Doha şəhərində keçirilən COSP11 çərçivəsindəki paneldə Komissiyanın antikorrupsiya strategiyasının nəticə əsaslı monitorinqi üzrə təqdimat edilib
Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının (bundan sonra – Komissiya) katibi Təbriz Musayev Birləşmiş Millətlər Təşkilatının Korrupsiya əleyhinə Konvensiyasına (UNCAC) Tərəf Dövlətlərin Konfransının Qətər Dövlətinin Doha şəhərində keçirilən 11-ci sessiyasında (COSP11) iştirak etmişdir. Nümayəndə heyətinə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev rəhbərlik etmişdir.
Komissiya tərəfindən təşkil edilən “Strategiyanın nəticə əsaslı monitorinqində ictimaiyyətin iştirakı” adlı panel iclasda korrupsiya ilə mübarizəyə dair milli fəaliyyət planının monitorinqi və qiymətləndirilməsi üzrə Metodologiyanın nəzəri əsasları, tətbiq təcrübəsi və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakçılığına dair təqdimatlar nümayiş etdirilmişdir. Panel iclasın moderatoru Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (BMTNCİ) Hüquq mühafizə və strateji şəbəkələşmə departamentinin direktoru Neil Valş, spikerləri isə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin Məlumatların qəbulu və qiymətləndirmə sektorunun baş məsləhətçisi Azər Bayramov, Komissiyanın katibi Təbriz Musayev, BMTNCİ-nin İnformasiya mərkəzinin direktoru Salome Florez və Komissiyanın işçi qrupunun üzvü – Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin sədri Ramil İskəndərli olmuşdur.
Panel iclasda tədbir iştirakçıları ilə yanaşı, GRECO-nun Portuqaliyadan olan vitse-prezidenti, Türkiyə, Qətər, Səudiyyə Ərəbistanı, Almaniya, Ukrayna, Rusiya, Nigeriya və digər ölkələrdən olan nümayəndələr, eləcə də BMT-nin və ATƏT-in təmsilçiləri iştirak etmişlər. Panel iclasın spikeri Salome Florez Azərbaycan Respublikasında dəyişiklik nəzəriyyəsinin korrupsiya ilə mübarizə strategiyalarına tətbiqini alqışlanmalı hal hesab edərək digər ölkələr üçün də nümunə olacağını bildirmişdir.
Konfrans çərçivəsində nümayəndə heyətinin rəhbəri – Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Azərbaycan Respublikasının adından çıxış etmişdir. Həmçinin, GLOBE Şəbəkəsinin təşkil etdiyi panel müzakirədə isə Baş prokuror Kamran Əliyevin çıxışı olmuşdur.
Baş Prokurorluq tərəfindən “Dayanıqlı iqlim siyasəti naminə korrupsiyaya qarşı mübarizə” mövzuda panel müzakirə təşkil edilmiş, nümayəndə heyətinin üzvü Elnur Musayev spiker qismində iştirak etmişdi.