Korrupsiyaya qarşı mübarizə üzrə dövlət proqramlarının monitorinqi üzrə işçi qrupunun 2-ci iclası keçirilib
2025-ci il 12 may tarixində Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının (bundan sonra – Komissiya) Korrupsiyaya qarşı mübarizə üzrə dövlət proqramlarının monitorinqi üzrə işçi qrupunun onlayn formatda 2-ci iclası keçirilib.
İclasa Komissiyanın katibi Təbriz Musayev sədrlik edib, öncəki iclas “Korrupsiya ilə mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın (MFP) effektiv icrasının qiymətləndirilməsi məqsədilə müəyyənləşdirilmiş metodoloji çərçivəni diqqətə çatdırıb və gündəliyə uyğun olaraq bugünkü iclasın Komissiyanın Katibliyi tərəfindən hazırlanmış “Korrupsiya ilə mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın qiymətləndirilməsi metodologiyası layihəsinin tədbirlər üzrə hasilat (output) indikatorlarının müzakirəsinə həsr olduğunu vurğulayıb.
İclasında əvvəlində Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəisi Natiq Eyvazovun Komissiyanın Katibliyinə müraciəti əsasında bugünkü iclasa həmin idarənin prokuroru vəzifəsində çalışan Nicat Nağıyevin qatılması tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Müzakirələr zamanı maraqlar toqquşması, sosial təminat, ünvan qeydiyyatı, bələdiyyə torpaqları, əməkhaqqı diferensiasiyası, şəffaflıq və ictimai hesabatlılıq məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Nicat Nağıyev çıxış edərək “güman edilən maraqlar toqquşması” anlayışının geniş şərh oluna biləcəyini bildirib və bu müddəanın alternativ formada ifadə olunmasını təklif edib. Təbriz Musayev cavabında anlayışın beynəlxalq təcrübədə tətbiq olunduğunu və erkən mərhələdə risklərin qarşısının alınmasına xidmət etdiyini vurğulayıb.
Daha sonra sosial hüquqlar və qeydiyyat məsələləri müzakirə olunub. “Qadın, İnkişaf, Gələcək” İctimai Birliyinin sədri Gülşən Axundova qeydiyyatsız vətəndaşların sosial hüquqlara çıxışında problemləri qeyd edərək Almaniya modelinə əsaslanan “müvəqqəti qeydiyyat” mexanizminin yaradılmasını təklif edib. O, bu sistemin “myResidence.az” adlı elektron platforma vasitəsilə tətbiq edilməsinin və dövlət sistemləri ilə inteqrasiya olunmasının vacibliyini vurğulayıb. Təklif olunan modelin sosial hüquqlara bərabər çıxış və ünvan reyestrinin dəqiqləşdirilməsinə töhfə verəcəyi bildirilib.
Müzakirələrin davamında daşınmaz əmlak bazarında şəffaflığın artırılması məsələsinə toxunulub. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Daxili nəzarət şöbəsinin Daxili audit sektorunun müdiri Ruslan Qaralov çoxmənzilli binalarda bir mənzilin bir neçə şəxsə satılması hallarına diqqət çəkərək, Ukrayna təcrübəsinə uyğun olaraq binaların planlarının onlayn portallarda dərc edilməsini təklif edib. Təbriz Musayev elektron xidmətlərin vahid əsasnaməyə uyğun tənzimlənməsinin vacibliyini və yanlış məlumatların Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən məsuliyyət doğurduğunu qeyd edib.
Ardınca şəffaflıq və ictimai hesabatlılıq məsələləri gündəmə gətirilib. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Daxili nəzarət və audit şöbəsinin İcra və əmək intizamına nəzarət sektorunun müdiri Ruslan Cavadov və Gülşən Axundova qiymətləndirmə nəticələrinin ictimaiyyətə açıq şəkildə açıqlanmasının şəffaflığı gücləndirəcəyini bildiriblər. “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərli hasilat indikatorlarının yalnız statistik deyil, həm də xidmət keyfiyyəti və vətəndaş təcrübələrinə əsaslanmasını təklif edib.
Müzakirələr çərçivəsində torpaq idarəçiliyi məsələlərinə də diqqət yetirilib. Azərbaycan Respublikasının Milli Məclisi Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin İnsan hüquqları üzrə qanunvericilik sektorunun müdiri Sarvan Sadiqov bələdiyyə torpaqlarından səmərəli istifadə olunmaması və elektron qeydiyyat sistemlərinin tətbiqi zərurətini vurğulayıb. T.Musayev məsələnin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Baş İdarəsinə və müvafiq Assosiasiyaya yönləndirilməsini məqsədəuyğun hesab edib.
İclasda əməkhaqqı artımlarının qiymətləndirilməsi məsələsi də müzakirə olunub.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin Məlumatların qəbulu və qiymətləndirmə sektorunun baş məsləhətçisi Azər Bayramov korrupsiya riski yüksək sahələrdə əməkdaşların daha yüksək təminata malik olmasının vacibliyini qeyd edib. Ramil İskəndərli inflyasiyanın nəzərə alınmasının, Sarvan Sadiqov isə əməkhaqqı kateqoriyalarının fərqləndirilməsinin əhəmiyyətini vurğulayıblar. Təbriz Musayev əməkhaqqı diferensiasiyasının yalnız vəzifə dərəcəsinə görə deyil, işin risk səviyyəsinə və məsuliyyətinə uyğun müəyyən edilməsini zəruri sayıb. R.Cavadov və G.Axundova bu artımların nəticələrinin ictimai əsaslandırılmasının vacibliyini qeyd ediblər.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin Məlumatların qəbulu və qiymətləndirmə sektorunun baş məsləhətçisi Azər Bayramov korrupsiya riski yüksək sahələrdə əməkdaşların daha yüksək təminata malik olmasının vacibliyini qeyd edib. Ramil İskəndərli inflyasiyanın nəzərə alınmasının, Sarvan Sadiqov isə əməkhaqqı kateqoriyalarının fərqləndirilməsinin əhəmiyyətini vurğulayıblar. Təbriz Musayev əməkhaqqı diferensiasiyasının yalnız vəzifə dərəcəsinə görə deyil, işin risk səviyyəsinə və məsuliyyətinə uyğun müəyyən edilməsini zəruri sayıb. R.Cavadov və G.Axundova bu artımların nəticələrinin ictimai əsaslandırılmasının vacibliyini qeyd ediblər.
Müzakirələrin yekununda korrupsiya barədə məlumat verən şəxslərin stimullaşdırılması məsələsi gündəmə gətirilib. R.İskəndərli belə şəxslərin ictimai tanınmasının və təşviq olunmasının korrupsiyaya qarşı dözümsüzlük mədəniyyətini gücləndirəcəyini vurğulayıb. Onun fikrincə, bu istiqamətdə nominasiya və ya mükafat sisteminin yaradılması, eləcə də dövlət qurumlarının bu şəxsləri necə təşviq etdiyini ölçən indikatorların əlavə olunması məqsədəuyğundur.
İclasın sonunda Komissiyanın katibi Təbriz Musayev bütün təkliflərin metodologiya layihəsi çərçivəsində Komissiyanın Katibliyi tərəfindən təhlil ediləcəyini bildirib və iştirakçılara təşəkkür edərək növbəti iclasda MFP-nin digər bəndlərinin müzakirə ediləcəyini elan edib.