Korrupsiya risklərinin qiymətləndirilməsi üzrə işçi qrupun ilk iclası keçirilib.
2025-ci il 12 sentyabr tarixində Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının (bundan sonra – Komissiya) Korrupsiya risklərinin qiymətləndirilməsi üzrə işçi qrupunun onlayn formatda ilk iclası keçirilib.
İclasa Komissiyanın katibi Təbriz Musayev sədrlik edib. O, iclasın əvvəlində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Hüquq şöbəsinin müdir müavini Elçin Nəcəfovun müraciəti əsasında iclasa həmin şöbənin Korrupsiyaya qarşı mübarizə üzrə daxili nəzarət sektorunun aparıcı məsləhətçisi Mirazər Məmmədzadənin qatıldığını iştirakçıların diqqətinə çatdırıb.
Katib qeyd edib ki, işçi qrupun əsas məqsədi korrupsiyaya qarşı mübarizədə risk əsaslı idarəetmənin tətbiqi, risklərin erkən mərhələdə müəyyən edilməsi, qiymətləndirilməsi və idarə olunması üçün metodoloji çərçivənin formalaşdırılmasıdır. O, “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanuna 2025-ci ilin mart ayında edilmiş dəyişikliklərlə risklərin idarə olunmasının hüquqi bazasının yaradıldığını, Prezidentin 14 aprel 2025-ci il tarixli fərmanına əsasən isə “Korrupsiya risklərinin idarə edilməsi Qaydaları”nın hazırlanmasının Nazirlər Kabinetinə həvalə olunduğunu qeyd edib.
Təbriz Musayev bildirib ki, Komissiyanın Katibliyi tərəfindən beynəlxalq təcrübə, o cümlədən ISO 31000 və ISO 31010 standartları nəzərə alınmaqla, “Dövlət və yerli özünüidarəetmə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə, publik hüquqi şəxslərdə və büdcə təşkilatlarında korrupsiya risklərinin idarə edilməsi Qaydaları” layihəsi (bundan sonra – Qaydalar layihəsi) hazırlanıb. O, sənədin korrupsiya risklərinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi, cavab tədbirlərinin planlaşdırılması və monitorinqi üçün vahid institusional mexanizm formalaşdırdığını, dövlət və publik qurumların fəaliyyətində şəffaflıq və hesabatlılığı artıracağını vurğulayıb.
Katib əlavə edib ki, sistem inzibati nəzarətin hüdudlarını aşaraq profilaktik və proqnozlaşdırıcı yanaşmanı əhatə edir, risklərin təkrarlanma ehtimalı, təsir dərəcəsi və cavab tədbirlərinin effektivliyi əsas qiymətləndirmə meyarları olacaq.
İclasda çıxış edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Daxili nəzarət və audit şöbəsinin müdiri Heybət İmanov sənədin ümumilikdə təqdirəlayiq olduğunu, lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən hazırlanmaqda olan oxşar sənədlə uyğunlaşdırılmasının vacibliyini qeyd edib. Katib əlavə etmişdir ki, məqsəd kimin sənədi hazırlaması deyil, onun hansı nəticəni doğurmasıdır və hər iki sənəd vahid məqsəd – korrupsiyanın qarşısının alınması istiqamətinə xidmət edir.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin Qanunvericiliyin icrasına nəzarət sektorunun baş məsləhətçisi Yaşar İbrahimov sənədin strukturunun sistemli və mütərəqqi olduğunu qeyd edərək, giriş hissəsində normativ terminlərin çoxluğuna diqqət çəkib və əlavələrdə texniki göstəricilərin daha konkret təqdim edilməsini təklif edib. Katib cavabında bildirib ki, Qaydalar layihəsinin əlavələrində risklərin identifikasiyası, təsnifatı, baş vermə tezliyi və təsir səviyyəsi kimi texniki göstəricilər yer alır və bu hissələrin təkmilləşdirilməsinə ehtiyac işçi qrupun müzakirəsindən asılıdır.
“Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərli sənədin formal deyil, nəticəyönümlü yanaşmanı əks etdirdiyini, sənədin hazırlanmasında konkretliyə və sistematikliyə üstünlük verildiyini, bunun da korrupsiya risklərinin real idarəetməyə uyğunlaşmasını qeyd edib. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Daxili nəzarət şöbəsinin müdiri Oqtay Babayev sənədin həcmini və texniki mürəkkəbliyini nəzərə alaraq, subyektiv və obyektiv risk kateqoriyalarının balanslı şəkildə müzakirəsi üçün əlavə bir həftəlik vaxt ayrılmasını təklif edib.
Katib bu təklifi dəstəkləyərək sənədin elektron formada da bütün üzvlərə göndəriləcəyini və cari vaxt rejimində onlayn sənəd üzrəndə təkliflərin 2025-ci ilin 19 sentyabr tarixinədək Katibliyə təqdim edilməli olduğunu bildirib. Daxil olan rəylər ümumiləşdirilərək növbəti iclasda müzakirəyə çıxarılacaq.
İclasın sonunda Təbriz Musayev vurğulayıb ki, Qaydaların qəbulundan sonra korrupsiya risklərinin identifikasiyası və idarə olunması sistemli prosesə çevriləcək, dövlət idarəçiliyində şəffaflıq, hesabatlılıq və etimad mühiti daha da möhkəmlənəcək. O, iştirakçılara təşəkkür edərək növbəti iclasın Qanunvericiliyin təkmilləşdirilməsi üzrə işçi qrupu ilə birgə keçiriləcəyini və tarix barədə əlavə məlumat veriləcəyini qeyd edib.