Korrupsiya hüquqpozmaları ilə əlaqədar cinayət işləri baxılması üçün məhkəmələrə göndərilmişdir
Mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürlərindən olan korrupsiyanın, vəzifəli şəxslərin səlahiyyətlərindən sui-istifadə hallarının qarşısının alınması istiqamətində prokurorluq orqanları tərəfindən ardıcıl və sistemli tədbirlər davam etdirilir.
2012-ci ilin iyul ayı ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən 25 şəxs barəsində 20 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilmişdir. Bu cinayətlər əsasən rüşvət alma, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vəzifəli şəxslərin səlahiyyətlərini mənimsəmə, vəzifə saxtakarlığı, talama, dələduzluq və sair faktlarla əlaqədar olmuşdur.
Belə ki, Kürdəmir rayonunun keçmiş Məhərrəmli bələdiyyəsinin sədrinin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi faktları üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində cinayət işi başlanıb istintaq aparılmışdır. Müəyyən edilmişdir ki, bələdiyyənin sədri Xanəkbər Rüstəmov 2007-2009-cu illərdə bələdiyyələr tərəfindən torpaq sahələrinin vətəndaşlara satılması və icarəyə verilməsi qanunla qadağan olunmasına baxmayaraq bələdiyyənin iclas protokollarının, iclas protokollarından çıxarışların və iclaslarda qəbul olunmuş qərarların məzmununa yalan məlumatlar daxil edərək müvafiq sənədləri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Kürdəmir rayon şöbəsinə təqdim etməklə ümumilikdə 47,21 hektar torpaq sahəsinin qanunsuz olaraq ayrı-ayrı şəxslərə icarəyə verilməsinə və satılmasına nail olmaqla bələdiyyəyə mühüm zərər vurmuşdur. X.Rüstəmov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham elan edilmiş və cinayət işi baxılması üçün aidiyyəti üzrə Kürdəmir rayon məhkəməsinə göndərilmişdir. Bundan başqa, Bakı şəhər sakininin Tapdıq Əliyev tərəfindən aldadılaraq pulunun ələ keçirilməsi barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin "161-Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciəti əsasında cinayət işi başlanıb istintaq aparılmışdır. Müəyyən edilmişdir ki, T.Əliyev Bakı şəhər sakininə özünü Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı kimi təqdim edib onun oğlunu Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə sürücü kimi işə qəbul edilməsində köməklik göstərəcəyini vəd edərək işə qəbul edəcək şəxsə rüşvət verəcəyi adı ilə 2011-ci ilin yanvar-mart aylarında ondan 7.340 manat məbləğində pulu dələduzluq yolu ilə ələ keçirmişdir. T.Əliyev öz cinayətkar əməllərini davam etdirərək Şəki rayon sakinindən Korrupsiyaya qarşı mübarizə idarəsinə mühafizəçi və ya əməliyyatçı kimi işə qəbul edilməsində köməklik göstərəcəyini vəd edərək 2010-cu ilin sentyabr ayından 2011-ci ilin mart ayına kimi hissə-hissə ümumilikdə 3.000 manat məbləğində pulu alıb dələduzluq yolu ilə ələ keçirmişdir. T.Əliyev daha sonra Şəki rayon sakininə özünü Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi kimi təqdim edib onun guya həmin idarənin Şəki şəhərində yaradılacaq regional şöbəsində işə qəbul edilməsinə köməklik göstərəcəyini vəd edərək həmin şəxsdən 4.000 manat məbləğində pul almaqla dələduzluq etmişdir. T.Əliyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham elan edilmiş və cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.
Digər cinayət işi «Siyəzən Broyler» ASC-nin sabiq satıcı-ekspeditoru Vüqar Hacınəsibovun hesabında çatışmazlığın olması faktı üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində başlanaraq istintaqı aparılmışdır. Müəyyən edilmişdir ki, V.Hacınəsibov 2006-2012-ci illərdə ASC-də satıcı-ekspeditor vəzifəsində işləyərkən cəmiyyətin anbarından toyuq əti məhsullarının satışından əldə etdiyi ona etibar olunmuş 26 min 665 manat məbləğində özgə əmlakını qulluq mövqeyindən istifadə edib mənimsəmə yolu ilə talamaqla cəmiyyətə külli miqdarda ziyan vurmuşdur. V.Hacınəsibov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə) maddəsi ilə ittiham elan edilmiş və cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Əvvəllər məlumat verildiyi kimi, Bakı Baş Səhiyyə idarəsinin 14 saylı Birləşmiş şəhər xəstəxanasının baş həkimi Oktay Salamovun qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə daxil olmuş əməliyyat məlumatları əsasında cinayət işi başlanıb istintaq aparılmışdır. Müəyyən edilmişdir ki, O.Salamov Bakı şəhər sakininə əlillik dərəcəsinin təyin olunması üçün tibbi arayışın verilməsinə görə xidməti otağında ondan 3.0 min manat məbləğində pulu rüşvət kimi almışdır. O.Salamov cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə ittiham elan edilmiş və cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.
Bundan başqa Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 9 №-li Tibbi Sosial Ekspert Komissiyasının (TSEK) sədri Bayram Xudaverdiyevin qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə daxil olmuş əməliyyat məlumatları əsasında cinayət işi başlanıb istintaq aparılmışdır. Müəyyən edilmişdir ki, B.Xudaverdiyev Bakı şəhər sakininə əlillik dərəcəsinin təyin olunmasına görə xidməti otağında 3.000 min manat məbləğində pulu rüşvət kimi almışdır. B.Xudaverdiyev cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə ittiham elan edilmiş və cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən korrupsiya hüquqpozmaları ilə əlaqədar müxtəlif sahələr üzrə 102 cinayət işinin istintaqı davam etdirilir. Həmin cinayət işlərinin nəticəsinə dair ictimaiyyətə mütəmadi olaraq məlumatın verilməsi təmin ediləcəkdir.