AZ1066, İstiqlaliyyət küçəsi 19, Bakı, Azərbaycan

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluğu tərəfindən birgə əməliyyat keçirilmişdir.

Korrupsiyaya qarşı mübarizə, vəzifəli şəxslərin səlahiyyətlərindən sui-istifadə hallarının qarşısının alınması həmişə dövlətimizin diqqət mərkəzindədir. Azərbaycan Respublikasının aidiyyəti dövlət strukturları və hüquq mühafizə orqanları tərəfindən vətəndaşların hüquq və mənafelərinin qorunması üzrə, xüsusən də mühüm sosial prinsiplər olan ədalətliliyin və bərabərliyin pozulmasına səbəb olan korrupsiyanın təhlükəli təzahürlərindən biri - rüşvət alma ilə bağlı hüquqpozmalara qarşı mübarizə ardıcıl və sistemli surətdə davam etdirilir. Bu günlərdə Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluq tərəfindən birgə həyata keçirilmiş tədbir nəticəsində Azərbaycan Kooperasiya Universitetinin rektorunun köməkçisi Məmmədov Rövşən Oruc oğlu rüşvət alarkən cinayət başında yaxalanmışdır. Azərbaycan Respublikasının vətəndaşı (şəxsin adı və soyadı özünün xahişi ilə açıqlanmır) Milli Təhlükəsizlik Nazirliyinə ərizə ilə müraciət edərək, oğlunun Azərbaycan Kooperasiya Universitetinin birbaşa 2-ci kursuna qəbul olunması üçün həmin təhsil müəssisəninin rektorunun köməkçisi Rövşən Məmmədovun ondan 21 min manat rüşvət istədiyini bildirmiş və sonuncunun ifşası üçün kömək etməyə hazır olduğunu göstərmişdir. Müvafiq əməliyyat-texniki tədbirlər və istintaq hərəkətləri nəticəsində Rövşən Məmmədov ərizəçidən 21 min manat pulu rüşvət alarkən cinayət başında yaxalanmışdır. Sonuncunun xidməti avtomobilinə keçirilmiş baxış zamanı üzərində müxtəlif şəxslərin imtahan verməsi və universitetə qəbul olunması kimi qeydlər aparılmış 57 min 500 manat pul vəsaiti aşkar olunmuşdur. Həmin fakt üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə cinayət işi başlanmış və Rövşən Məmmədov təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluq tərəfindən birgə həyata keçirilmiş digər tədbir nəticəsində Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Qobustan rayon şöbəsinin müdiri Hüseynov Azər Ələkbər oğlu rüşvət alarkən cinayət başında yaxalanmışdır. Belə ki, Azərbaycan Respublikasının vətəndaşı (həmin şəxsin adı və soyadı özünün xahişi ilə açıqlanmır) Milli Təhlükəsizlik Nazirliyinə ərizə ilə müraciət edərək, Dövlət Sosial Müdafiə Fondunun Qobustan rayon şöbəsinin müdiri Azər Hüseynovun uzun müddət onun xəstə anasının adına olan və aylıq pensiya ödənişlərinin alınması üçün nəzərdə tutulan plastik kartı verməkdən imtina etdiyini, kartın yalnız 300 manat rüşvət müqabilində təqdim olunacağını bildirdiyini göstərmişdir. Həyata keçirilmiş müvafiq əməliyyat-texniki tədbirlər və istintaq hərəkətləri nəticəsində Dövlət Sosial Müdafiə Fondunun Qobustan rayon şöbəsinin inzibati binasının xidməti otağında həmin ərizəçidən 200 manat pulu rüşvət alarkən Azər Hüseynov cinayət başında yaxalanmışdır. Keçirilən baxış nəticəsində Azər Hüseynovun üzərindən 3 min 420 manat nağd pul, ayrı-ayrı şəxslərin adına olan 6 ədəd plastik kart, habelə şöbənin mühasibatlığında 1436 ədəd plastik kart və həmin kartlara məxsus pin kodlar aşkar olunmuşdur. Bununla yanaşı, Azər Hüseynovun ərizəçinin anasının iki aylıq pensiya ödənişlərini mənisəməsi faktı da müəyyən edilmişdir. Fakt üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işləri başlanmış və Azər Hüseynov təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Hazırda hər iki iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir. (Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluğun məlumatı)