FUAD LTD» MMC-nin vəzifəli şəxslərinin cinayətkar əməlləri ifşa edilmişdir
Bakı şəhər sakini Rəhimov Saleh Bədir oğlu və qeyrilərinin «FUAD LTD» Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə müraciətləri Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılmışdır.
Müəyyən edilmişdir ki, cəmiyyətin direktoru Məmmədov Qasım Əsəd oğlu qulluq mövqeyindən sui-istifadə edərək külli miqdarda özgə əmlakını ələ keçirmək məqsədilə 2005-2007-ci illərdə Rəhimov Saleh Bədir oğlundan 22.800 ABŞ dolları, İsgəndərov Vəli Zaman oğlundan 10.000 ABŞ dolları, Abdurrahmanov Eldəniz Əbixan oğlundan 10.500 ABŞ dolları, Mustafayeva Xoşqədəm Sarı qızından 27.500 ABŞ dolları, Rzayev Rafiq İsaxan oğlundan 12.500 ABŞ dolları, Nəsibova Xavər Göycə qızından 24.500 ABŞ dolları olmaqla, cəmi 107.800 ABŞ dolları məbləğində pulu alıb sonunculara cəmiyyətin Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, 1 saylı ünvanda tikiləcək yaşayış binasında mənzillər satılacağı barədə yalan vədlər verib saxta müqavilələr hazırlayaraq təqdim etmişdir. Fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq yolu ilə özgə əmlakını külli miqdarda ələ keçirmə), 213.2.2-ci (vergi ödəməkdən yayınma), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanmışdır.
Hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində iş üzrə istintaq davam etdirilməklə «FUAD LTD» MMC-nin vəzifəli şəxsləri tərəfindən aldadılmış vətəndaşların pozulmuş hüquqlarının bərpa edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.