Korrupsiya risklərinin qiymətləndirilməsi və Qanunvericiliyin təkmilləşdirilməsi üzrə işçi qrupların birgə iclası keçirilib
2025-ci il 14 noyabr tarixində Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının (bundan sonra – Komissiya) Risklərin qiymətləndirilməsi üzrə və Qanunvericiliyin təkmilləşdirilməsi üzrə işçi qruplarının onlayn formatda birgə iclası keçirilib.
İclasda çıxış edən Komissiyanın katibi Təbriz Musayev korrupsiya risklərinin idarə edilməsi üzrə Qaydalar layihəsinin təkmilləşdirilmiş redaksiyası çərçivəsində risklərin qiymətləndirilməsi metodologiyasının praktik tətbiqinə dair yanaşmaları təqdim edib. T.Musayev riskin nəticəsinin ağırlıq dərəcəsi, riskin baş vermə mümkünlüyü və riskin həddinə dair meyarların tətbiqi ilə bağlı Qaydaların 6, 7 və 8 nömrəli əlavələrində nəzərdə tutulan cədvəl və göstəricilər üzrə izahlar verib, iştirakçıları maraqlandıran məqamlar üzrə sualları cavablandırıb.
İclasda Azərbaycan Respublikası Ali Məhkəməsi Aparatının Hüquqi təminat şöbəsinin baş məsləhətçisi Miralim Hadi işçi qrupun tərkibinə ictimai əsaslarla üzvlərin cəlb edilməsi üzrə müsabiqənin şərtləri barədə sual verib. Bu suala cavab olaraq T.Musayev müsabiqə şərtlərinin müvafiq orqan (qurum) tərəfindən müəyyənləşdirildiyini bildirib.
Hesabatlılıq mexanizmləri üzrə müzakirələrdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Daxili nəzarət şöbəsinin Risklərin idarə edilməsi sektorunun müdiri Şəhriyar Əsədov yekun hesabatın vahid formaya uyğun tənzimlənməsinin məqsədəuyğun olduğunu vurğulayıb. Ş.Əsədovun təklifini dəstəkləyən T.Musayev Qaydalarda yekun hesabatın forması və hesabatlılıq qaydaları üzrə yanaşmanın dəqiqləşdirildiyini, yekun hesabat formasının layihəyə əlavə kimi daxil edilməsinin nəzərdən keçirildiyini və müvafiq qaydada sənədə inkorporasiya olunduğunu bildirib.
İclasdan öncə onlayn sənəd üzərində üzvlər tərəfindən daxil edilmiş rəy və təkliflər üzrə aparılan müzakirələrdə “ASAN xidmət” tərəfindən layihənin 1.2-ci bəndinə “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində göstərilən xidmətlər üzrə risklərin idarə edilməsinə dair əlavə cümlənin daxil edilməsi, səlahiyyətli struktur bölmənin (şəxsin) risklərin idarə olunması üzrə fəaliyyətin əlaqələndiricisi kimi müstəqilliyinin təmin edilməsi ilə bağlı müddəaların yeni redaksiyada dəqiqləşdirilməsi, sənədin bəzi hissələrinin ixtisar edilməsi, eləcə də zəruri hallarda kənar (xarici) ekspertlərin cəlb edilməsi imkanları üzrə ümumi müzakirələr aparılıb. İştirakçılar tərəfindən əlavə təkliflərin müəyyən edilmiş müddətədək Katibliyə təqdim edilməsi də nəzərdə tutulub.
İclasın sonunda T.Musayev iştirakçılara rəy və təkliflərinə görə təşəkkür edib, qeydlərin Katiblik tərəfindən sistemləşdiriləcəyini, əsaslandırılmış təkliflərin sənədin yekun redaksiyasında müvafiq qaydada nəzərdən keçiriləcəyini bildirib.