AZ1066, İstiqlaliyyət küçəsi 19, Bakı, Azərbaycan

Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası yanında Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya 2005-ci il 8 iyul tarixdə keçirilmiş iclasında müzakirə edilmiş məsələlər üzrə

Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası yanında Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın

Q Ə R A R I


Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası yanında Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya 2005-ci il 8 iyul tarixdə keçirilmiş iclasında müzakirə edilmiş məsələlər üzrə aşağıdakıları qərara alır:

1. Dövlət orqanlarının fəaliyyətinin və dövlət qulluğuna qəbulun təkmilləşdirilməsi məqsədi ilə:

1.1. Azərbaycan Respublikasının Nazirlər Kabinetindən xahiş edilsin ki, qısa müddət ərzində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu məsələləri üzrə Komissiyanın fəaliyyətinin təşkili üçün müvafiq bina və maddi-texniki təminat ilə bağlı məsələləri həll etsin;

1.2. Azərbaycan Respublikası Prezidentinin Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsi və Hüquq mühafizə orqanları ilə iş şöbəsi “ Dövlət qulluqçularının və digər vəzifəli şəxslərin fəaliyyətində maraqlar toqquşmasının qarşısının alınması haqqında” qanun layihəsinin hazırlanması işini sürətləndirsinlər.

2. Ədalət mühakiməsinin yaxşılaşdırılması və məhkəmələrin fəaliyyətinin təkmilləşdirilməsi üzrə görülən işləri, yeni hakim seçkilərinin beynəlxalq standartlara uyğun olaraq şəffaf şəraitdə keçirilməsi üçün həyata keçirilən tədbirləri, Məhkəmə-Hüquq Şurasının göstərilən məsələlərlə bağlı fəaliyyətini təqdirəlayiq hesab edərək, bu sahədə işlərin səmərəliliyinin artırılması və sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetindən xahiş edilsin ki:

2.1. 2005-ci ildə keçiriləcək hakim seçkiləri ilə əlaqədar hakimliyə namizədlərin seçilməsi prosedurunun maliyyələşdirilməsi üçün 2005-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Məhkəmə-Hüquq Şurasının ehtiyaclarına müvafiq olaraq vəsaitin, zəruri avadanlığın, təşkilati texnikanın ayrılması və digər məsələlərin həlli ilə bağlı lazımi tədbirləri görsün;

2.2. “ Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 yanvar tarixli Fərmanının 1.4-cü bəndinin ( Məhkəmə-Hüquq Şurasının və Hakimlərin Seçki Komitəsinin fəaliyyətinin təşkili üçün müvafiq bina və maddi-texniki təminat ilə bağlı məsələlər ) icrasını sürətləndirsin.

3. Dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması məqsədi ilə bütün dövlət orqanları məlumat azadlığı haqqında Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq mətbuat xidmətlərinin işinin təkmilləşdirilməsi üçün tədbirlər görsünlər və mətbuat xidmətləri vasitəsilə mütəmadi olaraq öz fəaliyyətləri barədə ictimaiyyətə məlumatların verilməsini təmin etsinlər.

4. Komissiya tərkibində yaradılmış qanunvericiliyin təkmilləşdirilməsi üzrə ad hoc işçi qrupun tərkibi təsdiq edilsin (əlavə olunur).

5. Komissiya tərkibində yaradılmış analitik-informasiya işinin təşkili üzrə ad hoc işçi qrupu öz fəaliyyətini sahibkarlığın inkişafı ilə bağlı tədqiqatlar aparılması sahəsində qursun və işçi qrupun tərkibinə sahibkarların müvafiq assosiyasiyaları və qeyri-hökumət təşkilatları cəlb edilsin.

6. Komissiyanın 2005-ci il 8 iyul tarixdə keçirilmiş dördüncü iclası ilə bağlı mətbuatda məlumat dərc edilsin.

7. Komissiyanın Katibliyi yuxarıda göstərilən məsələlər üzrə Komissiyanın tövsiyələrinin həyata keçirilməsi vəziyyəti haqqında Komissiyaya məlumat təqdim etsin.

Azərbaycan Respublikası Dövlət Qulluğunu
İdarəetmə Şurası yanında Korrupsiyaya qarşı
mübarizə üzrə Komissiyanın sədri
R.Mehdiyev

Bakı şəhəri, 08 iyul l 2005-cü il
№ 5