Az1066, İstiqlaliyyət küçəsi 19, Bakı, Azərbaycan

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 1859 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020–2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası başa çatdırılmışdır

Ölkəmizdə Açıq hökumətin təşviqinə dair sayca 3-cü Milli Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin icrası dövlət orqanları (qurumları) tərəfindən əlaqələndirilmiş qaydada həyata keçirilmişdir.

 Açıqlıq, şəffaflıq və hesabatlılıq prinsiplərinin tətbiqinin daha da genişləndirilməsi məqsədilə ölkəmizdə həyata keçirilən islahatların davamı olaraq, Milli Fəaliyyət Planının icrasına əsasən dövlət xidmətlərinin təkmilləşdirilməsi, vətəndaş cəmiyyəti üzvlərinin fəaliyyətinin dəstəklənməsi, ictimai nəzarətin gücləndirilməsi, korrupsiyanın qarşısının alınması, maliyyə şəffaflığının artırılması, həmçinin informasiya əldə edilməsinin təmin olunması sahələrinə əhəmiyyətli addımlar atılmışdır.

Milli Fəaliyyət Planının icrası nəticəsində görülən tədbirlər  Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın Katibliyi tərəfindən aparılan illik təhlillər ilə yanaşı, bir sıra qeyri-hökumət təşkilatlarının hesabatlarında da yüksək qiymətləndirilmişdir.