AZ1066, İstiqlaliyyət küçəsi 19, Bakı, Azərbaycan

Korrupsiya risklərinin qiymətləndirilməsi və Qanunvericiliyin təkmilləşdirilməsi üzrə işçi qrupların birgə iclası keçirilib

2025-ci il 7 noyabr tarixində Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının (bundan sonra – Komissiya) Risklərin qiymətləndirilməsi üzrə və Qanunvericiliyin təkmilləşdirilməsi üzrə işçi qruplarının onlayn formatda birgə iclası keçirilib.

İclası giriş sözü ilə açan Komissiyanın katibi Təbriz Musayev bildirib ki, görüşün məqsədi korrupsiya risklərinin idarə edilməsi üzrə Qaydalar layihəsinin tətbiqi mexanizmləri, terminologiyanın dəqiqləşdirilməsi, ictimai iştirakçılıq, hesabatlılıq, eləcə də sənədin əlavələrində nəzərdə tutulan risk meyarlarının tətbiqi üzrə müzakirələrin aparılmasıdır.

İclasda risklərin müəyyən edilməsi, təhlili və qiymətləndirilməsi mərhələləri, risklərə cavab tədbirlərinin (riskləri azaltma və yumşaltma tədbirləri) müəyyən olunması, risklərin idarə edilməsi planının hazırlanması müddətləri, işçi qrupun tərkibinin formalaşdırılması və müstəqil tərəflərin, o cümlədən QHT-lərin təmsilçiliyi, risk meyarlarının təsdiqi, konfidensiallıq və xidməti məlumatların qorunması, anonim sorğu alətinin tətbiqi, risk reyestrinin açıqlanma çərçivəsi, habelə 6 və 7 nömrəli əlavələrdə riskin baş vermə mümkünlüyü və riskin həddinə dair cədvəllərin tətbiqi məsələləri müzakirə olunub.

Müzakirələr zamanı müstəqil ekspert Fuad Kələşli risklərin qiymətləndirilməsi üçün kadrların səriştə tələblərini, bəzi anlayışların daha aydın terminlərlə ifadə olunmasını (o cümlədən risklərə cavab tədbirləri ilə bağlı yanaşmaları), “risk dözümlülüyü” anlayışının dəqiqləşdirilməsini, habelə addımların ardıcıllığının daha asan müəyyənləşdirilməsi üçün iş axını və ya blok-sxem kimi vizuallaşdırmanın faydalı olacağını qeyd edib. Bu məsələlərə münasibət bildirən T.Musayev sənəddə səriştə və dürüstlüyə dair meyarların nəzərdə tutulduğunu, praktiki tətbiqdə isə bilik və bacarıqların təlim və digər tədbirlər ilə gücləndirilməsinin planlaşdırıldığını, zəruri hallarda risk qiymətləndirməsinin müqavilə əsasında peşəkar mütəxəssislərə həvalə edilməsi imkanının da nəzərdə tutulduğunu diqqətə çatdırıb.

İctimai iştirakçılıq mövzusunda “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası” İctimai Birliyinin sədri Sahib Məmmədov ictimai nəzarətin təmin edilməsi ilə yanaşı müdaxilənin yolverilməzliyi prinsipinin qorunmasını vurğulayıb, müstəqil ekspert İsrayıl İmamlı isə ictimai iştirakçılığın və digər tərəflərin sorğularının risklərin aşkar edilməsində əhəmiyyətini qeyd edib. Bu kontekstdə Azərbaycan Respublikası Ali Məhkəməsi Aparatının Hüquqi təminat şöbəsinin baş məsləhətçisi Miralim Hadi məhkəmə hakimiyyəti orqanlarının fəaliyyəti və məhkəmə işlərinin xarakterinə baxsaq, eləcə də digər orqanların (qurumların) fəaliyyət istiqamətlərindəki fərqlilikləri də nəzərə alsaq, ictimai iştirakçılıqda yanaşmaların müxtəlif olacağını bildirib.

Qaydalar layihəsinin prinsipləri ilə bağlı müzakirələrdə müstəqil ekspert Kəmaləddin Cəfərli risklərin idarə edilməsində müstəqillik prinsipinin ayrıca vurğulanmasını təklif edib. Bank sektorunun təcrübəsinə istinad edən Azərbaycan Respublikasının Mərkəzi Bankının Maliyyə monitorinqi üzrə siyasət və tənzimləmə departamentinin direktoru Zaur Hacılı risklərin müxtəlif alt qurumlarda fərqli səviyyədə ola biləcəyini, bunun isə avtomatik olaraq həmin qurumda korrupsiyanın olması anlamına gəlmədiyini qeyd edib. Z.Hacılı, həmçinin Mərkəzi Bankın təcrübəsinə istinad edərək işçi qrupun fəaliyyəti zamanı əlavə iş yükünün yarandığını, digər struktur bölmələrin prosesə cəlb olunduğunu və əməkdaşların iştirakı üçün təşviq və mükafatlandırma mexanizmlərinin tətbiq oluna bildiyini bildirib. Həssas hallarda ictimai iştirakçılıq məsələsinə toxunan Azərbaycan Respublikasının Mərkəzi Bankının Hüquq və təşkilati işlər departamentinin Korporativ hüquq şöbəsinin böyük hüquq məsləhətçisi Xəyal Yusifli isə bəzi hallarda ictimai təmsilçilik yanaşmasına yenidən baxılmasının və qurumların xüsusiyyətləri nəzərə alınmaqla daha çevik yanaşmaların mümkünlüyünü qeyd edib.

İşçi qrupun tərkibi ilə bağlı müzakirələrdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin qanunvericiliyin icrasına nəzarət sektorunun baş məsləhətçisi Yaşar İbrahimov sənəddə nəzərdə tutulan ekspert, mütəxəssis və QHT təmsilçiliyinə dair yanaşmanın praktik tətbiqi və üzvlərin sayına dair mümkün çərçivələr barədə suallar səsləndirib. Bu suallara cavab olaraq T.Musayev müzakirələr nəticəsində işçi qrupun tərkibində azı bir QHT nümayəndəsinin olmasının tələb kimi nəzərdə tutulduğunu, əlavə olaraq ekspert və ya mütəxəssisin də cəlb edilə biləcəyini bildirib. Bu müzakirələrdə “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərli QHT təmsilçiliyinin minimum tələbinin sənəddə daha aydın çərçivələnməsinin əhəmiyyətini qeyd edib.

Hesabatlılıq məsələləri üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Daxili nəzarət şöbəsinin Risklərin idarə edilməsi sektorunun müdiri Şəhriyar Əsədov hesabat formasına vahid yanaşmanın məqsədəuyğun olduğunu bildirib. Sənədin hüquqi və metodoloji çərçivəsinin fərqləndirilməsi barədə Azərbaycan Respublikasının Milli Məclisinin Aparatı rəhbərinin xidmətinin Məhkəmə hakimiyyəti orqanları ilə əlaqələr sektorunun müdiri Nazir Bayramov Qaydaların normativ sənəd, metodologiyanın isə tətbiq olunan “yol xəritəsi” kimi qəbul olunması barədə fikirini bölüşüb. Ümumiyyətlə, cari dövrün tələblərini və İKT-nin üstünlüklərini nəzərə alaraq, risk idarəetməsində orqanlar (qurumlar) tərəfindən süni intellekt alətlərinin istifadəsinin faydalı ola biləcəyini qeyd edib.

Müzakirələrdə qeydə olunan suallardan biri “ad hoc” halların daha aydın izahı və bu anlayışın dilimizdə istifadəsi ilə bağlı olub. T.Musayev “ad hoc” yanaşmanın orqan (qurum) rəhbərinin müəyyən hallarda dövr ərzində və ya dövr bitdikdən sonra əlavə monitorinq və rəyvermə imkanını nəzərdə tutduğunu bildirib. Bu mövzuda Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Hüquq şöbəsinin Korrupsiyaya qarşı mübarizə üzrə daxili nəzarət sektorunun aparıcı məsləhətçisi Mirazər Məmmədzadə, N.Bayramov, S.Məmmədov və İ.İmamlı terminin latın formasında saxlanılması ilə bağlı mövqelərini bölüşüblər.

Onlayn sənəd üzərində qeyd edilən rəy və təkliflərə (Qaydalar qüvvədə olduqda qurum daxilində əlavə tənzimləmələrin məqsədəuyğunluğu və çərçivəsi, anonim sorğunun məqsədi, sənəddə təkrarçılığın azaldılması, müddətlərin uzlaşdırılması, terminlərin tətbiqi, həssas məlumatların qorunması və konfidensiallıq prinsipləri) iclas zamanı T.Musayev tərəfindən münasibət bildirib və müzakirələr aparılıb.

İclasın sonunda T.Musayev səsləndirilən rəy və təkliflərin Katiblik tərəfindən sistemləşdiriləcəyini, əsaslandırılmış təkliflərin sənədin yekun redaksiyasında nəzərə alınacağını bildirib və iştirakçılara fəal müzakirəyə görə təşəkkür edib.