AZ1066, İstiqlaliyyət küçəsi 19, Bakı, Azərbaycan

BMT-nin Korrupsiya əleyhinə Konvensiyası çərçivəsində beynəlxalq tədbirlər keçirilmişdir

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının (bundan sonra – Komissiya) katibi Təbriz Musayev 2026-cı il 1–6 noyabr tarixlərində Avstriya Respublikasının Vyana şəhərində BMT-nin Korrupsiya əleyhinə Konvensiyasının (bundan sonra – Konvensiya) İcra təftiş qrupunun 17-ci sessiyasının ikinci bərpa olunmuş iclasında, Konvensiyaya tərəf dövlətlər Konfransının Xüsusi sessiyasında, habelə Aktivlərin geri qaytarılması üzrə açıq tərkibli hökumətlərarası işçi qrupunun 20-ci sessiyasında iştirak etmişdir.

İcra təftiş qrupunun iclası çərçivəsində Konvensiyanın həyata keçirilməsinin mövcud vəziyyəti müzakirə edilib, texniki yardım ehtiyacları və ölkələrin müsbət təcrübələri barədə fikir mübadiləsi aparılıb. Tədbir zamanı T.Musayev tərəfindən Konvensiyanın İcra təftiş qrupu tərəfindən ölkəmizə ünvanlanmış tövsiyələrin icrası, eləcə də Azərbaycanda vətəndaş cəmiyyəti nümayəndələrinin korrupsiyaya qarşı mübarizə tədbirlərində iştirakına dair bəyanatlar səsləndirilib.

Bəyanatlarda korrupsiyaya qarşı mübarizə sahəsində milli qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində son dövrdə hazırlanmış normativ hüquqi akt layihələri, Komissiyanın işçi qruplarına vətəndaş cəmiyyəti nümayəndələrinin müsabiqə əsasında cəlb olunması, həmçinin Konvensiyanın icrasının təftiş mexanizminin ikinci mərhələsinə hazırlıq çərçivəsində nəzərdə tutulan tədbirlər barədə məlumat verilib.

Konvensiyaya tərəf dövlətlər Konfransının Xüsusi sessiyası çərçivəsində isə Konvensiyanın icrasının təftiş mexanizminin ikinci mərhələsi ilə bağlı nümunəvi sorğu forması və ölkələr üzrə hesabat formaları təsdiq edilmişdir. Belə ki, 2027-ci ildə başlanması nəzərdə tutulan təftiş mexanizminin ikinci mərhələsi çərçivəsində iştirakçı dövlətlərin nümunəvi sorğu formasında əks olunmuş sualları cavablandırması, təqdim edilmiş məlumatlar əsasında isə Konvensiyanın müddəalarının ölkələr üzrə həyata keçirilməsi vəziyyətinin qiymətləndirilməsi planlaşdırılır.

Bundan başqa, Konvensiyaya tərəf dövlətlər Konfransının Xüsusi sessiyasında Konvensiyanın icra təftiş mexanizminin ikinci mərhələsi üzrə tədbirlər planını cədvəli təsdiq olunmuşdur.