Bakida “Korrupsiyaya Qarşi Mübarizədə Cəmiyyətin Rolu” mövzusunda Konfrans keçirilmişdir
2009-cu il 21 may tarixdə Bakıda Parlamentlərin Korrupsiya Əleyhinə Qlobal Təşkilatının (GOPAC) Cənubi Qafqaz üzrə şəbəkəsinin təşkilatçılığı ilə “Korrupsiyaya qarşı mübarizədə cəmiyyətin rolu” mövzusunda konfrans keçirilmişdir. Təşkilatın Azərbaycan nümayəndəliyi korrupsiyaya qarşı mübarizə sahəsində parlamentlərin təcrübə mübadiləsi aparmasına, qanunvericilik sisteminin daha da təkmilləşməsinə, dövlətin bu sahədəki fəaliyyətinə dəstək verəcəkdir. Parlamentlərin Korrupsiya Əleyhinə Qlobal Təşkilatının yaradıcısı, kanadalı parlamentari Con Vilyams cəmiyyətdə korrupsiyaya qarşı mübarizədə deputatların üzərinə də xeyli məsuliyyət düşdüyünü bildirmişdir. Təşkilatın da məqsədi məhz dünyada olan 35 min parlamentarinin diqqətini bu sahəyə yönəltməkdir. O, Azərbaycanda bu sahədə aparılan işlərin təqdirəlayiq olduğunu demişdir. Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov bildirmişdir ki, 2002-ci ildə Kanadanın Ottava şəhərində yaradılan təşkilatın ötən il Küveytdə keçirilmiş 3-cü konfransında Cənubi Qafqaz üzrə şəbəkənin məhz Azərbaycanda yaradılması barədə qərar qəbul edilmişdir. Ə.Hüseynov xüsusi vurğulamışdır ki, korrupsiyaya qarşı mübarizə sahəsində Azərbaycan qanunvericiliyinin kifayət qədər mükəmməl olması və standartlara cavab verməsi bir çox təşkilatlar tərəfindən qeyd olunmuşdur. Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının sədri Ramiz Mehdiyevin və Xarici İşlər Nazirliyinin tövsiyəsi əsasında bu təşkilatla əməkdaşlıq qurulmağa başlanılmışdır. Bu əməkdaşlıq parlamentarilərin, cəmiyyətin, qanunvericiliyin korrupsiyaya qarşı mübarizədə fəaliyyətinin gücləndirilməsinə yönəldilmişdir. Bakı, 21 may (AzərTAc).