AZ1066, İstiqlaliyyət küçəsi 19, Bakı, Azərbaycan

Korrupsiya hüquqpozmalarına qarşı ən qəti tədbirlər görülür

Respublika Baş Prokurorluğunun mətbuat xidmətindən bildirmişlər ki, eyni zamanda, korrupsiya halları ilə üzləşmiş vətəndaşlara bu sahə üzrə ixtisaslaşmış cinayət təqibi orqanı kimi Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə birbaşa və maneəsiz müraciət etmək imkanlarının yaradılması məqsədilə təşkil edilmiş 161 nömrəli "Qaynar xətt" əlaqə mərkəzinə daxil olan hər bir müraciət üzrə tam, hərtərəfli və obyektiv araşdırmalar aparılmaqla təxirəsalınmaz tədbirlər həyata keçirilir. Belə ki, vətəndaş Almas Xəlilov və Arif Şamilov martın 28-də "Qaynar xətt" əlaqə mərkəzinə müraciət edərək, Səbail rayonu ərazisində torpaq sahəsi ilə təmin edilmələri barədə məhkəmə tərəfindən 2007-ci il iyulun 3-də qətnamə qəbul edildiyi halda, Səbail bələdiyyəsinin sədri Mübariz İbrahimovun, bələdiyyənin hüquqşünası Arif Əlizadə və bələdiyyənin Ərazi tikinti torpaq komissiyasının sədr müavini Cavid Həsənovun vasitəsilə bələdiyyənin xidməti ərazisindən fərdi yaşayış evinin tikintisi üçün 0,06 ha torpaq sahəsi ayrılmasına görə onların hər birindən 5 min manat olmaqla, cəmi 10 min manat pulu rüşvət kimi istəmələrini və tələb olunan rüşvətin müqabilində 8 min manat pulu vermələri barədə bələdiyyənin vəzifəli şəxsləri ilə razılaşdıqlarını bildirmişlər. Müraciətin araşdırılması ilə əlaqədar martın 29-da saat 12 radələrində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları Səbail bələdiyyəsinin yerləşdiyi Bakı şəhəri, Əlibəyov qardaşları 61 saylı ünvana gəlmiş və şikayətçilər bələdiyyənin inzibati binasından çıxdıqdan sonra Almaz Xəlilov 8 min manat məbləğində pulu bələdiyyənin hüquqşünası Arif Əlizadəyə sonuncunun öz otağında verdiyini bildirdiyindən binaya baxış keçirilmişdir. Hal şahidlərinin iştirakı ilə Səbail bələdiyyəsinin sədr müavini Əliyar Fərzəliyevin iş otağında keçirilmiş baxış zamanı həmin vaxt otaqda olan Arif Əlizadənin istilik radiatorunun üzərinə qoyduğu qəzet parçasına bükülmüş vəziyyətdə şikayətçilərin prokurorluq orqanlarına müraciəti üzrə protokolla rəsmiləşdirilmiş seriya və nömrələri ilə eynilik təşkil edən 100 (yüz) və 50 (əlli) manatlıq əskinazlardan ibarət 8 min manat məbləğində pul aşkar edilərək götürülmüşdür. Toplanmış materiallar əsasında martın 29-da Səbail bələdiyyəsinin vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda rüşvət alma) maddələri ilə cinayət işi başlanmışdır. Araşdırmalarla həmçinin müəyyən edilmişdir ki, Mübariz İbrahimov həmin vəzifədə işləyərkən Ədliyyə Nazirliyinin Səbail rayon məhkəmə qərarlarının icrası şöbəsinin dəfələrlə etdiyi xəbərdarlıqlarına baxmayaraq, Səbail rayon məhkəməsinin həmin bələdiyyənin üzərinə Almas Xəlilov və Arif Şamilova fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada torpaq sahəsinin ayrılması vəzifəsinin qoyulması barədə qanuni qüvvəyə minmiş 2007-ci il 3 iyul tarixli qətnaməsini qərəzli olaraq icra etməmişdir. Törətdiyi cinayət əməllərinə görə Cavid Həsənov və Arif Əlizadə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda rüşvət almağa görə Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3-cü maddələri, Mübariz İbrahimov isə qeyd olunan maddələrlə yanaşı, vəzifəli şəxs tərəfindən məhkəmə qərarını icra etməməyə görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 306.2-ci (vəzifəli şəxs tərəfindən məhkəmə hökmünü, qərarını icra etməmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Bundan başqa, vətəndaş İlqar İsmayılovun, anası Hicran İsmayılovaya xidməti yaşayış sahəsi kimi verilmiş mənzilin özəlləşdirilməsinə kömək etmək məqsədi ilə ondan 3 min manat rüşvət tələb edilməsi barədə martın 29-da "Qaynar xətt" əlaqə mərkəzinə etdiyi müraciəti üzrə təxirəsalınmaz tədbirlər həyata keçirilmiş, cinayət törətmiş şəxs ifşa edilərək məsuliyyətə cəlb olunmuşdur. Belə ki, Yasamal rayonu, 60 saylı Mənzil-Kommunal İstismar Sahəsinin mühəndisi Bərşad Mahmudov həmin sahənin xidməti ərazisində C.Məmmədquluzadə küçəsi 11 saylı ünvanda yerləşən xidməti mənzilin 3 min manat müqabilində Hicran İsmayılovanın adına özəlləşdirilməsini təşkil etmək barədə İlqar İsmayılovla əvvəlcədən razılığa gələrək, pulun bir hissəsini qabaqcadan almağı planlaşdırmışdır. Bərşad Mahmudov martın 29-da Bakı şəhərində, idarə etdiyi "Mersedes-Benz" markalı 10 SZ 063 dövlət qeydiyyat nişanlı avtomaşının salonunda İlqar İsmayılovla görüşərək ondan 1.600 manat rüşvət alarkən yaxalanmışdır. Faktla bağlı Cinayət Məcəlləsinin 311.2-ci (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə görə rüşvət alma) maddəsi ilə cinayət işi başlanmış və törətdiyi cinayət əməlinə görə Bərşad Mahmudova qeyd edilən maddədə nəzərdə tutulan ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Hazırda Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində hər iki cinayət işi üzrə həmin cinayətlərə aidiyyəti olan digər şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.