir.