Korrupsiyaya qarşı mübarizə üzrə dövlət proqramlarının monitorinqi üzrə işçi qrupunun 3-cü iclası keçirilib.
2025-ci il 13 may tarixində Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının (bundan sonra – Komissiya) Korrupsiyaya qarşı mübarizə üzrə dövlət proqramlarının monitorinqi üzrə işçi qrupunun onlayn formatda 3-cü iclası keçirilib.
İclasa Komissiyanın katibi Təbriz Musayev sədrlik edib. Katib əvvəlki iclasda maraqlar toqquşması, əmlak hüquqlarının leqallaşdırılması, əməkhaqqı diferensiasiyası və digər məsələlərin geniş müzakirə olunduğunu xatırladaraq bildirib ki, bu sessiyanın əsas məqsədi məhkəmə-hüquq sahəsində və dövlət satınalmalarında şəffaflığın, bələdiyyə maliyyə fəaliyyətlərində hesabatlılığın artırılması, həmçinin “Korrupsiya ilə mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın (MFP) qiymətləndirilməsi metodologiyası layihəsinin (bundan sonra – metodologiya layihəsi) üzrə növbəti tədbirlərin hasilat indikatorlarının təkmilləşdirilməsidir. O, metodologiya layihəsinin praktiki tətbiqində beynəlxalq təcrübənin, ictimai rəyin və dövlət orqanlarının institusional yanaşmalarının nəzərə alınmasının vacibliyini vurğulayıb.
İclasda qonaq qismində Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası (bundan sonra – MHŞ) Aparatının Məhkəmə monitorinqi və preventiv tədbirlər şöbəsinin Preventiv tədbirlər sektorunun müdiri Kərəm Hüseynli iştirak edib. Bundan əlavə, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəisi Natiq Eyvazovun Komissiyanın Katibliyinə müraciəti əsasında bugünkü iclasa həmin idarənin prokuroru vəzifəsində çalışan Nicat Nağıyevin qatılması tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Kərəm Hüseynli çıxışında məhkəmə sahəsində elektron fəaliyyətin vəziyyəti barədə məlumat verib, “Elektron məhkəmə” informasiya sisteminin inkişafı və qarşıdakı mərhələlərdən danışıb. O, bu sistemin təkcə texniki proseslərin avtomatlaşdırılması deyil, həm də məhkəmə fəaliyyətində şəffaflıq, vətəndaşlara əlçatanlıq və ictimai etimadın gücləndirilməsi baxımından əhəmiyyətli olduğunu qeyd edib. Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) tövsiyələrinin nəzərə alınması, statistik hesabatların açıq dərc edilməsi və hakimlərin iş bölgüsünün yeni qaydalarla tənzimlənməsi zərurəti vurğulanıb.
MFP-nin 2.2-ci tədbiri çərçivəsində “Elektron məhkəmə” sisteminin bütün regionlarda tətbiqi, funksionallığın artırılması, istifadəçi məmnunluğunun sosioloji tədqiqatlarla ölçülməsi və təhlükəsizlik standartlarının beynəlxalq normalara uyğunlaşdırılması kimi indikatorlar müzakirə edilib. Bu indikatorların icrası məhkəmə proseslərinin səmərəliliyinin artırılmasına və korrupsiya risklərinin azaldılmasına xidmət edəcək. 2.3-cü tədbir üzrə isə MHŞ-nin formalaşdırılmasının təkmilləşdirilməsi məsələləri nəzərdən keçirilib və Hakimlər Konfransında üzvlərin açıq səsvermə ilə seçilməsi, Hakimlərin Qiymətləndirilməsi Komitəsinin yaradılması və yeni hesabat formalarının hazırlanması kimi təkliflər səsləndirilib.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin Məlumatların qəbulu və qiymətləndirmə sektorunun baş məsləhətçisi Azər Bayramov vətəndaşların hakimlər barədə şikayətlərinin digər şikayətlər kimi Prezident Administrasiyası tərəfindən toplanıldığını, statistikanın aparıldığını və bu təcrübənin MHŞ səviyyəsində də tətbiqinin məqsədəuyğun olacağını qeyd edib. O, hakimlər üzrə şikayət statistikasının ictimaiyyətə açıqlanmasının korrupsiya risklərinin azaldılmasına və ictimai etimadın möhkəmlənməsinə töhfə verəcəyini vurğulayıb.
“Qadın, İnkişaf, Gələcək” İctimai Birliyinin sədri Gülşən Axundova və digər iştirakçılar elektronlaşmanın tam şəkildə kağız daşıyıcısının ləğvi ilə həyata keçirilməsinin risklərini qeyd ediblər. Onların fikrincə, elektron və kağız sistemlərinin paralel işləməsi həm şəffaflığın, həm də məlumat təhlükəsizliyinin təmininə daha yaxşı xidmət edər.
İştirakçılar həmçinin süni intellekt və rəqəmsal həllərin korrupsiya risklərinin təhlili və dövlət orqanlarının fəaliyyətinə nəzarətdə istifadəsinin əhəmiyyətini vurğulayıblar. Bu texnologiyaların tətbiqi idarəetmə mexanizmlərini çevik və nəticəyönümlü edəcək, beynəlxalq təcrübənin öyrənilməsi və süni intellektin korrupsiyaya qarşı mübarizə strategiyasına inteqrasiyasının zəruriliyini önə çəkiblər.
Natiq Eyvazov çıxışında beynəlxalq komplays standartlarının tətbiqindən danışaraq Fransa, ABŞ və Böyük Britaniya təcrübələrinə istinad edib. O, bəzi ölkələrdə bu standartların məcburi, bəzilərində isə tövsiyə xarakterli olduğunu bildirib. Onun fikrincə, məcburi tətbiq risklərin qarşısının alınması baxımından daha səmərəlidir, könüllü tətbiq isə reputasiya və preventiv xarakter daşıyır. O, korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi və hüquqi şəxslərin məsuliyyəti sahəsində beynəlxalq təcrübəni qeyd edərək ABŞ-da əməkdaşın iradəsi ilə hüquqi şəxsin iradəsinin eyniləşdirilməməsinin məsuliyyət bölgüsündə mühüm rol oynadığını vurğulayıb.
Bələdiyyələrin fəaliyyəti ilə bağlı müzakirələrdə Azər Bayramov MFP-nin 2.16-cı tədbiri çərçivəsində bələdiyyələrin gəlir və xərclərinin vahid portalda toplanmasının və ictimai rəyin nəzərə alınmasının vacibliyini bildirib. O, bu prosesin bələdiyyələrin hesabatlılığını və vətəndaşların qərarvermədə iştirakını artıracağını qeyd edib.
“Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi” İctimai Birliyinin sədri Zaur İbrahimov dövlət proqramlarının sosial-iqtisadi təsirlərini əks etdirən indikatorların tətbiqinin əhəmiyyətini vurğulayıb. O, MFP-nin 2.12–2.14-cü tədbirləri üzrə idarədaxili nəzarət, ictimai iştirakçılıq və illik hesabatlılıq prinsiplərinin ayrıca indikator kimi əlavə olunmasını təklif edib. Z.İbrahimov bu yanaşmanın İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) modelləri və digər beynəlxalq modellər ilə uyğunluğunu qeyd edərək dövlət satınalmalarında şəffaflığın və vəsaitlərin səmərəli istifadəsinin artırılmasına xidmət edəcəyini bildirib.
Müstəqil ekspert Həbib Cəfərov korrupsiya risklərinin sistemli şəkildə xəritələşdirilməsinin və elektron idarəetmə mexanizminin yaradılmasının vacibliyini vurğulayıb. O, 2025-ci ildə “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanuna edilmiş dəyişikliklərlə risklərin idarə olunması mexanizmlərinin hüquqi əsas qazandığını xatırladıb və ölkə üzrə “Korrupsiya Risk Xəritəsi”nin hazırlanmasını təklif edib. Onun fikrincə, bu sistem təkrarlanan riskləri müəyyənləşdirməyə, məlumatların mərkəzləşdirilməsinə və Komissiyanın işini asanlaşdırmağa imkan verəcək.
İclas zamanı həmçinin dövlət xidmətlərinin elektronlaşdırılması, şəffaflığın artırılması, dövlət satınalmalarında rəqabətlilik və ictimai nəzarət mexanizmlərinin genişləndirilməsi kimi məsələlər də müzakirə olunub. Tədbirlər üzrə indikatorlar beynəlxalq təcrübə ilə müqayisə edilib, Birləşmiş Millətlər Təşkilatının (BMT), Avropa Şurasının Korrupsiyaya Qarşı Dövlətlər Qrupunun (GRECO) və OECD-nin müvafiq modelləri ilə uyğunluğu qiymətləndirilib.
İclasın sonunda Komissiyanın katibi Təbriz Musayev müzakirə olunan bütün təkliflərin metodoloji çərçivəyə uyğun təhlil edilərək aidiyyəti dövlət qurumlarına göndəriləcəyini bildirib. O, beynəlxalq təcrübə ilə milli reallıqların uzlaşdırılmasının ictimai etimadın möhkəmlənməsi baxımından önəmini vurğulayıb və növbəti iclasda digər tədbirlərin geniş müzakirə ediləcəyini elan edib.