AZ1066, İstiqlaliyyət küçəsi 19, Bakı, Azərbaycan

İyulun 28-də Baş Prokurorluğun Elmi-Tədris Mərkəzində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) İstanbul Fəaliyyət Planının Azərbaycan üzrə dəyərləndirmə hesabatı dinlənilmişdir.

Hesabatın təqdimatı üzrə həyata keçirilən tədbirdə müvafiq dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları və QHT təmsilçiləri iştirak etmişlər. Qeyd edilmişdir ki, Azərbaycan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ilə artıq 2003-cü ildən əməkdaşlığa başlamışdır. Bu müddət ərzində təşkilat tərəfindən Azərbaycan hökumətinə bir sıra tövsiyələr verilmişdir. OECD, o cümlədən Avropa Şurasının Korrupsiyaya Qarşı Dövlətlər Qrupunun (GRECO) tövsiyələrinin icrası istiqamətində son illər ardıcıq qanunvericilik və praktiki işləri davam etdirilmişdir. OECD nümayəndələri Azərbaycanda korrupsiyaya qarşı mübarizədə müsbət nəticələr əldə edildiyini vurğulamışlar. Eyni zamanda, bildirilmişdir ki, Antikorrupsiya tədbirlərinin daha səmərəli icra olunması məqsədi ilə İstanbul Fəaliyyət Planı çərçivəsində Azərbaycana bir sıra əlavə tədbirlər, o cümlədən Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin imkanlarının gücləndirilməsi, dövlət qurumlarının və vətəndaş cəmiyyətinin milli antikorrupsiya səylərində daha yaxından iştirakın təmin edilməsi, şirkətlərin korrupsiya cinayətlərinə görə məsuliyyətə cəlb olunmasına dair qanunvericiliyin təkmilləşdirilməsi və digər əlavə tədbirlərin həyata keçirilməsi tövsiyə edilmişdir. Məruzələr dinlənildikdən sonra mövzu ilə bağlı fikir mübadiləsi aparılmış və kütləvi informasiya vasitələri nümayəndələri üçün mətbuat konfransı keçirilərək jurnalistlərin sualları cavablandırılmışdır