AZ1066, İstiqlaliyyət küçəsi 19, Bakı, Azərbaycan

Hakim və prokurorlar korrupsiya ilə mübarizədə beynəlxalq təcrübəni öyrənirlər

Prezident İlham Əliyevin korrupsiyaya qarşı mübarizənin sərtləşdirilməsinə dair tapşırıqlarına uyğun olaraq Məhkəmə-Hüquq Şurası (MHŞ) tərəfindən tədbirlər davam etdirilir. Ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında, vahid məhkəmə təcrübəsinin formalaşdırılmasında və məhkəmə səhvlərinin aradan qaldırılmasında tədris kurslarının əhəmiyyəti nəzərə alınaraq MHŞ tərəfindən bu il 20-dək təlimin keçirilməsi nəzərdə tutulmuşdur. Korrupsiya ilə mübarizə sahəsində hakimlərin və prokurorların birgə tədrisinin xüsusi əhəmiyyəti nəzərə alınaraq MHŞ tərəfindən bu sahədə ayrıca ixtisasartırma kursu təşkil edilmiş, təcrübə mübadiləsi məqsədi ilə Türkiyədən yüksək ixtisaslı mütəxəssislər dəvət edilmişdir. MHŞ-dən AzərTAc-a bildirmişlər ki, bu gün türkiyəli hakimlər Engin Durnagöl və Seyfullah Çakmahın iştirakı ilə İnteraktiv metodlarla keçirilən təlimlərə başlanılmışdır. MHŞ-nin korrupsiyaya qarşı mübarizə sektorunun əməkdaşlarının da iştirak etdiyi kursda korrupsiyaya şərait yaradan hallarla mübarizə üzrə Türkiyə təcrübəsi, hakimlərin, prokurorların peşə etikası məsələləri barədə mühazirələr dinlənilmiş, mövcud problemlər və onların həlli yolları üzrə səmərəli fikir mübadiləsi və müzakirələr aparılmışdır. Bakı, 16 mart (AzərTAc).