_23-05-2025_15-21-44.png)
Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının “Təhsil və maarifləndirmə ilə bağlı işçi qrupu”nun geniştərkibli (“Antikorrupsiya hüququ” vəsaitinin hazırlanması üzrə müəlliflər kollektivi) ilk iclası keçirildi
2025-ci ilin 18 aprel tarixində Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının (bundan sonra – Komissiya) “Antikorrupsiya hüququ” vəsaiti üzrə müəlliflər kollektivinin ilk onlayn iclası keçirilib. İclasda Komissiyanın Katibliyinin əməkdaşları və müəlliflər kollektivinin 25 üzvü iştirak edib.
Tədbiri giriş sözü ilə açan Komissiyanın katibi Təbriz Musayev, “Antikorrupsiya hüququ” vəsaitinin hazırlanmasının korrupsiyaya qarşı maarifləndirmə işinin gücləndirilməsi, hüquqi biliklərin sistemləşdirilməsi və mövcud təcrübənin elmi əsaslarla şərhi baxımından mühüm əhəmiyyət kəsb etdəcəyini vurğulayıb. O qeyd edib ki, bu vəsait yalnız hüquqşünaslar deyil, həmçinin dövlət qulluqçuları, vətəndaş cəmiyyəti nümayəndələri və tələbələr üçün də aktual və etibarlı mənbəyə çevriləcəkdir.
İclas zamanı müəlliflər kollektivinin strukturlaşdırılması, fəsillər üzrə bölgüsü, iş yükünün balanslaşdırılması və metodoloji yanaşmalar geniş müzakirə olunub. Komissiyanın katibi qeyd edib ki, 8 aprel tarixli ümumi iclas zamanı üzvlər tərəfindən doldurulmuş anket sorğular, sonrakı dövrdə daxil olmuş təkliflər və onlayn platforma üzərində Komissiyanın katibliyi tərəfindən paylaşılmış ilk versiya mündəricatın üzərində müəlliflər tərəfindən real vaxt rejimində edilən dəyişikliklər əsasında, yekun siyahı formalaşdırılıb. Siyahıya və fəsil bölgüsünə dair əlavə dəyişiklik və təkliflərin 5–6 iyun tarixinədək təqdim edilməsi nəzərdə tutulur.
İclas zamanı müəlliflərin ixtisaslaşması, elmi hazırlığı və təcrübəsi əsasında fəsillər üzrə bölgünün aparılması meyarları izah olunub. Təklif edilib ki, müəlliflər təqdim olunduqları fəsillə bağlı uyğunluq görmədikləri halda, alternativ fəsillərə keçidlə bağlı razılaşdırılmış dəyişikliklər edilə bilər.
Müzakirələr zamanı “Fəsil 30. Dövlət xidmətlərinin təşkili və göstərilməsində korrupsiya riskləri, onların qiymətləndirilməsi və qabaqcıl həll modellərinin tətbiqi” adlı yeni fəsilin əlavə olunması təklifi səsləndirilib və iştirakçılar tərəfindən yekdilliklə qəbul edilib.
İclasın sonunda Katiblik tərəfindən “Antikorrupsiya hüququ” vəsaitinin hazırlanmasına dair iş planının yenilənmiş versiyası təqdim edilib. Bildirilib ki, müəlliflər tərəfindən ilkin araşdırmalar və fəsillərə dair konseptual təkliflərin təqdim olunması, yay mövsümündə əlaqələndirmənin davam etdirilməsi və növbəti mərhələlər üzrə materialların mərhələli şəkildə hazırlanması planlaşdırılır. Avqust ayında isə yay məzuniyyətləri nəzərə alınmaqla ümumi iclas keçirilməyəcək.
Tədbirin yekununda Komissiyanın Katibi Təbriz Musayev müəlliflərə təşəkkür edərək, qarşıdakı mərhələdə əməkdaşlığın davamlılığının və kollegial yanaşmanın qorunacağını bildirib. O, qeyd edib ki, bu vəsait yalnız hüquqi və elmi sənəd kimi deyil, həm də maarifləndirmə və institusional islahatlara töhfə verən praktiki alət kimi formalaşdırılacaqdır.