Az1066, İstiqlaliyyət küçəsi 19, Bakı, Azərbaycan

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasının MƏLUMATI

2023-cü il iyunun 17-də Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasının növbəti iclası keçirilmişdir. Komissiyanın sədri Samir Nuriyev iclası giriş sözü ilə açaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən genişmiqyaslı tədbirlər haqqında ətraflı çıxış etmiş, həmçinin ötən dövr ərzində Komissiyanın fəaliyyəti barədə məlumatları diqqətə çatdırmışdır.   

Azərbaycan Respublikasının sürətli inkişaf dinamikası fonunda ölkəmizdə korrupsiyaya qarşı effektiv mübarizəni təmin edən və müasir dövrün tələblərinə cavab verən səmərəli mexanizmlər sistemi formalaşmışdır. Qanunvericilikdə aparılmış dəyişikliklər və həyata keçirilən mütərəqqi institusional islahatlar bu sahədə ixtisaslaşmış nüfuzlu təşkilatlar olan Avropa Şurasına üzv dövlətlərin Korrupsiyaya qarşı Dövlət Qrupu (GRECO) və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Antikorrupsiya Şəbəkəsi tərəfindən yüksək qiymətləndirimişdir. Komissiya üzvləri ölkəmizdə şəffaflıq və dürüstlüyün daha da gücləndirilməsi istiqamətində görülən işlər fonunda qeyd edilən təşkilatların tövsiyələrinin bu inkişaf prosesinə öz müsbət təsirini göstərəcəyini vurğulamışlar.

Ölkəmizin iqtisadi sistemindən qeyri-qanuni məqsədlər üçün istifadənin yolverilməzliyini qeyd edən iclas iştirakçıları dövlət əmlakının mənimsənilməsi və dövlətin iqtisadi təhlükəsizliyi əleyhinə digər hüquqpozmalarla mübarizə tədbirlərini, habelə bu sahədə aidiyyəti qurumların rolu və onların üzərinə düşən vəzifələri müzakirə etmişlər. 

İclasda həmçinin bəzi özəl müəssisələrin fəaliyyətində, xüsusilə mənzil-tikinti kooperativlərində yol verilən korrupsiya hallarının qarşısının alınması və vətəndaşların hüquqlarının qorunması istiqamətində görülmüş işlər barədə məruzələr dinlənilmişdir.

Yekunda Komissiyanın növbəti dövr üçün iş planı təsdiq edilmişdir.