AZ1066, İstiqlaliyyət küçəsi 19, Bakı, Azərbaycan

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının işçi qruplarının 2025-ci il üzrə ilk birgə iclası keçirilib

2025-ci il 8 aprel tarixində Bakı şəhərində “Hyatt Regency Baku” mehmanxanasında Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının (bundan sonra – Komissiya) nəzdində fəaliyyət göstərən işçi qruplarının 2025-ci il üzrə ilk birgə iclası keçirilmişdir.

İclas Komissiyanın 2025-ci il 6 fevral tarixli qərarı ilə təsdiq olunmuş Reqlamentə əsasən təşkil edilmiş və məqsədi işçi qrupların qarşıdakı dövr üçün fəaliyyət istiqamətlərini müəyyənləşdirmək, əməkdaşlığı gücləndirmək və korrupsiyanın qarşısının alınması sahəsində effektiv mexanizmlərin tətbiqini təşviq etmək olmuşdur.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin və Dövlət nəzarəti məsələləri şöbəsinin, həmçinin Komissiyanın Katibliyinin əməkdaşları tərəfindən aşağıdakı mövzular üzrə təqdimatlar və çıxışlar edilmişdir:

Çıxış və təqdimatlar üzrə iştirakçılar tərəfindən fəal fikir mübadiləsi aparılmış, Komissiyanın nəzdində formalaşmış müxtəlif istiqamətli işçi qrupların fəaliyyəti üzrə faydalı təkliflər irəli sürülmüşdür.

İclas çərçivəsində bütün iştirakçılara təqdim edilmiş anket sorğusu vasitəsilə onların gözləntiləri, təklifləri və işçi qrupların fəaliyyəti ilə bağlı prioritet sahələrə dair rəylər toplanmışdır. Bu məlumatlar gələcək fəaliyyətin planlaşdırılması və istiqamətləndirilməsi üçün əsas baza rolunu oynayacaqdır.

İclasdan sonra hər bir işçi qrupun ayrıca daxili iclas keçirməsi, bu iclaslarda müvafiq olaraq qrupun sədrinin və katibinin seçilməsi, eləcə də konkret fəaliyyət planlarının və prioritetlərinin müəyyənləşdirilməsi nəzərdə tutulmuşdur.

Tədbirə dövlət qurumlarının, ali təhsil müəssisələrinin, qeyri-hökumət təşkilatlarının nümayəndələri və müstəqil ekspertlər daxil olmaqla 80-dən artıq iştirakçı qatılmışdır.