AZ1066, İstiqlaliyyət küçəsi 19, Bakı, Azərbaycan

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya tərəfindən dövlət qurumları üçün onlayn təlim keçirilib

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası tərəfindən “Korrupsiya ilə mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın monitorinqi və qiymətləndirilməsi Metodologiyası”nın tətbiqinə həsr olunmuş onlayn təlim təşkil edilib. Təlimdə mərkəzi icra hakimiyyəti orqanlarının, prokurorluq və məhkəmə orqanlarının, yerli icra hakimiyyəti orqanlarının, habelə dövlət şirkətlərinin nümayəndələri iştirak ediblər.

Təlimin əsas məqsədi Milli Fəaliyyət Planının icrasının monitorinqi və qiymətləndirilməsi üzrə vahid yanaşmanın formalaşdırılması, Metodologiyanın tətbiqi mexanizmlərinin izah edilməsi və hesabatların hazırlanması ilə bağlı praktiki tövsiyələrin verilməsi olub.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının katibi Təbriz Musayev “Korrupsiya ilə mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın monitorinqi və qiymətləndirilməsi Metodologiyası”nın qəbul edilməsinin zərurəti və nəzəri əsasları mövzusunda təqdimatla çıxış edib. Təqdimat zamanı Metodologiyanın hazırlanmasının əsas məqsədləri, vahid qiymətləndirmə meyarlarının tətbiqinin əhəmiyyəti, tədbirlərin məzmununun dəqiq müəyyənləşdirilməsi, kəmiyyət qiymətləndirilməsi yanaşmaları, eləcə də Metodologiyanın nəzəri bazasını təşkil edən “dəyişiklik nəzəriyyəsi” və onun əsas elementləri barədə ətraflı məlumat verilib.

Daha sonra Komissiya Katibliyinin məsləhətçisi Hüseyn Xasməmmədov Metodologiyada hasilat və nəticə indikatorları üzrə qiymətləndirmənin aparılması, 100 ballıq qiymətləndirmə şkalası, nəticə meyarlarının effektivlik göstəriciləri və cavabların hazırlanması qaydaları barədə iştirakçılara praktiki izahlar təqdim edib.

Təlimin növbəti hissəsində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin Məlumatların qəbulu və qiymətləndirmə sektorunun baş məsləhətçisi Azər Bayramov Metodologiyanın praktik tətbiqinə dair təqdimatla çıxış edib. Təqdimat çərçivəsində tam icra edilmiş, qismən icra edilmiş və icra edilməmiş tədbirlərin qiymətləndirilməsinə dair nümunələr əsasında Metodologiyanın tətbiqi mexanizmləri izah olunub.

Hər təqdimatdan sonra iştirakçıların sualları cavablandırılıb, Metodologiyanın tətbiqi ilə bağlı praktik məsələlər ətrafında müzakirələr aparılıb.

Təlim iştirakçılar tərəfindən maraqla qarşılanıb və dövlət qurumlarında Milli Fəaliyyət Planının icrasının monitorinqi və qiymətləndirilməsinin vahid metodoloji yanaşma əsasında həyata keçirilməsinə töhfə verəcəyi vurğulanıb.