Korrupsiyaya qarşı mübarizə üzrə dövlət proqramlarının monitorinqi üzrə işçi qrupunun 4-cü iclası keçirilib.
2025-ci il 23 may tarixində Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının (bundan sonra – Komissiya) “Korrupsiyaya qarşı mübarizə üzrə dövlət proqramlarının monitorinqi üzrə” işçi qrupunun onlayn formatda sayca 4-cü iclası keçirilib.
İclasa Komissiyanın katibi Təbriz Musayev sədrlik edib, gündəliyə “Korrupsiya ilə mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın (MFP) qiymətləndirilməsi metodologiyası layihəsinin (bundan sonra – metodologiya layihəsi) növbəti tədbirləri üzrə hasilat indikatorlarının müzakirəsi daxil edilib. Katib əvvəlki iclaslarda maraqlar toqquşması, əmlak hüquqlarının leqallaşdırılması, əməkhaqqı diferensiasiyası və digər mövzular üzrə qəbul edilmiş ilkin qərar və təklifləri xatırladaraq, bu sessiyanın məqsədinin məhkəmə-hüquq sahəsində və dövlət satınalmalarında şəffaflığın, bələdiyyə maliyyə fəaliyyətlərində açıq idarəetmənin gücləndirilməsi, habelə MFP tədbirləri üzrə indikatorların təkmilləşdirilməsi olduğunu vurğulayıb. O, metodologiya layihəsinin praktiki tətbiqində beynəlxalq təcrübənin, ictimai rəyin və dövlət orqanlarının institusional yanaşmalarının nəzərə alınmasının əhəmiyyətini qeyd edib.
İclas çərçivəsində işçi qrupun sədrliyinə namizəd kimi Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin Məlumatların qəbulu və qiymətləndirmə sektorunun baş məsləhətçisi Azər Bayramov irəli sürülüb və iştirakçıların yekdil qərarı ilə işçi qrupun sədri seçilib. Bu qərar fəaliyyətin daha məqsədyönlü və sistemli təşkili baxımından önəmli addım kimi qiymətləndirilib.
İlk olaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (bundan sonra – Maliyyə Nazirliyi) tərəfindən MFP-nin 2.1-ci tədbiri üzrə təkliflər təqdim olunub. Təkliflər dövlət və hüquq mühafizə orqanlarında çalışan işçilərin, Komissiya Katibliyinin əməkdaşlarının və hakimlərin sosial təminatının yaxşılaşdırılması məqsədilə əməkhaqlarının mərhələli artırılmasını əhatə edib. Nazirlik qeyd edib ki, bu tədbirlərin icrası əlavə büdcə vəsaiti deyil, mövcud resurslar çərçivəsində həyata keçirilməlidir.
Təbriz Musayev beynəlxalq təcrübəyə istinadla sosial təminatın yalnız maaş artımı ilə məhdudlaşmadığını, sığorta və mükafatlandırma mexanizmlərinin də əhəmiyyətli olduğunu bildirib. Azər Bayramov maaş artımlarının inflyasiyaya deyil, işin məsuliyyət və risk səviyyəsinə əsaslanmalı olduğunu vurğulayıb.
2.1-ci tədbir üzrə hasilat meyarları müzakirə olunub: 2022–2024-cü illərdə maaş artımı tətbiq olunan işçilərin nisbəti, artım faizləri, əməkhaqqı metodologiyasının mövcudluğu və vəzifələrin ixtisas tələblərinə uyğun tarifləşdirilməsi kimi göstəricilər müəyyənləşdirilib.
Daha sonra 3.2-ci tədbir – maliyyə hesabatlarının “e-mühasibat” elektron portalı vasitəsilə təqdim edilməsi məsələsi müzakirə edilib. İştirakçılar bu sistemin şəffaflıq və inzibati sadələşdirmə baxımından vacibliyini qeyd ediblər. Hasilat meyarlarına elektron hesabat verən subyektlərin payı, açıq informasiya imkanlarının mövcudluğu və dövlət vəsaitlərindən istifadənin effektivliyini ölçən analitik funksiyaların yaradılması daxil edilib.
Ardınca 3.3-cü tədbir – dövlət büdcəsindən ayrılan vəsaitlərin səmərəli xərclənməsi ilə bağlı nəzarət tədbirlərinin təkmilləşdirilməsi müzakirə olunub. Burada əsas diqqət maliyyə nəzarətinin nəticələrinin hüquq mühafizə orqanlarına göndərilməsi, ictimaiyyətin məlumatlandırılması və beynəlxalq peşə standartlarına (ISA 315, ISA 320, ISA 450) uyğunluğa yönəlib.
Katib T.Musayev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 410-cu maddəsini iştirakçıların diqqətinə çatdırmışdır. O bildirmişdir ki, bu maddədə nəzərdə tutulan pozuntuların hüquqi təhlili zamanı maddənin “qeyd” hissəsinə xüsusi diqqət yetirilməlidir. T.Musayevin sözlərinə görə, həmin hissəyə baxanda aydın olur ki, belə hallarda cinayət tərkibinin olub-olmamasını müəyyənləşdirmək üçün materiallar mütləq aidiyyəti hüquq mühafizə orqanına göndərilməlidir və yalnız həmin orqanın qərarından sonra məsuliyyətin inzibati qaydada tətbiq olunub-olunmaması bəlli ola bilər. Onun sözlərinə görə, bu mexanizm şəffaflıq baxımından müsbət addımdır, çünki həm maliyyə nəzarəti orqanları, həm də hüquq mühafizə strukturları prosesdə paralel iştirak edir və bu, ikili nəzarət mexanizmi yaradır.
“Qadın, İnkişaf, Gələcək” İctimai Birliyinin sədri Gülşən Axundova aşağı vəzifəli işçilərin sosial təminatında əlavə mükafatların korrupsiyaya qarşı profilaktik əhəmiyyətini vurğulayıb. Müstəqil ekspert Həbib Cəfərov isə korrupsiya ilə mübarizə proqramlarının elektron monitorinqi üçün vahid informasiya sisteminin yaradılmasını təklif edib. Onun fikrincə, bu platforma nəticələrin (hasilat və qatqı meyarları üzrə) real vaxtda izlənməsini və ölkə üzrə korrupsiya risklərinin mütəmadi xəritələşdirilməsini təmin edəcək.
İclasın yekununda Təbriz Musayev bütün təkliflərin metodoloji çərçivəyə uyğun sistemləşdirilərək aidiyyəti qurumlara göndəriləcəyini və növbəti iclasın vaxtı barədə əlavə məlumat veriləcəyini bildirib.