AZ1066, İstiqlaliyyət küçəsi 19, Bakı, Azərbaycan

Korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilmiş son tədbirlər barədə Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə komissiyasının məlumatı

2011-ci il yanvarın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin iclasında göstəriş vermişdir ki, ölkənin iqtisadi inkişafına mane ola bilən bütün mənfi hallar aradan qaldırılmalıdır. Cənab Prezident xüsusilə vurğulamışdır ki, "Biz biznes mühitinin yaxşılaşdırılması üçün əlavə tədbirlər görməliyik. Bürokratik əngəllər aradan qaldırılmalı, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə daha da ciddi aparılmalı, ictimai nəzarət gücləndirilməlidir. Bütün bunlar çox vacib məsələlərdir. Biz istədiyimizə nail olsaq, Azərbaycan iqtisadiyyatı daha da sürətlə inkişaf edəcək, ümumi daxili məhsulumuz daha da artacaq, vergilərdən daha da çox vəsait daxil olacaq və bunun nəticəsində Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlər də azalacaqdır". Nazirlər Kabinetinin iclasından sonra 2011-ci il yanvarın 27-də Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə komissiyası bütün aidiyyəti dövlət orqanlarının iştirakı ilə xüsusi iclas keçirmişdir. Ölkədə inkişaf meyillərinə mane ola biləcək mənfi halların aradan qaldırılması, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi üçün dövlət orqanlarına ciddi tapşırıqlar verilmişdir. Mənfi halların aradan qaldırılması, dövlət orqanlarının fəaliyyətində şəffaflığın və səmərəliliyin artırılması zərurəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən, həmçinin 2011-ci il fevralın 9-da Tovuz və Qazax rayon ictimaiyyətinin nümayəndələri ilə görüşlərində bir daha vurğulanmışdır. Qazax rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə Prezident İlham Əliyev bəyan etmişdir ki, sahibkarlığın inkişafına xüsusi diqqət yetiriləcəkdir və bunun üçün siyasi dəstək çox vacibdir. Prezident daha sonra bildirmişdir ki: "Sahibkarlara qarşı ədalətsiz hərəkətlərin aradan qaldırılması üçün son zamanlar çox ciddi tədbirlər görülür. Bu tədbirlər mütəmadi qaydada görülür, amma mən hesab edirəm ki, biz bu sahədə səylərimizi daha da gücləndirməliyik. Əsassız müdaxilələrə, lazımsız yoxlamalara son qoyulmalıdır". "Azərbaycanda böyük işlər görülür, hələ çox işlər də görülməlidir. Biz ölkəmizi müasirləşdirməliyik, bütün cəhətlərdən - həm siyasi islahatlar, həm də iqtisadi islahatlar baxımından inkişaf etmiş ölkələrin səviyyəsinə çatdırmalıyıq. Ölkədə ictimai nəzarət daha da güclü olmalıdır, rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə daha da ciddi aparılmalıdır. Bu məsələlərin həlli ilə bağlı bu ilin əvvəlində Nazirlər Kabinetinin iclasında verdiyim tapşırıqlar yerinə yetirilir". "Bizim qarşımızda çox böyük perspektivlər vardır. Azərbaycan, sözün əsl mənasında, inkişaf etmiş ölkəyə çevrilməlidir və bu, bizim məqsədimizdir. Mən bu barədə fikirlərimi dəfələrlə bildirmişəm. Baxmayaraq ki, dünyada inkişaf etmiş ölkələrin sayı çox deyil, hesab edirəm, bizim imkanımız var ki, biz bütün meyarlar üzrə o sıraya daxil olaq. Bunu etmək üçün təkcə iqtisadi uğurlar kifayət deyil. Ölkədə gərək bütün sahələr ən yüksək meyarlarla ölçülsün. Sosial təminat, infrastruktur layihələri, sosial ədalət prinsiplərinin bərqərar olması, məhkəmə-hüquq sistemində aparılan islahatlar və ədalətli qərarların çıxarılması, icra orqanlarında şəffaflığın təmin olunması, bütün maliyyə sistemimizdə şəffaflığın maksimum dərəcədə təmin olunması, ictimai nəzarət, demokratiyanın inkişafı - yəni inkişaf etmiş ölkələr bax bu sahələrdəki uğurlar hesabına inkişaf etmiş ölkələr hesab olunur". Tovuz rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə Prezident İlham Əliyev bildirmişdir: "Azərbaycanda görülən işlər dünyanın ən inkişaf etmiş ölkələri səviyyəsində olmalıdır. Biz o səviyyəyə qalxmalıyıq. Biz ona yaxınlaşmışıq, bir çox hallarda lap yaxınlaşmışıq. Amma hələ böyük işlər görülməlidir. Ölkəmizdə bütün işlər - iqtisadiyyat, sosial siyasət və bütün başqa məsələlər müasir səviyyədə olmalıdır. İnsanlar rahat yaşamalıdır, sosial ədalət prinsipləri tam şəkildə bərqərar olmalıdır. Nöqsanlarla çox ciddi mübarizə aparılmalıdır və aparılır. Bu sahədəki fəaliyyətimizi daha da gücləndirməliyik. Bu ilin əvvəlində mən bu məsələlərlə bağlı müvafiq göstərişlər vermişəm: Azərbaycanda rüşvətxorluğa, korrupsiyaya qarşı daha da ciddi mübarizə aparılmalıdır. Bu barədə kifayət qədər qanunvericilik bazası mövcuddur, göstərişlər verilmişdir, sərəncamlar imzalanmışdır. Elə etməliyik ki, Azərbaycanda bu xoşagəlməz halları aradan götürək. Bunu etmək üçün isə gərək biz hamımız - həm iqtidar, həm vətəndaşlar bir hədəfə vurmalıyıq". Azərbaycan Respublikasının Prezidenti 2011-ci il martın 1-də regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda aşağıdakıları qeyd etmişdir: "Ölkəmiz üçün, o cümlədən sahibkarlığın inkişafı üçün vacib olan məsələlərdən biri də Azərbaycanda korrupsiya və rüşvətxorluğa qarşı mübarizəni gücləndirməkdir. Bu barədə mən öz sözümü ilin əvvəlində Nazirlər Kabinetinin iclasında demişəm, müvafiq göstərişlər verilibdir. İndi deyə bilərəm ki, ölkəmizin bütün yerlərində bu məsələ ilə bağlı ciddi proseslər gedir. Biz ilkin müsbət nəticələri görürük və elə etməliyik ki, bu nəticələr daha da gözə görünən, daha da təsirli olsun. Bu proses birillik, ya ikiillik proses deyil və bu, kampaniya deyil, bizim şüurlu seçimimizdir. Əgər biz doğrudan da, Azərbaycanı müasir ölkə kimi görmək istəyiriksə və bütün sahələrdə inkişafı görmək istəyiriksə, xoşagəlməz hallara qarşı mütləq ciddi mübarizə aparmalıyıq. Korrupsiya və rüşvətxorluq böyük bəladır, böyük yaradır və bizim üçün böyük ləkədir. Elə etməliyik ki, bütün sahələrdə şəffaflıq təmin edilsin. Burada, əlbəttə ki, həm inzibati tədbirlər görülür və görüləcəkdir. Cəza tədbirləri görülür və görüləcəkdir. Eyni zamanda, biz struktur islahatlarını elə aparmalıyıq ki, korrupsiya, rüşvətxorluq tamamilə aradan götürülsün. Son müddət ərzində mənim tərəfimdən imzalanmış sərəncamlar bu məqsədi güdür. Yəni biz struktur islahatlarından, institusional metodlardan korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizəni gücləndirmək üçün istifadə etməliyik. Ancaq əlbəttə ki, təkcə struktur islahatları aparmaqla biz istədiyimiz nəticəyə nail ola bilməyəcəyik. Ona görə bütün dövlət qurumları, bütün dövlət şirkətləri, yerli icra orqanları, mərkəzi icra orqanları bilməlidir ki, hər bir məmur öz işində elə işləməlidir ki, həmişə üzüağ olsun, alnıaçıq olsun". Dövlət orqanlarının fəaliyyətində şəffaflığın və səmərəliliyin artırılması məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti 2011-ci ilin fevral və mart aylarında bir sıra fərmanlar imzalamışdır. "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yol patrul xidməti əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanı 2011-ci il fevralın 25-də imzalanmışdır. Fərmana əsasən, yol hərəkəti qaydalarının pozulmasına görə ödənilən cərimələrdən daxil olan vəsaitin 25 faizi yol patrul xidmətini həyata keçirən və yol hərəkətinin tənzimlənməsinə cəlb olunan əməkdaşların aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə olunacaqdır. Həmçinin yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrin yalnız bank və ya plastik kart vasitəsilə ödənilməsi nəzərdə tutulmuşdur. Daxili İşlər Nazirliyinə tapşırılmışdır ki, sürücülük vəsiqələrinin vətəndaşlardan alınması yalnız İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş istisna hallarda həyata keçirilsin. Həmçinin nazirliyə tapşırılmışdır ki, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində xidmət edən əməkdaşlar tərəfindən qulluq vəzifələrinin icrası və inzibati xətalara baxılması zamanı qanunvericiliyin tələblərinə ciddi riayət olunmasına nəzarəti gücləndirsin. "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanı 2011-ci il fevralın 25-də imzalanmışdır. Fərmana əsasən, gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 25 faizi Dövlət Gömrük Komitəsinin əməkdaşlarının aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə olunacaqdır. Həmçinin Dövlət Gömrük Komitəsinə, Daxili İşlər və Ədliyyə nazirliklərinə tapşırılmışdır ki, Azərbaycan Respublikası ərazisinə idxal edilən nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi, dövlət qeydiyyatının aparılması, daimi uçota alınması, nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyatı nişanının verilməsi, habelə nəqliyyat vasitələrinə sahiblik, istifadə və sərəncam hüquqlarının verilməsi ilə əlaqədar prosedurların "bir pəncərə" prinsipi əsasında sadələşdirilməsini üç ay müddətində təmin etsinlər. Dövlət Gömrük Komitəsinə bütün gömrük ödənişlərinin yalnız bank və ya plastik kart vasitəsilə alınması tapşırılmışdır. Fərmanla, həmçinin gömrük orqanlarında göstərilən xidmətlərin operativliyini və şəffaflığını artırmaq məqsədi ilə şəxslərin qəbul edilməsinin elektron idarəetmə sistemi ("elektron növbə") əsasında həyata keçirilməsi nəzərdə tutulur. Bununla yanaşı, Dövlət Gömrük Komitəsinə tapşırılmışdır ki, əməkdaşları tərəfindən qulluq vəzifələrinin icrası zamanı qanunvericiliyin tələblərinə ciddi riayət edilməsinə nəzarəti gücləndirsin. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tətbiqi ilə əlaqədar 2011-ci il martın 3-də Azərbaycan Respublikasının Prezidenti tərəfindən 3 fərman imzalanmışdır. Fərmanlar Dövlət Gömrük Komitəsinin, Nəqliyyat Nazirliyinin və Daxili İşlər Nazirliyinin fəaliyyətində şəffaflığı və səmərəliliyi artırmaq məqsədi daşıyır: - Nazirlər Kabinetinə tapşırılmışdır ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən xidmətlərin göstərilməsi və sənədlərin verilməsi, həmçinin dövlət qeydiyyatına alınmış nəqliyyat vasitəsi icarə müqaviləsi və ya etibarnamə əsasında başqa şəxsə verilərkən qeydiyyatın aparılması prosedurunun sadələşdirilməsinə dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin. Həmçinin Nazirlər Kabineti tərəfindən nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının verilməsinə görə tutulan dövlət rüsumunun məbləğinin dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə diferensiasiya edilməsinə dair təkliflərin hazırlanması nəzərdə tutulmuşdur; - Dövlət Gömrük Komitəsinə və Dövlət Sərhəd Xidmətinə tapşırılmışdır ki, gətirilməsi və aparılması qadağan edilən və ya məhdudlaşdırılan əşyaların siyahısı, dövlət rüsumu, bu sahədə müvafiq qanunvericilik aktları barədə məlumatı dövlət sərhədinin buraxılış məntəqələrində hər kəsin yaxşı görə biləcəyi lövhələrdə yerləşdirilməsini təmin etsinlər. Bununla yanaşı, gömrük rüsumuna cəlb olunan malların adları, həm də kodlar üzrə axtarışın həyata keçirilməsinə, gömrük ödənişlərinin məbləğlərinin öyrənilməsinə imkan verən və istifadəsi sadə olan elektron avadanlıqları altı ay müddətində dövlət sərhədinin buraxılış məntəqələrində hər kəsin yaxşı görə biləcəyi yerdə yerləşdirmək Dövlət Gömrük Komitəsinə həvalə edilmişdir; - Nəqliyyat Nazirliyinə tapşırılmışdır ki, qanunsuz olaraq nəqliyyat vasitələrinin dövlət nömrə nişanlarının açılması hallarını araşdırsın, təqsirli bilinən şəxslərin məsuliyyətə cəlb edilməsi və gələcəkdə belə halların baş verməməsi üçün zəruri tədbirlər görsün. 2011-ci il martın 11-də "Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədi ilə bir sıra tədbirlər haqqında" fərman imzalanmışdır. Sənədə əsasən, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin prokurorluq işçilərinin ümumi say tərkibi 60 ştat vahidi artırılaraq 40 nəfərdən 100 nəfərə çatdırılmışdır. Həmçinin, Nazirlər Kabinetinə tapşırılmışdır ki, bir ay müddətində Korrupsiyaya qarşı Mübarizə İdarəsinin işçilərinin aylıq vəzifə maaşlarının artırılmasını təmin etsin, o cümlədən idarənin fəaliyyətinin maddi-texniki təminatının yaxşılaşdırılması ilə bağlı digər zəruri tədbirlər görsün. Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi və dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması üçün Azərbaycan Respublikasının Prezidenti tərəfindən bir neçə qanun layihəsi Milli Məclisə təqdim edilmişdir. Azərbaycan Respublikasının Prezidenti tərəfindən bu ilin mart ayında Milli Məclisə təqdim edilən qanun layihəsində miqrasiya sahəsinə qanunvericiliyin pozulmasına görə toplanan cərimələrin 25 faizinin miqrasiya xidməti işçilərinin aylıq vəzifə maaşlarına əlavə olaraq verilməsi nəzərdə tutulur. Azərbaycan Respublikasının Prezidenti tərəfindən bu ilin mart ayında Milli Məclisə təqdim edilən digər qanun layihəsində "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Qanuna dəyişikliklərin edilməsi nəzərdə tutulur. Layihəyə görə indiyə qədər yalnız ibtidai istintaqı həyata keçirən Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə, həmçinin əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinin verilməsi nəzərdə tutulur. Bununla yanaşı, korrupsiya cinayətləri ilə bağlı əməliyyat-axtarış tədbirlərinin yalnız bu idarə tərəfindən həyata keçirilməsi təmin ediləcəkdir. Azərbaycan Respublikasının Prezidenti tərəfindən bu ilin fevral ayında Milli Məclisə təqdim edilən qanun layihəsi Cinayət Məcəlləsinə dəyişikliklərin edilməsini nəzərdə tutur. Layihə korrupsiya cinayətləri subyektlərinin dairəsini genişləndirməyi nəzərdə tutur. Yeni layihəyə əsasən, "Dövlət qulluğu haqqında" Qanunda nəzərdə tutulan bütün dövlət qulluqçuları, bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları, həmçinin xarici ölkələrin dövlət orqanlarının vəzifəli şəxsləri, xarici ölkələrin seçkili dövlət orqanlarının üzvləri, beynəlxalq təşkilatların vəzifəli şəxsləri və digər qulluqçuları, beynəlxalq parlament assambleyalarının üzvləri, beynəlxalq məhkəmələrin hakimləri və digər vəzifəli şəxsləri və digər şəxsləri korrupsiya cinayətlərinin subyektləri kimi tanınacaqdır. Həmçinin rüşvət alma və rüşvət vermə cinayətlərində rüşvətlə bağlı təklif və ya vədin qəbul edilməsi bu cinayətlərin tərkib hissəsi hesab ediləcəkdir. O cümlədən layihədə nüfuz alveri cinayətinin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur. 2011-ci il Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Turizm ili" elan edilmişdir. Bununla əlaqədar turizmin daha da inkişaf etdirilməsi, turistlərə vizaların verilməsi qaydalarının sadələşdirilməsi və bu sahədə şəffaflığın artırılması məqsədi ilə müvafiq qanun layihəsi hazırlanmışdır. Sənədə əsasən, bundan sonra turistlərin turizm şirkətləri vasitəsilə viza alması daha da asanlaşacaqdır. Turizm şirkətləri viza almaq üçün elektron qaydada (internet vasitəsilə) birbaşa Azərbaycan Respublikasının aidiyyəti səfirliklərinə və konsulluqlarına müraciət edə biləcəklər. Səfirliklər və konsulluqlar ən geci 15 gün müddətində müraciətlərə baxaraq viza verilməsini təmin edəcəklər. Vizalar elektron formada tərtib ediləcək və e-mail vasitəsilə sorğu edən turist şirkətinə təqdim ediləcəkdir. Bu qaydada verilən vizalar pasporta yapışdırılmır və sərhəd nəzarət-buraxılış məntəqəsindən keçərkən turist tərəfindən pasportla birgə təqdim olunur. Viza verilməsi üçün tələb olunan sənədlərin siyahısı, ərizə formaları, dövlət rüsumu və digər zəruri məlumatlar Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin və xarici ölkələrdəki səfirlik və konsulluqlarının internet səhifələrində yerləşdiriləcəkdir. 2011-ci il fevralın 16-da qüvvəyə minən yeni "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Qanunu korrupsiyaya qarşı mübarizə ilə əlaqədar normativ hüquqi aktların ekspertizasının aparılması qaydasını müəyyən edir. 2011-ci il martın 9-da Bakı şəhərinin və paytaxt ətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair müşavirədə Prezident İlham Əliyev Bakı şəhərində evlərin qeydiyyata alınması probleminin olduğunu vurğulamış və bu problemin həll edilməsinin vacibliyini qeyd etmişdir. Bu prosesdə xoşagəlməz və korrupsiya hallarının qarşısının alınması üçün şəhər icra hakimiyyətinin başçısına tapşırmışdır ki, həmin evlərin qeydiyyata alınması probleminin həlli məqsədilə onların qanunsuz tikilib-tikilməməsi məsələsi araşdırılsın, qeydiyyatın şəffaf və səmərəli mexanizmi hazırlansın və gələcəkdə bütün məsələlərin qanun çərçivəsində tənzimlənməsi və qanunsuz evlərin tikintisinin qarşısının alınması üçün ciddi tədbirlər görülsün. 2011-ci il martın 3-də Baş Prokurorluq tərəfindən korrupsiya cinayətləri ilə əlaqədar məlumatları qəbul etmək üçün xüsusi "161" nömrəli "qaynar xətt" təşkil edilmişdir. Asan istifadə edilən və pulsuz olan "qaynar xətt"in məqsədi korrupsiya cinayətləri barədə məlumatları və müraciətləri birbaşa vətəndaşlardan qəbul etməkdir. Yarandığı bir neçə gün ərzində Korrupsiyaya qarşı Mübarizə İdarəsi "qaynar xətt" vasitəsilə müxtəlif sahələrlə bağlı şikayətlər qəbul etmişdir. Korrupsiyaya qarşı mübarizə üzrə komissiyanın dəstəyi ilə www.rusum.az saytı yaradılmışdır. Saytda dövlət orqanları tərəfindən tətbiq edilən rüsum və tariflər barədə məlumatlar, dövlət orqanlarına müraciət üçün əlaqə ünvanları, müxtəlif sahələr üzrə rüsumların hesablanması üçün kalkulyatorlar yerləşdirilmişdir. O cümlədən komissiyanın dəstəyi ilə etik davranış qaydaları ilə bağlı www.etika.az saytı yaradılmışdır. Sayt dövlət qurumlarının nümayəndələrinin və vətəndaşların münasibətlərinin etik davranışları çərçivəsində tənzimlənməsinə dəstək vermək, bu sahədə maarifçilik və məlumatlandırma məqsədi daşıyır. Son vaxtlar korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş praktiki tədbirlər nəticəsində Azərbaycan Respublikası Prezidentinin ünvanına yüzlərlə təşəkkür məktubları daxil olmuşdur. Təşəkkür məktublarında korrupsiyaya qarşı mübarizə tədbirlərinin nəticələri alqışlanır və Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilən son təşəbbüslərin dəstəkləndiyi bəyan edilir. 19.03.2011