Korrupsiya risklərinin qiymətləndirilməsi üzrə və Qanunvericiliyin təkmilləşdirilməsi üzrə işçi qrupların birgə iclası keçirilib
2025-ci il 29 sentyabr tarixində Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının (bundan sonra – Komissiya) Korrupsiya risklərinin qiymətləndirilməsi üzrə və Qanunvericiliyin təkmilləşdirilməsi üzrə işçi qruplarının onlayn formatda birgə iclası keçirilib.
İclası Komissiyanın katibi Təbriz Musayev açıq elan edərək bildirib ki, görüşün məqsədi “Dövlət və yerli özünüidarəetmə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə, publik hüquqi şəxslərdə və büdcə təşkilatlarında korrupsiya risklərinin idarə edilməsi Qaydaları” layihəsinin (bundan sonra – Qaydalar layihəsi) praktiki tətbiqi, hüquqi əsasları və texniki məzmununun birgə təhlilidir. O, həmçinin Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin Nəzarət və hüquq mühafizə orqanları ilə iş departamentinin müdiri Nurlan Babayevin müraciəti əsasında həmin departamentin hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Aytən Mirzəzadənin iclasa qoşulduğunu bildirib.
Qonaq qismində Azərbaycan Respublikası Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (bundan sonra – Agentlik) Hüquqi təminat şöbəsinin Daxili hüquqi tənzimləmə sektorunun müdiri Aynurə Quliyeva, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – ƏƏSMN) Daxili nəzarət və audit şöbəsinin baş məsləhətçisi Zamin Fərəcov və Azərbaycan Respublikasının Mərkəzi Bankının Risklərin idarə edilməsi departamentinin Strateji və əməliyyat risklərinin idarə edilməsi şöbəsinin böyük mütəxəssisi Anar Babazadə iştirak ediblər.
Katib qeyd edib ki, Qaydalar layihəsinin onlayn versiyasına üzvlərin daxil etdiyi rəy və təkliflər Katiblik tərəfindən nəzərdən keçirilib, ilkin cavablar hazırlanıb. Birgə müzakirələr nəticəsində son redaksiya daha sistemli və tətbiqyönümlü olacaq.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Əli Ağayev Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Daxili nəzarət şöbəsinin Risklərin idarə edilməsi sektorunun müdiri Şəhriyar Əsədovun onlayn sənəddə qeyd etdiyi rəyi – konfidensiallıq prinsipinin tətbiqi barədə sual verib, Ş.Əsədov bu prinsipin həssas məlumatların qorunmasına yönəldiyini bildirib. Nazirliyin Daxili nəzarət şöbəsinin müdir müavini Elnur Əliyev prinsipin bütün mərhələlərdə tətbiqinin vacibliyini, “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın sədri Sahib Məmmədov isə səbəblərini soruşub. Təbriz Musayev konfidensiallıqla məxfiliyin fərqli hüquqi mahiyyətlər daşıdığını izah edib. Azərbaycan Respublikasının Milli Məclisinin Aparatı rəhbərinin xidmətinin Məhkəmə hakimiyyəti orqanları ilə əlaqələr sektorunun müdiri Nazir Bayramov bunun dövlət qurumlarında məlumat təhlükəsizliyi siyasətinə uyğunluğun vacibliyini vurğulayıb.
Bundan başqa, məlumat verən şəxslərin müdafiəsi ilə bağlı yarana suala T.Musayev və Ə.Ağayev aydınlıq gətirdilər ki, “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilən 11-1-ci maddə korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsini təmin edir və Qaydalar bu müddəa ilə uzlaşdırılıb.
Sonrakı müzakirələrdə terminlərin istifadəsində vahidliyin zəruriliyi vurğulanıb. Təbriz Musayev “səlahiyyətli struktur bölmə” və “tabelikdəki qurum” ifadələrinin redaksiyasının dəqiqləşdirildiyini bildirib. Aytən Mirzəzadə “çoxluq prinsipi”nin əsas meyar kimi qalmasının məqsədəuyğun olmadığını qeyd edib. T.Musayev bu yanaşmanın ISO standartlarına uyğun olduğunu bildirib, Nazir Bayramov isə hüquqi baxımdan əlavə əsaslandırma verib. Katib “maraqlı subyektlər” anlayışının 1.4.13-cü yarımbənddə təsbit olunduğunu və bu yanaşmanın zamana uyğun dəyişiklikləri nəzərə aldığını izah edib. “Mədəni amil” anlayışını da açıqlayan T.Musayev, peşə mədəniyyəti və vətəndaş davranışlarının risk idarəçiliyinə təsirini qeyd edib.
“Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərli beynəlxalq təcrübədə, xüsusilə Meksika nümunəsində sosial şahidlik institutunun uğurlu nəticələr verdiyini bildirib. Müstəqil ekspert İsrayıl İmamlı “İctimai iştirakçılıq haqqında” Qanuna istinad edərək bu mexanizmin hüquqi əsaslarını qeyd edib. Katib gələcəkdə ictimai iştirakçılıq mexanizmlərinin tətbiqinin araşdırılacağını bildirib. Müstəqil ekspert Fuad Kələşli “riskə dözümlülük” ifadəsinin daha uyğun olduğunu qeyd edib, T.Musayev bunu Qaydaların 7 nömrəli əlavəsinə istinadla təsdiqləyib. “Stakeholder” termininin tərcüməsi barədə N.Bayramov və S.Məmmədov milli sabitliyin qorunmasının vacibliyini vurğulayıb, katib isə beynəlxalq uyğunluq və milli dil balansının qorunacağını bildirib.
Komissiyanın səlahiyyətlərinin hüquqi əsası ilə bağlı müzakirədə Təbriz Musayev bildirib ki, bu səlahiyyətlər Qanunun 8-1.4 və 8-1.5-ci maddələrində təsbit edilib və Nazirlər Kabinetinin qərarları yalnız icra mexanizmini müəyyən edir. Fuad Kələşli risk xəritələşdirilməsinin ölkə üzrə aparılmasının məqsədəuyğun olduğunu qeyd edib, T.Musayev isə hər bir orqanın həm ümumi, həm də lokal səviyyədə təhlil aparmaq imkanına malik olduğunu vurğulayıb.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin qanunvericiliyin icrasına nəzarət sektorunun baş məsləhətçisi Yaşar İbrahimov işçi qrup üzvlərinin fəaliyyət qaydasını soruşub. Katib onların vəzifə maaşı çərçivəsində fəaliyyət göstərdiyini, ictimai üzvlərin müsabiqə yolu ilə cəlb edilə biləcəyini bildirib. Fuad Kələşli rəhbərin tərkibi müəyyən etməsinin maraqlar toqquşması yarada biləcəyini qeyd edib. T.Musayev dövlət sektorunda iyerarxik məsuliyyət prinsipinin tətbiq olunduğunu və bu yanaşmanın idarəetmədə balansı qoruduğunu izah edib. O, həmçinin səlahiyyətli struktur bölmənin intizam tədbirlərində iştirakının qadağan olunduğunu və bunun məqsədinin məlumat verən işçiləri qorumaq olduğunu qeyd edib. Bölmənin rəhbərə hesabat verdiyini, lakin digər şəxslərin onun fəaliyyətinə göstəriş vermə səlahiyyəti olmadığını da əlavə edib.
Aynurə Quliyeva “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində risklərin idarə edilməsinin Agentlik tərəfindən həyata keçirilməsini təklif edib. Katib bu məsələnin növbəti iclasda geniş müzakirəsini məqsədəuyğun hesab edib. ƏƏSMN Aparatının Daxili nəzarət və audit şöbəsinin müdiri Heybət İmanov ayrıca struktur bölmənin yaradılmasının zəruriliyini qeyd edərək, bu məsələyə iş yükü və maliyyə baxımından yanaşmağı təklif edib. Katib bu təklifi dəstəkləyərək qurumların növbəti iclasa qədər öz təkliflərini hazırlamalarını istəyib.
Şəhriyar Əsədov vahid, standartlaşdırılmış “Korrupsiya ilə mübarizə siyasəti” sənədinin nümunə formasının hazırlanmasını və bütün dövlət qurumlarında tətbiqini təklif edib. Təbriz Musayev bu məzmunun mahiyyətcə artıq dövlət səviyyəsində təsdiqlənmiş Milli Fəaliyyət Planları və digər proqramlarla həyata keçirildiyini, vahidlik üçün Azərbaycan Respublikası Prezidentinin 6 mart 2021-ci il tarixli Fərmanı ilə təsdiq olunmuş “Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydası”na istinad edilməsinin zəruri olduğunu qeyd edib. Beləliklə, antikorrupsiya proqramları dövlət proqramlarının metodoloji çərçivəsinə uyğunlaşdırılacaq.
Sonda Təbriz Musayev müzakirələrin Qaydaların tətbiqinə praktik dəyər qatdığını vurğulayaraq, səslənən təkliflərin Katiblik tərəfindən sistemləşdirilib əsaslandırılmış hissəsinin yekun sənədə daxil ediləcəyini, onlayn sənəd üzrə əlavə rəy və təkliflərin isə növbəti iclasda müzakirə ediləcəyini bildirib. Katib qeyd edib ki, korrupsiya risklərinin effektiv idarə olunması yalnız normativ aktların qəbulu ilə bitmir, həm də təlim, monitorinq və daxili nəzarət sistemlərinin formalaşdırılması ilə müşayiət olunmalıdır.
İclas iştirakçılarına fəal iştiraklarına görə təşəkkür edilib, növbəti iclasın da Qanunvericiliyin təkmilləşdirilməsi üzrə işçi qrup ilə birgə keçiriləcəyi və tarix barədə əlavə məlumat veriləcəyi bildirilib.