AZ1066, İstiqlaliyyət küçəsi 19, Bakı, Azərbaycan

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının məlumatı

2026-cı il 16 fevral tarixində Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının iclası keçirilmişdir.

Komissiyanın sədri Samir Nuriyev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə 2025-ci il ərzində görülmüş işlər, o cümlədən həyata keçirilən korrupsiya ilə mübarizə tədbirlərinin əsas istiqamətləri barədə məlumat verdi. Eyni zamanda, qanunvericiliyə edilmiş dəyişikliklərin qısa mahiyyəti və onların ictimai münasibətlərə təsiri iclas iştirakçılarının diqqətinə çatdırıldı.

Komissiya sədri bildirmişdir ki, 2025-ci il ərzində korrupsiya risklərinin idarə edilməsinə dair yeni mexanizm qanunvericilikdə təsbit edilmiş, korrupsiya barədə məlumat verən şəxslərin hüquqlarının müdafiə olunması istiqamətində müvafiq normalar qanunvericiliyə əlavə olunmuşdur. Həmçinin, vətəndaş cəmiyyəti nümayəndələrinin korrupsiya ilə mübarizə fəaliyyətində iştirakçılıqları təmin olunmaqla qeyri-hökumət təşkilatı nümayəndələri və müstəqil ekspertlər işçi qrupların fəaliyyətinə cəlb edilmişlər.

Bununla yanaşı, 2025-cü il ərzində korrupsiya ilə mübarizə sahəsində dövlət proqramlarının qiymətləndirilməsi üzrə nəticə əsaslı monitorinq mexanizminin əsasları müəyyən edilmişdir. Belə ki, keçən dövr ərzində Komissiyanın Katibliyi tərəfindən vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə “Korrupsiya ilə mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın monitorinqi və qiymətləndirilməsi Metodologiyası” hazırlanmışdır. Bu mexanizm korrupsiya ilə mübarizə tədbirlərinin dəqiq meyarlar əsasında qiymətləndirilməsinə şərait yaradacaqdır.

İclasda korrupsiya ilə mübarizə sahəsində beynəlxalq əməkdaşlıq məsələləri də müzakirə edilmişdir. Bu əməkdaşlıq çərçivəsində Korrupsiyaya qarşı Mübarizə Aparan Dövlətlər Qrupunun (GRECO) və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üçün Antikorrupsiya Şəbəkəsinin (ACN) 5-ci dəyərləndirmə raundu çərçivəsində Azərbaycan Respublikası üzrə verdiyi tövsiyələrin icra vəziyyətinə dair qəbul edilmiş hesabatların nəticələri də müzakirə edilmişdir. Bu istiqamətdə görülmüş işlər qənaətbəxş hesab olunaraq tövsiyələrin icrası ilə bağlı tədbirlərin davam etdirilməsi qərara alınmışdır.

Azərbaycan Respublikasının korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq təşəbbüslərdə iştirakı, korrupsiya ilə mübarizədə vəkilliyin rolu və bu istiqamətdə aparılan son islahatlar barədə məruzələr dinlənilmişdir. Eləcə də, şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması üçün verilən təkliflər müzakirə edilmişdir.

Həmçinin, Komissiyanın Katibliyi tərəfindən hazırlanmış korrupsiya risklərinin idarə edilməsi qaydalarının layihəsi məqsədəmüvafiq hesab edilmiş, növbəti dövr üçün iş planı təsdiq edilmişdir.