Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin məlumatı
15 iyul 2011-ci il tarixdə Baş Prokurorluğun Elm-Tədris Mərkəzində Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən 2011-ci ilin I yarımilliyi ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərlə bağlı kütləvi informasiya vasitələri və qeyri-hökümət təşkilatları nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirilmişdir.
Mətbuat konfransında İdarə rəisi Kamran Əliyev və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının katibi İnam Kərimov görülmüş işlər barədə məlumat vermişlər.
Bildirilmişdir ki, son illər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə onun siyasi kursunun əsas istiqamətini təşkil edən korrupsiya ilə mübarizə sahəsində kompleks tədbirlər həyata keçirilmişdir.
Belə ki, Ölkə Prezidenti tərəfindən mahiyyəti qabaqlayıcı və inzibati tədbirlərin birgə həyata keçirilməsi olan qətiyyətli siyasi iradənin ortaya qoyulması nəticəsində korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq standartlara cavab verən müasir qanunvericilik bazasının formalaşdırılması, dövlət idarəetməsində şəffaflığın təmin edilməsi, ədalətli məhkəmə sisteminin yaradılması məqsədi ilə köklü islahatların həyata keçirilməsi, habelə səmərəli antikorrupsiya qurumlarının təsis edilərək fəaliyyətə başlaması mümkün olmuşdur.
Dövlət başçısının 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş Nazirlər Kabinetinin iclasında verdiyi göstərişlərə müvafiq olaraq, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın cari ilin yanvar ayının 27-də keçirilmiş yığıncağında ölkəmizdə həyata keçirilən quruculuq işlərinə, istisadi, sosial və siyasi sahədə aparılan islahatlara kölgə salan, Azərbaycanın işgüzar nüfuzuna xələl gətirən neqativ halların aradan qaldırılması, bu istiqamətdə işin təşkilinə görə cavabdeh olan dövlət təsisatlarının məsuliyyətinin artırılması, əhalinin haqlı narazılığına səbəb olan, sahibkarlığın inkişafına süni əngəllər yaradan, müxtəlif xidmət sahələrində mövcud olan korrupsiya halları barədə vətəndaşların müraciətlərinə təxirəsalınmadan baxılması ilə əlaqədar qarşıya konkret vəzifələr qoyulmuş, rüşvətxorluğa və korrupsiya kimi neqativ təzahürlərə qarşı daha ciddi mübarizə aparılması tələb edilmişdir. Odur ki, 2011-ci ilin I yarımilliyi korrupsiyaya qarşı mübarizə siyasətinin mahiyyəti etibarı ilə yeni bir mərhələyə qədəm qoyması ilə əlamətdar olmuş, bu müddət ərzində bir sıra mühüm qanunvericilik və praktiki tədbirlər həyata keçirilmişdir.
Belə ki, Azərbaycan Prezidentinin 2011-ci il 11 mart tarixli fərmanı ilə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin prokurorluq işçilərinin ümumi say tərkibi 60 ştat vahidi artırılaraq 100 nəfərə çatdırılmış, eyni zamanda texniki işçilərin sayında da əhəmiyyətli dəyişiklik edilmişdir.
Göstərilənlərlə yanaşı, Nazirlər Kabinetinə Korrupsiyaya qarşı Mübarizə İdarəsinin fəaliyyətinin səmərəli təşkili, maddi-texniki təminatının yaxşılaşdırılması ilə bağlı zəruri tədbirlərin görülməsi və idarə əməkdaşlarının aylıq vəzifə maaşlarının artırılması məsələsinin həll edilməsi barədə tapşırıq verilmişdir. Nazirlər Kabinetinin 2011-ci il 3 iyun tarixli 89 saylı qərarı ilə idarə əməkdaşlarının maaşı əhəmiyyətli dərəcədə artırılmışdır.
Eyni zamanda, dövlətimizin başçısının təşəbbüsü ilə bir neçə qanun layihəsi baxılmaq üçün Milli Məclisə göndərilmişdir. Martın 18-də Milli Məclis "Əməliyyat-axtarış fəaliyyəti haqqında" və "Prokurorluq haqqında" qanunlara dəyişikliklər etmişdir. Bununla da MDB məkanında, habelə Azərbaycan Prokurorluğunun tarixində ilk dəfə olaraq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətləri verilmişdir. Korrupsiya cinayətləri üzrə əməliyyat-axtarış tədbirlərinin yalnız Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən aparılması müəyyənləşdirilməklə bu sahədə prokurorluq orqanlarının qarşısında çox mühüm və məsuliyyətli vəzifələr qoyulmuşdur.
Azərbaycan Prezidentinin 2011-ci il 8 aprel tarixli 404 nömrəli fərmanı ilə Nazirlər Kabinetinə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin dövlət orqanları tərəfindən aparılan elektron informasiya ehtiyatlarından real vaxt rejimində istifadəsinin təmin edilməsi məqsədilə müvafiq normativ hüquqi aktlara dəyişikliklər edilməsi barədə təkliflərini dövlət başçısına təqdim etmək vəzifəsi tapşırılmışdır. Eyni zamanda, qeyd olunan fərmanla idarənin Əsasnaməsində dəyişikliklər edilərək digər məsələlərlə yanaşı, korrupsiya ilə əlaqədar hüquqpozmalar haqqında daxil olan məlumatlar üzrə ilkin yoxlamanın aparılması və ya korrupsiya ilə bağlı cinayətlərin istintaqı zamanı müxtəlif peşə sahələrində xüsusi biliyə malik şəxslərdən istifadə etməklə fiziki və ya hüquqi şəxslərin fəaliyyətinin yoxlanması məqsədilə idarəyə mütəxəssislər qrupunun yaradılması səlahiyyəti verilmişdir.
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində qeyd olunan normativ-hüquqi aktlardan irəli gələn vəzifələrin həyata keçirilməsi üçün 2011-ci il mayın 12-də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin strukturunun təkmilləşdirilməsi, idarənin tərkibində olan struktur qurumların əsasnamələrinin təsdiq edilməsi haqqında Baş Prokurorluq üzrə müvafiq əmr imzalanmışdır. Həmin əmrə əsasən idarədə 4 yeni şöbə yaradılmış, iki şöbə ləğv edilərək onların bazasında yeni şöbələr təsis edilmiş və beləliklə, idarənin tərkibində olan şöbələrin sayı 7-yə çatdırılmışdır.
Dövlət başçısının siyasi iradəsinə uyğun olaraq, korrupsiya ilə mübarizəni inzibati və iqtisadi metodların vəhdəti üzərində quran prokurorluq orqanları fəaliyyətini daha da təkmilləşdirməklə bu işi öz fəaliyyətinin prioritet xətti kimi müəyyən etmiş, Korrupsiyaya qarşı Mübarizə İdarəsi isə əvvəlki illərdə olduğu kimi cari ilin birinci yarısında da fəaliyyətini uğurla davam etdirmişdir.
Həmin müddət ərzində idarə tərəfindən vətəndaşların 336 müraciətinə baxılmışdır. 2011-ci ilin birinci yarısında idarəyə daxil olmuş cinayət xarakterli 150 müraciət və digər məlumatlardan (onlardan 41-i müraciət, 109-u digər məlumatlar) 87-si və ya 55,4 faizi üzrə cinayət işi başlanılmışdır.
Korrupsiya halları ilə üzləşmiş vətəndaşlara ixtisaslaşmış cinayət təqibi orqanı kimi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə birbaşa və maneəsiz müraciət etmək imkanının yaradılması məqsədilə idarənin nəzdində "161" nömrəli "Qaynar xətt" əlaqə mərkəzi yaradılmaqla 2011-ci il 3 mart tarixindən fəaliyyətə başlamışdır. Fəaliyyətə başladığı 4 aydan artıq müddət ərzində "Qaynar xətt" əlaqə mərkəzinə 2076 müraciət daxil olmuş, korrupsiya ilə əlaqədar olmayan 5000-dən artıq müraciət müəllifinə mülki, ailə, mənzil, inzibati və digər sahələrdə pozulmuş hüquqlarının bərpasına dair ətraflı izahlar verilmişdir.
Daxil olmuş müraciətlər və onlara baxılmasının nəticələri üzrə aparılan təhlillər göstərir ki, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində dövlət başçısının rəhbərliyi altında həyata keçirilən qətiyyətli və düşünülmüş tədbirlər öz müsbət bəhrəsini verməkdədir. Belə ki, bir tərəfdən "Qaynar xətt" əlaqə mərkəzinə daxil olan zənglərin sayının azalması müşahidə olunur. Digər tərəfdən isə əlaqəli dövlət qurumları ilə birgə görülmüş tədbirlər nəticəsində çoxsaylı vətəndaşların müraciəti müsbət həll olunmuşdur. Zəruri qabaqlayıcı tədbirlər həyata keçirilmiş və 8 müraciət üzrə cinayət məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanaraq 9 şəxs barəsində istintaq orqanının vəsatəti üzrə müvafiq məhkəmənin qərarı əsasında həbs-qətimkan tədbiri seçilmişdir. Həmin işlərdən 4-ü üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün məhkəməyə göndərilmiş, 4 cinayət işi üzrə isə istintaq davam etdirilir.
Cari ilin birinci yarısında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin istintaq şöbəsində 159 cinayət işinin ibtidai araşdırması həyata keçirilmiş, 98 şəxs barəsində 56 cinayət işinin istintaqını isə tamamlanaraq baxılması üçün məhkəməyə göndərmişdir. İdarə tərəfindən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma faktlarının aşkar edilməsi və bu cür əməllərə yol vermiş təqsirli şəxslərin ifşa olunmaqla cinayət məsuliyyətinə cəlb edilməsinə xüsusi diqqət yetirilmişdir. Hesabat dövründə qeyd edilən fakta görə 2 cinayət işi üzrə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması hallarına yol vermiş 4 şəxs Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, cinayət işləri üzrə istintaq tamamlanmış və baxılması üçün müvafiq məhkəməyə göndərilmişdir.
İstintaqı aparılmış və hazırda icraatda olan cinayət işləri, habelə törədilmiş və ya hazırlanan cinayətlər haqqında məlumatlarla bağlı cinayət işinin başlanılması rədd edilmiş materiallar üzrə fiziki və hüquqi şəxslərin hüquqları bərpa edilərək onlara vurulmuş 2 milyon 588 min manat ziyanın ödənilməsi təmin edilmişdir.
Hesabat dövrü ərzində İdarə tərəfindən korrupsiyaya qarşı mübarizə fəaliyyətində qeyri-hökumət təşkilatları ilə sıx münasibətlərin qurulmasına xüsusi önəm verilmiş, bu əməkdaşlığın təzahürü kimi 2011-ci il aprelin 15-də Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə Komissiyası, Baş Prokurorluğun və korrupsiya ilə mübarizə aparan QHT-lərin məlumat və əməkdaşlıq şəbəkəsinin təşəbbüsü ilə korrupsiyaya qarşı mübarizə ilə bağlı forum keçirilmişdir.
Bu müddət ərzində Avropa İttifaqının (Aİ) Şərqi Əməkdaşlıq və Qonşuluq Siyasəti kontekstində həyata keçirilən və Avropa standartlarına uyğun şəkildə təşkilati quruluş prosesinə dəstək vermək məqsədi daşıyan Tvinninq Proqramı çərçivəsində Aİ ekspertləri ilə birgə hazırlanmış və Litva Respublikasının Xüsusi İstintaq Xidməti ilə birgə həyata keçirilən "Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə dəstək" layihəsinin icrası uğurla davam etdirilmiş, eyni zamanda tərəfdaşlar arasında layihənin daha 5 ay müddətinə uzadılması barədə razılığa gəlinmişdir. Bundan əlavə, Litva Respublikasının Baş prokuroru cənab Darius Valis və Litva Xüsusi İstintaq Xidmətinin Baş direktoru cənab Zimantas Paseviçiusun 2011-ci il aprelin 26-dan 29-dək Azərbaycanda səfərdə olarkən Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi ilə Litva Respublikasının Xüsusi İstintaq Xidməti arasında "Davamlı Əməkdaşlıq haqqında" Memorandumun imzalanması adıçəkilən qurumlar arasında layihə müddəti bitdikdən sonra qarşılıqlı əməkdaşlığın davam etdirilməsi baxımından əlamətdar hadisə olmuşdur.
Cari ilin I yarımilliyi ərzində İdarə tərəfindən Beynəlxalq Prokurorlar Assosiasiyası, Avropa Şurasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Dövlətlər Qrupunun (GRECO), Beynəlxalq Antikorrupsiya Agentliklərinin Assosiasiyası (IAACA) ilə, habelə İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planı çərçivəsində korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış nüfuzlu beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlıq uğurla davam etdirilmişdir.
Daha sonra Kamran Əliyev və İnam Kərimov kütləvi informasiya vasitələri və qeyri-hökümət təşkilatları nümayəndələrinin suallarını cavablandırmışlar.