AZ1066, İstiqlaliyyət küçəsi 19, Bakı, Azərbaycan

Azərbaycan Respublikası Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov "Azərbaycan" qəzetinə müsahibə vermişdir.

- Nazirlər Kabinetinin 2011-ci il 14 yanvar tarixli iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzunmüddətli iqtisadi inkişaf strategiyasını müəyyən edən proqram xarakterli çıxışı böyük rezonans doğurub. Dövlət başçısının nitqində toxunulan məsələlərlə bağlı dövlət orqanları qarşısında hansı vəzifələr qoyulur? - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan yeni sosial-iqtisadi inkişaf mərhələsinə daxil olur və korrupsiyaya qarşı mübarizə bu siyasətin tərkib hissəsidir. Ölkəmizin inkişaf prioritetləri sosial, iqtisadi, siyasi və hüquqi islahatların dərinləşdirilməsini, sosial-iqtisadi inkişafa mane olan neqativ halların, o cümlədən korrupsiyanın, sahibkarlığın fəaliyyətinə süni maneə yaradan yoxlamaların aradan qaldırılması və dövlət orqanlarının fəaliyyətində şəffaflığın təmin olunmasını zəruri edir. Yanvarın 14-də Nazirlər Kabinetinin iclasında çıxışı zamanı cənab Prezident Azərbaycanı, sözün əsl mənasında, inkişaf etmiş ölkəyə çevirmək kimi məqsədi və bu məqsədə çatmaq üçün siyasi, iqtisadi islahatların davam etdiriləcəyini bəyan etdi. Sosial ədalət prinsiplərinin bərqərar olması, ədalətli məhkəmə sistemi, dövlət orqanlarında şəffaflığın təmin edilməsi, ictimai nəzarət, demokratiya - inkişaf etmiş ölkələrin ölçü meyarlarıdır. Məhz bu meyarlar hər hansı bir dövləti inkişaf etmiş ölkə hesab etməyə əsas verir. Bununla cənab Prezident Azərbaycanın uzunmüddətli inkişaf strategiyasını müəyyənləşdirdi və özünün siyasi iradəsini ortaya qoydu. Nazirlər Kabinetinin iclasında cənab Prezident iqtisadiyyatın davamlı inkişafını təmin etmək məqsədilə qiymətlərin süni şəkildə qaldırılmasının qarşısının alınması, azad rəqabətin təmin edilməsi, inhisarçılıq meyillərinin, əsassız yoxlamaların, vergidən yayınma hallarının aradan qaldırılması, biznes mühitinin yaxşılaşdırılması kimi vəzifələr qoydu. Bürokratik əngəllərin aradan qaldırılması, korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması istiqamətində tədbirlərin gücləndirilməsi barədə ciddi tapşırıqlar verdi. Azərbaycan Respublikası Prezidentinin göstərişinə əsasən yanvarın 27-də Korrupsiyaya qarşı mübarizə komissiyasının geniş iclası keçirildi. Korrupsiyaya qarşı mübarizə komissiyasının sədri və Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev iclasda görülən işlər və qarşıya qoyulan vəzifələr barədə ətraflı məruzə ilə çıxış etdi, əhalinin narazılığına səbəb olan neqativ halların qısa müddətdə aradan qaldırılması zəruriliyini vurğuladı. Aidiyyəti dövlət orqanlarının rəhbərlərinə konkret tapşırıqlar verildi. - Korrupsiyanın mahiyyəti barədə nə deyə bilərsiniz? - Mahiyyət etibarilə korrupsiya öz xidməti mövqeyindən şəxsi məqsədlər üçün istifadə etmədir. O, həyat fəaliyyətinin bütün sahələrində - iqtisadi, siyasi, sosial və s. sahələrdə təzahür edə bilər. Bu problem bütün dövlətlərdə, hətta inkişaf etmiş dövlətlərdə də mövcuddur və onlar korrupsiyanın qarşısını almaq üçün müxtəlif metod və mexanizmlərdən istifadə edirlər və daim onları təkmilləşdirirlər. Korrupsiyanı doğuran səbəblər də müxtəlifdir, ölkədən ölkəyə fərqlənirlər. Burada iqtisadi, institusional, sosial-mədəni faktorlar xüsusilə seçilir. Eyni zamanda, ölkənin hansı tarixi inkişaf mərhələsində olması da korrupsiya ilə bağlı problemlərin xarakter və məzmununa öz təsirini göstərir. Məsələn, iqtisadi cəhətdən zəif olan ölkələrdə korrupsiyanın səviyyəsi də aşağı olur. Belə ki, bizim 10 il əvvəl üzləşdiyimiz korrupsiya problemləri ilə bugünkü korrupsiyanın xarakteri arasında fərqlər var. Bugünkü korrupsiya Azərbaycanın güclü iqtisadi inkişafından doğan amillərlə bağlıdır. Biz də digər inkişaf etmiş ölkələr kimi korrupsiyaya qarşı mübarizə üsullarını təkmilləşdiririk. Siyasi-iqtisadi islahatların həyata keçirilməsi, qanunların aliliyinin və dövlət orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsi hər bir dövlətin inkişafının əsasını təşkil edir. Ölkəmiz artıq özünün yeni iqtisadi inkişaf mərhələsinə daxil olmuş, hazırkı siyasi kurs insanların yüksək sosial rifahına nail olmağa yönəlmişdir. Azərbaycanın dinamik inkişafını təmin etmək üçün bu proseslərə mane olan faktorlara, xüsusilə korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni müstəviyə keçməlidir. Ona görə də müasir dövrdə korrupsiyaya qarşı effektiv mübarizə yeni metodların tətbiqini, şəffaflığın təmin edilməsini, məsuliyyət və nəzarət mexanizmlərinin gücləndirilməsini zəruri edir. Burada prioritet olaraq profilaktik - preventiv üsullardan və zənnimcə, yalnız son vasitə kimi repressiv tədbirlərdən istifadə edilməlidir. Başqa sözlə, korrupsiyaya qarşı mübarizə davamlı olmaqla, sistemli və kompleks xarakter daşımalıdır. - Bəzi kütləvi informasiya vasitələrində hökumət tərəfindən atılan addımların kampaniya xarakteri daşıdığı qeyd olunur. Hətta bəziləri bunu Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının dəyəri 1 milyard olan 4 illik korrupsiyaya və inhisarçılığa qarşı mübarizə, azad iqtisadiyyatın yaradılmasına dair qrant layihəsi ilə əlaqələndirirlər. Bu, doğrudanmı belədir? - Artıq qeyd etdiyim kimi, korrupsiyaya qarşı effektiv mübarizə tədbirlərin davamlı şəkildə görülməsini şərtləndirir. Barəsində danışdığımız tədbirlər bu gün başlamayıb. Nəzərə alsaq ki, korrupsiya istənilən cəmiyyətə xas bir təzahürdür, bu mübarizə həmişə olmuşdur. Azərbaycanda da korrupsiyaya qarşı mübarizə daim aparılmışdır. Belə ki, son 10 il ərzində ardıcıl olaraq bu istiqamətdə lazımi qanunvericilik və institusional baza yaradılmış və praktiki tədbirlər həyata keçirilmişdir. Hələ vaxtilə ümummilli liderimiz Heydər Əliyev korrupsiyaya qarşı mübarizə məqsədilə müvafiq fərman imzalamışdır. Onun təşəbbüsü ilə korrupsiyaya qarşı mübarizə haqqında qanun layihəsi Milli Məclisə göndərilmiş və 2004-cü ildə qəbul olunmuşdur. Qanunla eyni vaxtda müvafiq Dövlət Proqramı da təsdiq edilmişdir. Dövlət Proqramı korrupsiyaya qarşı mübarizə sahəsində normativ hüquqi aktların qəbul edilməsini, dövlət qulluğuna qəbul və dövlət orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsini, iqtisadi və sosial sahədə, dövlət orqanları, o cümlədən hüquq-mühafizə orqanlarının fəaliyyəti sahəsində tədbirlərin həyata keçirilməsini nəzərdə tutmuş, eyni zamanda, institusional mexanizmlər - korrupsiyaya qarşı mübarizə üzrə komissiya və baş prokurorun yanında korrupsiyaya qarşı mübarizə idarəsi yaradılmışdır. Dövlət Proqramının reallaşmasının nəticələri artıq özünü göstərir. Məsələn, konkret bir misal. 2005-ci ildən başlayaraq dövlət qulluğunun bütün sahələrində qulluğa qəbul şəffaflıq əsasında həyata keçirilir. Hər bir vətəndaş yalnız öz bilik və bacarıqlarına əsaslanaraq tam transparent şəraitdə dövlət qulluğuna qəbul edilir. Bu isə öz növbəsində dövlət orqanlarına etimadı artırır, digər tərəfdən isə korrupsiyaya qarşı mübarizəyə öz töhfəsini verir. Eyni zamanda, Azərbaycan korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq konvensiyalara da qoşulmuşdur. Hazırda ölkəmiz bu sahədə bütün beynəlxalq təşəbbüslərdə fəal iştirak edir, Avropa Şurası, ATƏT, İqtisadi Əməkdaşlıq və İnkişaf təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsi çərçivəsində İstanbul Fəaliyyət Planı, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü və digər beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Korrupsiyaya qarşı mübarizə tədbirlərinin davam etdirilməsi məqsədilə 2007-ci ildə "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya" qəbul edilmişdir. Milli Strategiya dövlət idarəçiliyində şəffaflığın artırılmasını əsas vəzifə kimi müəyyən etmişdir. Vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığa və tərəfdaşlığa xüsusi önəm vermişdir. Ölkəmizdə sahibkarlığın inkişaf etdirilməsi məqsədilə biznes mühitinin əlverişliyinin artırılması istiqamətində də xeyli işlər görülmüşdür. Biznesə başlamaq prosedurları sadələşdirilmiş, bir çox sahələrdə "bir pəncərə" prinsipi tətbiq edilməyə başlamışdır. Qeyd etdiyim tədbirlər bir çox beynəlxalq qurumlar, o cümlədən Dünya Bankı tərəfindən yüksək qiymətləndirilmişdir. Milli Strategiya çərçivəsində 2010-cu ildə elektron hökumətin inkişafı üçün xüsusi Dövlət Proqramı qəbul edilmişdir. Bu proqram Azərbaycanın müasirləşməsi ilə yanaşı, həmçinin korrupsiyaya qarşı mübarizədə öz töhfəsini verəcəkdir. Vətəndaşlar informasiya texnologiyalarının və internetin imkanlarından istifadə edərək dövlət orqanlarına müraciət edə biləcəklər. Bununla dövlət orqanları tərəfindən xidmətlər həm çevik, həm də vətəndaşlarla minimum əlaqə şəraitində həyata keçiriləcəkdir. Korrupsiyaya qarşı mübarizənin həyata keçirilməsində ən vacib şərtlərdən biri də ədalətli, qərəzsiz və müstəqil məhkəmə sisteminin qurulmasıdır. Son illər məhkəmə sistemində həyata keçirilən islahatlar belə neqtaiv halların aradan qaldırılmasına yönəlmişdir. Qanunvericiliyə edilən əlavələrə görə fiziki və hüquqi şəxslər hakimlər barəsində korrupsiya ilə əlaqədar hüquq pozmaları barədə birbaşa Məhkəmə-Hüquq Şurasına müraciət edə bilərlər. Bundan əlavə, yeni məhkəmə institutları yaradılmışdır. Məsələn, 2011-ci il yanvarın 1-dən yeni inzibati məhkəmələr fəaliyyətə başlamışdır. Qanun inzibati icraat çərçivəsində vətəndaşlar ilə dövlət arasında münasibətlərin tənzimlənməsinə, inzibati idarəçiliyin sadələşdirilməsinə və səmərəliliyinin artırılmasına xidmət edir. Qanunvericilik inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanların fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini müəyyən edir, həmçinin inzibati şikayətlər üzrə icraat, inzibati orqanların və vəzifəli şəxslərin məsuliyyətinə dair məsələləri nizama salır. Son bir neçə ildə aparılan islahatlar nəticəsində hakimlərin yeni şəffaf seçki və uzunmüddətli təhsil qaydaları tətbiq olunur. Regionlarda hüquq infrastrukturunun genişləndirilməsinə və əhaliyə göstərilən hüquqi xidmətin keyfiyyətinin artırılmasına xüsusi diqqət yetirilir. Digər bir məsələ, hakimlərin onların öz fəaliyyətlərinə görə məsuliyyətlərinin artırılması sahəsində də ciddi dəyişikliklər baş verir. Korrupsiyaya qarşı mübarizə sahəsində digər tədbirləri də göstərmək olar. Dövlət və bələdiyyə əmlakının və maliyyə vəsaitlərinin idarə olunmasında nöqsanların və korrupsiya hallarının qarşısını almaq, maliyyə vəsaitlərinin səmərəli xərclənməsinə nəzarəti gücləndirmək məqsədilə 2009-cu ildə Azərbaycan Respublikası Prezidenti fərman imzalayıb. Daha bir mühüm tədbir isə 2009-cu ildə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunun qəbul edilməsi və Maliyyə Monitorinqi Xidməti yaradılmasıdır. Xüsusilə son zamanlar Azərbaycan Respublikasının Prezidenti tərəfindən verilən fərmanlar və tapşırıqlar korrupsiyaya qarşı mübarizə sahəsində tədbirlərin daha da gücləndirilməsində onun siyasi iradəsini bir daha nümayiş etdirir. Ölkədə korrupsiyaya qarşı aparılan mübarizəni Dünya Bankının hansısa qrantı ilə əlaqələndirmək düzgün deyil. Biz bir çox sahələrdə, o cümlədən korrupsiyaya qarşı mübarizə sahəsində də beynəlxalq təşkilatlarla əməkdaşlıq edirik və belə əməkdaşlıq bundan sonra da davam edəcək. Lakin sizin qoyduğunuz sualla bağlı xüsusi olaraq vurğulamaq istəyirəm. Biz korrupsiyaya qarşı mübarizəyə dövlət siyasətinin tərkib hissəsi kimi baxırıq. Bir də diqqətə çatdırmaq istərdim ki, bu mübarizə bu gün başlamayıb, neçə illərdir gedir! Sadəcə, həyata keçirdiyimiz və bundan sonra da görəcəyimiz tədbirlər keyfiyyətcə yeni məzmun kəsb edir. Məqsədimiz isə ölkəmizdə yüksək sosial rifaha, iqtisadi inkişafı təmin edəcək qanunun aliliyinə nail olmaqdır. - Korrupsiyaya qarşı mübarizə və şəffaflığın təmin edilməsi sahəsində görülən son tədbirlər barədə nə deyə bilərsiniz? - Cənab Prezidentin tapşırığına əsasən dövlət orqanlarına müvafiq praktiki tədbirlərin görülməsi barədə göstərişlər verilmişdir. Korrupsiya, süründürməçilik, qeyri-şəffaflıq, sahibkarların əsassız yoxlama hallarına qarşı mübarizə prinsipial xarakter almışdır. Görülən işlərin müsbət nəticələrini vətəndaşlarımız da öz müraciətlərində qeyd edir. Artıq Azərbaycan Respublikasının Prezidentinə, Prezident Administrasiyasına, Korrupsiyaya qarşı mübarizə komissiyasına bütün regionlardan çoxsaylı təşəkkür məktubları daxil olmuşdur. Praktiki tədbirlər sırasında bütün dövlət orqanlarında alınan rüsumların siyahısı www.rusum.az saytında öz əksini tapmışdır. Bundan əlavə, müvafiq dövlət orqanları da öz saytlarında onlara aid rüsumların siyahısını vermiş və həmin rüsumların avtomatik hesablanması üçün kalkulyatorlar müəyyən edilmişdir. Eyni zamanda, gömrük, vergi və ədliyyə orqanlarında rüsumlarla bağlı müvafiq elektron məlumat tabloları yerləşdirilmişdir. Görülən tədbirlər sırasında diqqətinizi bir neçə sənədə yönəltmək istərdim. Normativ hüquqi aktların və onların layihələrinin məcburi korrupsiya əleyhinə ekspertizasının keçirilməsi "Normativ hüquqi aktlar haqqında" yeni Konstitusiya qanununda nəzərdə tutulmuşdur. Avropa Şurasının Korrupsiyaya qarşı mübarizə aparan Dövlətlər Qrupunun (GRECO) tövsiyələri nəzərə alınmaqla Cinayət Məcəlləsinə bir sıra dəyişikliklərin edilməsi haqqında qanun layihəsi hazırlanmışdır. Qanun layihəsində bir sıra korrupsiya cinayətlərinin dispozisiyaları təkmilləşdirilir, korrupsiya cinayətlərinin subyekti olan vəzifəli şəxslərin siyahısı daha dəqiq təsbit olunur. Sahibkarlıq sahəsində ararılan yoxlamaların vahid məlumat reyestrinin forması və ararılması qaydası haqqında əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin fərmanı əsassız yoxlamaların qarşısını almaq, aparılan yoxlamalara nəzarət etmək üçün bu sahədə vahid məlumat reyestrinin formalaşdırılmasını və sahibkarlıq fəaliyyəti subyektləri barədə məlumatların yoxlayıcı orqanlar tərəfindən real vaxt rejimində Ədliyyə Nazirliyinə ötürülməsini və daim təzələnməsini nəzərdə tutur. Eyni zamanda, görülən tədbirlərlə yanaşı, dövlət qulluqçularının sosial təminat problemləri də diqqət mərkəzindədir. Daxili İşlər Nazirliyinin yol patrul xidməti əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə "Yol hərəkəti haqqında" qanunun müddəalarının pozulmasına görə ödənilən cərimələrdən daxil olan vəsaitin 25 faizi yol patrul xidməti əməkdaşlarının aylıq vəzifə maaşlarına əlavə kimi veriləcəkdir. Yol polisi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi ilə yanaşı, onların qarşısına xidmətlərini müasir dövrün tələblərinə uyğun qurmaq, fəaliyyətlərində şəffaflığı artırmaq, informasiya texnologiyalarının son nailiyyətlərindən və qabaqcıl beynəlxalq təcrübədən istifadə etmək vəzifəsi qoyulmuşdur. Habelə Nazirlər Kabinetinə inzibati xətalara görə cərimələrin yalnız bank və ya plastik kart vasitəsilə ödənilməsini təmin etmək üçün qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsi barədə təkliflərin hazırlanması tapşırılmışdır. Qanunvericiliyə bu dəyişikliklər edildikdən sonra polis əməkdaşları tərəfindən cərimələrə görə hər hansı formada nağd şəkildə pul qəbulu qadağan ediləcəkdir. Bütün yol polisi əməkdaşları POS - terminallarla təmin ediləcək və xəta törətmiş şəxslərə dərhal yerindəcə plastik kart vasitəsilə cəriməni ödəmək imkanı veriləcəkdir. Plastik kart vasitəsilə cəriməni ödəyə bilməyən şəxslərə sürücülük vəsiqələri alınmadan cərimə barədə qəbzlər təqdim ediləcək və onlar istənilən bank vasitəsilə həmin cəriməni ödəyə biləcəkdir. Eyni zamanda, burada sürücülərin də məsuliyyəti artmalıdır. Belə ki, ödənişi vaxtında həyata keçirməyən sürücülər barədə daha ciddi tədbirlər görüləcək və ödəmələr məcburi qaydada həyata keçiriləcəkdir. Azərbaycan Respublikası Prezidentinin Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında fərmanına əsasən gömrük əməkdaşlarının sosial müdafiəsini gücləndirmək məqsədilə gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 25 faizi əməkdaşların aylıq vəzifə maaşlarına əlavə kimi veriləcəkdir. Eyni zamanda, Dövlət Gömrük Komitəsinə, Daxili İşlər və Ədliyyə nazirliklərinə tapşırılmışdır ki, Azərbaycan Respublikası ərazisinə idxal edilən nəqliyyat vasitələrinin ölkəyə daxil olduğu vaxtdan etibarən qanunvericiliklə nəzərdə tutulmuş bütün hüquqi prosedurların vahid bir məkanda, sadələşdirilmiş və sürətləndirilmiş şəkildə həyata keçirilməsini təmin etsinlər. Yəni, ölkəyə nəqliyyat vasitəsi gətirmiş şəxs gömrük rəsmiləşdirilməsindən başlayaraq nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılmasına, dövlət qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyatı nişanının alınmasına, nəqliyyat vasitəsinin istifadəyə verilməsinədək bütün mərhələləri bir məkanda və qısa müddətdə etmək imkanına malik olacaqdır. Bundan əlavə, Dövlət Gömrük Komitəsinə göstəriş verilmişdir ki, bütün gömrük ödənişlərinin yalnız bank və ya plastik kart vasitəsilə alınmasını təmin etsin, gömrük orqanlarında göstərilən xidmətlərin operativliyini və şəffaflığını artırmaq məqsədilə müraciət edən şəxslərin qəbul edilməsi zamanı "elektron növbə" sistemini tətbiq etsin. - Əlavə daha hansı tədbirlərin görülməsi nəzərdə tutulur? - Görüləcək tədbirlər sırasında bir neçəsini qeyd edə bilərəm. Məsələn, bu yaxınlarda www.etika.az portalı da fəaliyyətə başlayacaq. Portal dövlət qurumları tərəfindən göstərilən xidmətlər zamanı vətəndaş və dövlət qurumları arasında yaranan etik münasibətlərlə əlaqədar maarifçilik və məlumatlandırmanı həyata keçirəcəkdir. Saytda bütün dövlət orqanlarının etik davranış qaydaları yerləşdiriləcək. Bundan əlavə, vətəndaşların dövlət orqanlarına daha rahat müraciət etməsi üçün dövlət qurumlarının saytlarına keçidlər və müraciət etmək üçün telefonlar, elektron poçt ünvanları da yerləşdiriləcəkdir. Yaxın günlərdə Baş Prokurorluqda mərkəzi və yerli icra hakimiyyəti orqanları tərəfindən yol verilən korrupsiya və sui-istifadə halları ilə bağlı məlumatların operativ qəbul edilməsi məqsədilə "Qaynar xətt" istifadəyə veriləcəkdir. Şəxsiyyət vəsiqələrinin, ümumvətəndaş pasportlarının, sürücülük vəsiqələrinin və digər hüquqmüəyyənedici sənədlərin alınması üçün, habelə dövlət orqanları tərəfindən göstərilən xidmətlərlə əlaqədar tələb edilən sənədlərin internet vasitəsilə qəbulunun təşkili üçün müvafiq sistemin yaradılması, əhaliyə müvafiq dövlət qurumları tərəfindən bilavasitə xidmət göstərildiyi bütün yerlərdə hər xidmətə görə qanunla nəzərdə tutulmuş dövlət rüsumlarının və digər haqların məbləğinin lövhələrdə yerləşdirilməsi məqsədəuyğun olardı. Belə ki, artıq növbəti iki-üç ay ərzində Ədliyyə Nazirliyinin qeydiyyat və notariat orqanlarında sənədlər barədə məlumatları özündə əks etdirən elektron köşklər quraşdırılacaqdır, vətəndaşlar bu köşklərin məlumat bazasına daxil olmaqla lazımi sənədlər və ödənilməli olan dövlət rüsumu barədə məlumat əldə edə biləcək, eyni zamanda, müvafiq xidmətlər üçün pul ödənişləri də bu köşklər vasitəsilə həyata keçiriləcəkdir. Bundan əlavə, yaxın zamanlarda tələb olunan sənədlərin siyahısı və rüsumlar barədə məlumatlar Ədliyyə Nazirliyinin saytında da yerləşdiriləcəkdir. Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə sahəsində digər tədbirlərin də görülməsi nəzərdə tutulur. Sonda bir daha təkrar etmək istərdim: bu tədbirlər sistemli və kompleks xarakter daşıyır. Korrupsiyaya qarşı mübarizə cənab Prezidentin iradəsidir. Bütün dövlət orqanları öz vəzifələrinə məsuliyyətlə yanaşmalı, peşə və etik davranış qaydalarına riayət etməli və mövcud nöqsanlarla ciddi mübarizə aparmalıdırlar. "Azərbaycan" 03.03.2011