Bakı Dövlət Universitetinin Hüquq fakultəsinin müəllimi Məhəmməd İmanlı külli miqdarda rüşvət alan zaman cinayət başında yaxalanmışdır
Bakı Dövlət Universitetinin Hüquq fakultəsinin "Cinayət hüququ və kriminalogiya" kafedrasının müəllimi, hüquq elmləri doktoru, professor əvəzi İmanlı Məhəmməd Nağı oğlunun qanunsuz hərəkətləri barədə Bakı şəhər sakininin Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin "161 - Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciəti araşdırılmışdır.
Müəyyən edilmişdir ki, Məhəmməd İmanlı ikinci ali təhsil almaq üçün ona müraciət etmiş Bakı şəhər sakinindən Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakultəsinə tələbə kimi qəbul edilməsinə görə 40.000 (qırx min) manat pul tələb edərək, 5 may 2012-ci il tarixdə yaşadığı Bakı şəhəri, Zabrat qəsəbəsi, A.S.Puşkin küçəsi 6 №-li evdə qeyd olunan pulu rüşvət kimi alarkən cinayət başında yaxalanmışdır.
Yaşadığı evə baxış keçirilərkən M.İmanlı Bakı şəhər sakinindən rüşvət kimi aldığı 40.000 (qırx min) manat pulu təqdim etmiş, həmçinin yaşadığı evdən müxtəlif əskinaslarla ümumilikdə 79.300 (yetmiş doqquz min üç yüz) ABŞ dolları, 61.260 (altmış bir min iki yüz altmış) manat, 13.020 (on üç min iyirmi) avro və vətəndaşın adına olan əvvəlki təhsil müəssisəsini bitirməsinə dair diplomun surəti, eləcə də iş üçün əhəmiyyət kəsb edən digər sənəd və əşyalar aşkar edilərək götürülmüşdür. Həmin fakta görə Məhəmməd İmanlı barəsində Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə cinayət işi başlanmışdır. M.İmanlı təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
M.İmanlı 1993-cü ildən Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin "Cinayət hüququ və kriminalogiya" kafedrasında müəllim, baş müəllim, dosent, həmçinin 2004-2011-ci illərdə Hüquq fakültəsində dekanın 1-ci müavini vəzifələrində işləmişdir. Hazırda iş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.